
Bank müştərilərinə qarşı kiberdələduzluq halları günümüzün əsas problemlərindən birinə çevrilib. Demək olar ki, hər gün kimsə kiberdələduzlara inanıb fərdi məlumatlarının onların əlinə keçməsinə şərait yaradır və sonra da bunun ziyanını çəkir.
Etibarlı bankınız ABB müştəriləri belə vəziyyətlərdən qorumaq, onları bu mövzuda mümkün qədər maarifləndirmək üçün gündəlik təcrübədə ən çox təsadüf edilən kiberdələduzluq hallarının siyahısını hazırlayıb.
Oxuyaq, mümkün qədər paylaşaq, özümüzü də qoruyaq, başqalarını da...
- Bank işçisi adından zəng gələndə sayıqlığı itirməyin!
Bir çox hallarda dələduzlar bank işçisi adı ilə zəng edirlər. "Bank tərəfindən hansısa şübhəli əməliyyatın aşkarlanması", yaxud "Sistemdə çətinliklərin yaranması" bəhanəsi ilə guya hesabdakı pullarınızı qorumaqdan ötrü sizdən məxfi məlumatlarınızı istəyirlər. Eşidin, amma inanmayın. Bu məlumatları (kartın üzərindəki 16 rəqəmi), CVV və ya CVC kodunu, SMS-lə daxil olan OTP kodunu, yaxud "Onlayn bank"a giriş şifrənizi) heç bir halda kiminləsə bölüşməyin. Bilin ki, həmin məlumatların hamısı bankda var. Ehtiyac yarananda, bank işçisi sizə zəng etmədən də özü bütün lazımi əməliyyatları həyata keçirir.
Dələduzluq əməllərinə şübhə yarandıqda bank əməkdaşı çox az xüsusi hallarda müştəriyə zəng edə bilər. Amma bu zaman yalnız müvafiq əməliyyatın məhz müştərinin özü tərəfindən həyata keçirilib-keçirilmədiyi soruşulur. Hansısa rəqəmlərin və ya kodların təqdim edilməsi isə qəti şəkildə istənilmir. Əgər kimsə bu məlumatları da öyrənmək istəyirsə, bilin və agah olun ki, bank əməkdaşı ilə yox, dələduzla danışırsınız.
- Yaxınlarınızdan təcili pul xahişi gələndə dəqiqləşdirmə aparın!
Müəyyən hallarda dələduzlar ayrı-ayrı şəxslərin “WhatsApp”, “Telegram”, “Instagram” və başqa sosial şəbəkə hesablarını ələ keçirib onların hesabından yaxın adamlara yazmağa başlayırlar. Çətin vəziyyətdə olduqlarını, təcili olaraq pula ehtiyaclarının yarandığını bildirib, müvafiq kart nömrəsinə vəsait göndərilməsini xahiş edirlər. Belə hallarla rastlaşanda mütləq diqqətli olun! Necə? Sizə yazmış şəxsin mobil nömrəsinə zəng edin. Dəqiqləşdirib görün, yazan həmin şəxsin özüdür, ya yox?! Hətta mobil nömrədən gələn bu məzmunda zənglərə də dərhal inanmayın. Ola bilər ki, dələduzlar Sizi həyəcanlandırıb, təşvişinizdən istifadə etmək istəyirlər.
- Hesabınıza səhvən pul köçürdüyünü deyənlərə inanmayın!
Bu da tez-tez istifadə edilən tələdir. Bəzən müştəriyə zəng edib, yaxud SMS göndərib iddia edirlər ki, guya hesabınıza səhvən pul köçürüblər və indi həmin məbləği geri qaytarmaq lazımdır. Bilin ki, bu, bir dələduzluq üsuludur. Pulu köçürsəniz, onu geri qaytarmaq mümkün olmayacaq. Balansınızı yoxlamadan, daha sonra bankla əlaqə saxlamadan həmin şəxslərə heç bir köçürmə əməliyyatı etməyin.
- Endirim və hədiyyə təkliflərini araşdırın!
Sosial şəbəkələrdə cərimə ilə bağlı endirimlər, şirnikləndirici investisiya imkanları, ucuz qiymətə elektronika məhsulları, təyyarə biletləri, hədiyyə kartları və s. ilə bağlı təkliflər görəndə mütləq əlavə araşdırmalar aparın. Həmin fürsətləri təqdim edən qurumların rəsmi veb-səhifələrinə baxın.
- Hər “xoş xəbər”ə sevinməyin!
Bir də görürsünüz, sizə zəng edib, ya da SMS, sosial media hesablarınızdan mesaj göndərib, təbrik edib lotereya qalibi olduğunuzu, hansısa uduşlu oyunda hədiyyə qazandığınızı deyirlər. Sonra isə hədiyyə məbləğini hesabınıza köçürmək üçün məxfi məlumatlarınızı istəyirlər. Təbrikə görə təşəkkür edib, bildirin ki, bununla bağlı əvvəlcə bankınıza məlumat verməlisiniz. Və dərhal sağollaşıb bankla əlaqə saxlayın.
- Şübhəli lotereya oyunlarına qoşulmayın!
Hərdən də sizə elektron məktub və ya SMS-lə link göndərib təklif edirlər ki, lotereya, yaxud mərc oyununa, uduş kampaniyasına qoşulasınız. İnternetdə də tez-tez bu cür reklamlar rastınıza çıxır. Bu anlarda son dərəcə diqqətli olub. Araşdırmadan əsla bu linklərə keçid etməyin. Çünki onların çoxu saxtadır. Şəxsi məlumatlarınızı bura daxil etməklə qalib olmaq şansı qazanmırsınız, öz məlumatlarınızı dələduzlarla bölüşürsünüz. Üstəlik, bəzi oyunlarda iştirak üçün müəyyən məbləğdə ödəniş də istəyə bilərlər.
