Geri qayıtmaq

Nihat Şenyuva: “ABB-də informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var”

04.06.2020

Son dövrlər ABB innovasiyalar sahəsində bir sıra maraqlı layihələr həyata keçirməkdədir. Bank ən yaxşı rəqəmsal təcrübə ilə tanınmağı özünün strateji hədəflərindən elan edib. Bu isə, təbii ki, digər zəruri addımlarla yanaşı, həm də informasiya texnologiyaları sahəsində əsl peşəkarları cəlb etməklə mümkündür. Bankın informasiya texnologiyaları üzrə Baş direktoru Nihat Şenyuva ilə söhbətimiz də elə bu mövzudadır...

-Nihat bəy, bildiyimiz qədər, ABB-də rəqəmsal transformasiya prosesləri başlanıb. Bu proses hazırda necə davam etdirilir?

-Rəqəmsal transformasiya layihələri bankın peşəkar komandası və bir çox fərqliölkələrdən dəvət edilmiş təcrübəli mütəxəssislərin iştirakı ilə fəal şəkildə icra olunmaqdadır. Bu sahə bank menecmenti üçün əsas prioritetlərdəndir. Proses gündəlik nəzarətdədir. Nəticələr mütəmadi təhlil edilir. Növbəti mərhələlər diqqətlə planlaşdırılır. Ümid edirəm ki, bu istiqamətdə həyata keçirilən davamlı tədbirlər nəticəsində ABB yaxın gələcəkdə ümumən regionun ən rəqəmsal və çevik bankı olacaq.

-COVİD-19-dan sonra gələcəyin bankçılığını necə görürsünüz?

-Dünyamız rəqəmsallaşma trendləri ilə çox qarışıq, qeyri-müəyyən bir dövrə daxil olub. COVİD-19 isə bu prosesi daha da sürətləndirdi. Yeni dönəmdə qurumları bir-birindən fərqləndirən əsas cəhətlər dəyişən vəziyyətlərə sürətli uyğunlaşma, adekvat davranış bacarıqları olacaq. Bu baxımdan, bank sektoru COVİD-19 dövründə özünü doğrulda bildi, böhran durumlarına ən hazırlıqlı sektorlardan biri kimi göründü.

Dəyişən reallıqlara Agile şəkildə adaptasiya oluna bilən, fərqli platforma və ekosistemləri inteqrasiya edərək qüsursuz rəqəmsal müştəri təcrübəsi formalaşdıran banklar fikrimcə, gələcəyə də yön verən biznes subyektləri olacaqlar. Rəqəmsal bankçılıq həlləri, məsafədən xidmət imkanları ilə banklar və müştərilər bundan sonra həm zaman, həm məkan baxımından daha müstəqilləşəcəklər. Biz də bütün bu reallıqları ABB-nin yeni dönəmdəki fəaliyyətində nəzərə alırıq.

-Bazar, müştərilər innovativ dəyişikliklərə necə hazırlanmalıdırlar?

-Hər hansı innovativ məhsul və xidmətin müştəriyə faydasını sadəcə hiss etdirmək yetər. Müştərilər faydasını gördükləri məhsul və xidmətləri çox sürətli şəkildə həyatlarına daxil edib ondan istifadə etməyə meyllidirlər. Bunu COVİD-19 dövründə də müşahidə etdik. Bir çox sektorlar məhz müştərilərin təcrübəsinə əsaslanaraq bu prosesdə adaptasiya proseslərini sürətlə həyata keçirə bildilər. Onlayn videokonfransların təşkili, pərakəndə satış sahəsində evə çatdırma xidmətinin yayılması, elektron ticarət istiqamətindəki artımlar və s. buna nümunədir.

Cəmiyyətdəki müəyyən bir yaş qrupunun rəqəmsal məlumatlılıq səviyyəsi, təcrübəsi artıq yetərincə yüksəkdir. Bu da təbii ki, tələbləri yuksəldir. Fikrimcə, yeni dönəmdə Agile - çevik iş üslubu daha da güclənəcək. Əməkdaşların rəqəmsal iş təcrübəsi artdığı kimi müştərilər də rəqəmsal vərdişlərini inkişaf etdirəcəklər. Pandemiyadan sonra texnoloji yönümlü məhsulların sayı artacaq. Bir sözlə, artıq rəqəmsal çağa keçirik. Hər bir sektorda bu transformasiyanın baş verdiyini görəcəyik. Pərakəndə bankçılıqda, turizm və başqa sektorlarda Uber, Airbnb və s. bu kimi innovasiyalar meydana çıxa bilər.

-Belə bir innovativ inkişaf fonunda bu gün ABB-də informasiya texnologiyaları mütəxəssisləri üçün hansı maraqlı yeniliklər baş verir?

-Bankda bu sahədə yeni təşkilati struktur formalaşdırılıb: Digital Lab, İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları departamentləri yaradılıb.