- Mobil cihazınızı qoruyun!
"Google Play", "App Store" və "Microsoft Store"dan yalnız rəsmi tətbiqləri yükləyin. İnternetdə alış-veriş üçün pul ödəyərkən veb-saytların ünvanını diqqətlə yoxlayın. Domen adı saytın rəsmi adı ilə tam uyğun gəlmirsə, məlumatları qətiyyən daxil etməyin. Bu, təhlükəlidir. Yaxşı olar ki, brauzerdə saxta saytların bloklanması funksiyasını da aktivləşdirəsiniz.
Özünü hər hansı təşkilatın əməkdaşı olaraq təqdim edib, cihazınıza mobil tətbiq yüklətdirmək istəyən şəxslərdən də uzaq durun. Cihazınızı kənar şəxslərə verməyin. Əgər cihazınıza rəsmi mənbələrdən yüklənməyən tətbiqlər yüklənibsə, onları dərhal silin. Yoxsa cihazınızın idarəetməsi, daxil etdiyiniz kart məlumatları, şifrələr, sosial şəbəkə hesablarınız başqa əllərə keçə bilər. Mobil cihazınıza qəfildən belə bir tətbiqin yükləndiyini görsəniz və cihazınızın idarəetməsini itirsəniz, dərhal WiFi şəbəkəsini söndürün. Əgər internetə GSM-lə bağlanmısınızsa, SIM kartı cəld cihazınızdan çıxarın.
- Təhlükəsiz internet şəbəkəsinə qoşulun!
Onlayn bank xidmətlərindən ictimai WI-FI şəbəkəsində (məsələn, kafe-restoranlarda, parklarda, ictimai nəqliyyatda və s.) istifadə etməyin. Başqa şəxslərə aid kompüterlərdən, mobil cihazlardan da bank hesablarınıza daxil olmayın. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizə əmin olun.
- Şirnikləndirici alış təkliflərinə aldanmayın!
Elan saytlarında satış elanı yerləşdirmisiniz?! Xeyirli olsun! Amma satdığınız əmlakın, əşyanın yalnız internetdə şəklini görüb beh ödənişi üçün kart məlumatlarınızı istəyən şəxslərdən uzaq durun. Bu məlumatları onlarla bölüşməyin. Real alıcıdırsa, yerində baxıb ödənişini edəcək. Kimsə satdığınız əmlakın, əşyanın sadəcə şəklinə baxıb alış qərarı verirsə, üstəlik beh ödəmək üçün kart məlumatlarınızı istəyirsə, dərhal düşünün ki, siz özünüz belə edərdinizmi?! Əgər belələri varsa, deməli, bu, fırıldaq ola bilər.
- Hesabınızı nəzarətdə saxlayın!
Bankın mobil tətbiqini yükləyib istifadə edin. Kart, depozit və digər hesablarınız üzrə əməliyyat tarixçələrini mütəmadi yoxlayın. 3D təhlükəsizlik xidmətinin aktivliyinə əmin olun. Əməliyyatlar haqqında anında məlumat almaq üçün SMS-bildiriş xidmətini aktivləşdirməyiniz də məqsədəuyğundur. Əgər özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı bloklaşdırın və banka bu barədə məlumat verin.
- Bankın sizdən hansı məlumatları istəyə biləcəyindən agah olun!
Bank işçisi istənilən telefon söhbəti zamanı müştərilərdən yalnız müştəri eyniləşdirməsi üçün lazım olan az sayda məlumatları istəyə bilər. Bura daxildir: müştərinin bank identifikasiya kodu (CİF), kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN kodu və s. Bundan başqa, bank əməkdaşı sizdən heç bir məlumat istəmir.
Bank, şəxsi məlumatlarınızı daxil etmək üçün heç bir forma/link, şəxsi məlumatların təsdiqlənməsi, yenilənməsi və ya təqdim edilməsi tələbi ilə SMS, yaxud elektron məktub da göndərmir. Bank işçiləri heç vaxt müştərilərdən məxfi məlumatları (kartın tam nömrəsi, PİN, SMS və CVV/CVC kodları və s.) istəmir və kartlarla əməliyyatların aparılmasını tələb etmirlər.
Müştəri xidmətləri strukturlarında mobil nömrə dəyişikliyi zamanı düzgün nömrənin qeyd edilməsini yoxlamaqdan ötrü sizə birdəfəlik şifrə (OTP) göndərilə bilər. Bu halda əməliyyatçı yalnız yeni təyin edilən mobil nömrəyə daxil olan birdəfəlik şifrəni səsləndirməyinizi istəyəcək.
- ABB mobile tətbiqindən istifadə edin!
Çünki ABB mobile tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO:IEC 27001:2022 təhlükəsizlik sertifikatına malikdir. Tətbiq Codevo sistemindən istifadə edir. Telefona viruslar, zərərli proqramlar daxil olduqda bu sistem onların ABB mobile-a keçidinin qarşısını alır, bank məlumatlarının dələduzların əlinə keçməsinə imkan vermir. Sistem zərərli cəhdləri də bloklaşdırır, müştərinin cihazını avtorizə edilməmiş kənar zərərli müdaxilələrdən qoruyur.
Bundan başqa, bank adından satış məqsədli zənglər ediləndə hər zəngdən əvvəl müştərinin mobil telefonunda belə bir zəngin ediləcəyi barədə bildiriş görünür. Beləliklə, müştəri zəngin bankdan edildiyinə tam əmin olandan sonra ona cavab verə bilir.