Development team üçün açıq məkan ofisi istifadəyə verilib. İşçilərin rahatlığı, produktiv işi üçün lazımi şərait yaradılıb. Software Development prosesləri yenidən dizayn edilib. Yeni metodologiyaların və texnologiyaların tətbiqinə başlanıb. Bu ilin əvvəlindən Agile metodologiyası tətbiq edilməkdədir. İl ərzində DevOps təcrübələrinə və alətlərinə start veriləcək. İnformasiya texnologiyaları infrastrukturunun əsaslı modernizasiyası üzrə silsilə layihələr, təşəbbüslər də nəzərdə tutulub.

Onu da qeyd edim ki, ötən ilin sentyabrında yaradılmış ABBTech Akademiyasının məzunlarından bir qrupu artıq bankda işə götürülüb. Onlar Core development komandasına uğurla uyğunlaşıblar. Mentorluq proqramları indi də aktiv şəkildə davam etməkdədir.

-Bu bankda çalışmağın informasiya texnologiyaları mütəxəssisləri üçün əsas üstünlükləri nələrdir?

-İnformasiya texnologiyaları sahəsinə yenicə gələn mütəxəssislər üçün yeni texnologiyalarla işləmək, gənc kollektiv və professional liderlərlə çalışmaq böyük maraq kəsb edir. Əslində, belə dinamik mühitə düşməyin özü inkişaf üçün çox gözəl şansdır. Əminliklə deyə bilərəm ki, ABB-də informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var. Müasir açıq məkan ofisi, rahat iş mühiti, istirahət zonası, şəffaf kommunikasiya, Onboarding mərhələsində və sonrakı dönəmlərdə tam dəstək, gənc və mehriban kollektiv, peşəkar rəhbərlər informasiya texnologiyaları mütəxəssisləri üçün ABB-də çalışmağın əsas üstünlükləri sayıla bilər.

-Bankın informasiya texnologiyaları komandası hansı meyarlar əsasında formalaşır?

-ABB-də İnformasiya texnologiyaları departamentinin təməli 1995-ci ildə qoyulub. Bu, 25 illik böyük bir təcrübə deməkdir. Komandamız yeniliklərə açıqdır. Yeni texnoloji trendləri izləyən və tətbiq edən fərdlərdən ibarətdir. Bankın İnformasiya texnologiyaları komandası, illərin təcrübəsini, normativ bilikləri, komanda ilə iş bacarıqlarını, mentorluq, liderlik, innovativlik, uzaqgörənlik kimi xüsusiyyətləri iş prosesinə birbaşa inteqrasiya edən menecment komandasının müəyyənləşdirdiyi əsas meyarlar üzrə formalaşır.

-Rəqəmsal layihələrə mütəxəssisləri necə cəlb edirsiniz?

-ABB-nin həyata keçirdiyi layihələrə mütəxəssislərin marağı böyükdür. Daxil olan müraciətlər əsasında dəyərlərimizə, peşəkar tələblərimizə və planladığımız layihələrə ən uyğun namizədləri seçib, professional bacarıqlarını sınaqdan keçirib, komandamıza cəlb edirik.

-Bank bu sahədə daha çox hansı istiqamətlər üzrə mütəxəssislər axtarır?

-Proqramçılıq – bura Frontend və Backend aiddir, QA Engineering, QA testing, PL/SQL development, DWH engineering, Data Analysis, iOS developer, DevOps engineering, Scrum Masters, System/Network administration və s.

-Kadrların peşəkar inkişafı üçün tədbirlər həyata keçirilir?

-Bəli, Onboarding müddətində hər bir yeni işçiyə mentorlar təyin olunur. Onlar, birbaşa əməkdaşların işləri, problemləri və ehtiyacları ilə yaxından maraqlanırlar. Rüblük hesabatlar və qiymətləndirmə də prosesin tərkib hissəsidir. Bütün işçilərin - istər yeni işçilər olsun, istər əvvəlki - bilik və bacarıqlarında aşkarlanan boşluqlar əsasında təlim və kvalifikasiya ehtiyacları müəyyən olunur. Rəhbərlər tərəfindən İnsan resursları departamentinə bununla bağlı müraciətlər təqdim olunur. Bu proses mütəmadi şəkildə icra olunaraq nəzarətdə saxlanılır. İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərimizin layihələrin təqdimatı, vaxtın idarə edilməsi, danışıqların aparılması, komanda işi və s. bu kimi sadə bacarıqlarının inkişafına, biznes biliklərinin artırılmasına da dəstək veririk.

Öz potensialını ABB-dəkı bərabər imkanlar mühitində reallaşdırmaq istəyən hər bir informasiya texnologiyaları mütəxəssisi müxtəlif kommunikasiya kanallarımız, o cümlədən LinkedIn və digər sosial şəbəkələrdəki karyera səhifələrimiz vasitəsilə bizə müraciət edə bilərlər.

Onlarla şəxsi LinkedIn profilim üzərindən ünsiyyətdən də məmnun olardım.  

ABB Mobile
YÜKLƏ