Əziz dostlar,
2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir. Bu il COP29 kimi mötəbər bir tədbirə də ev sahibliyi edəcəyik. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı Azərbaycan qarşısına hədəf qoyub.
Bütün bunlar beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimizin iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə səylərindən irəli gəlir.
Belə bir nəcib missiyaya mümkün vasitələrlə dəstək olmaq biznes qurumlarının da vəzifəsidir.
ABB olaraq dayanıqlı inkişaf məqsədlərimizə, “Vətəndaşlıq məsuliyyəti” dəyərimizə sadiqliyimizlə biz də bu işə töhfə verməyə çalışırıq.
Azərbaycan təbiətinin özünəməxsusluğunu göstərən bu səhifəni də belə bir məqsədlə yaratmışıq.
Səhifə Sizi Vətənimizin füsunkar gözəlliklər dünyasına maraqlı bir səyahətə aparacaq.
Bu səyahətə birlikdə başlayaq, təbiət incilərimizi yenidən kəşf edək, yaşıl dünya naminə həmrəy olaq...
- Şabalıdyarpaq palıd (lat. Quercus castaneifolia)
Azərbaycanın İsmayıllı, Quba, Xaçmaz, Tərtər, Şəmkir, Şamaxı, Bərdə, Lənkəran, Astara, Masallı rayonlarında yayılıb. Hündürlüyü 40-45 metrə, gövdəsinin diametri 100-150 sm-ə çatır. Çadırabənzər və ya enli-piramidal çətirlidir. Yarpağının uzunluğu 19-20 sm, eni 4-8 sm olur. Aprel-may aylarında çiçəkləyir. Külək vasitəsilə tozlanır. Meyvəsi ləpəli qozadır. Qozalar sentyabr-oktyabr aylarında yetişir. İsti, işıqsevən, torpağın münbitliyinə çox tələbkar, şaxtaya, quraqlığa az davamlıdır. "Qırmızı kitab"a daxildir.
- Talış qırqovulu (lat. Phasianus colchicus talischensis)
XX əsrin 50-ci illərinə qədər Lənkəran ovalığında, Salyan düzənliyində və Talış dağlarının ətəklərində yayıldığı göstərilib. Hazırda yalnız Talış dağlarının orta və aşağı qurşaqlarında qalıb. Azərbaycandan kənarda bu yarımnövün yayıldığı ərazi İranın Xəzərsahili əyalətləridir.
Taxıl sahələrinə və üzüm plantasiyalarına yaxın kolluqlarda yaşayır. Oturaqdır, gündüz fəal olur. Dişisi yuvada 9-21 yumurta qoyur. Mayın ikinci yarısında və iyunun əvvəllərində körpə cücələri müşahidə edilir. Həşərat, bitki toxumları, meyvə və giləmeyvələrlə qidalanır. "Qırmızı kitab"a daxildir.
- Qara leylək (lat. Ciconia nigra)
XX əsrin birinci yarısında Kür çayının deltası ilə Lənkəran ovalığı və Salyan düzü arasında çox yayılıb. Hazırda Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində tək-tək fərdlərinin yaşadığı güman edilir. Göllərə, çaylara, sututarlara və digər su hövzələrinə yaxın ərazilərdə yaşayır. Azərbaycana nəsil vermək üçün martın əvvəllərində gəlir, hündür ağaclarda yuva qurur, sentyabrda köçüb gedir. Balıqlar və az miqdarda suda-quruda yaşayan heyvanlarla, quşlarla qidalanır. "Qırmızı kitab"a daxildir.
- Turac (lat. Francolinus francolinus)
Köçəri olmayan nadir quş növüdür. Lənkəran ovalığının şimal-şərqində (Qızılağac qoruğu), Kür-Araz düzənliyinin ayrı-ayrı hissələrində daha çox yayılıb. Kolluq bitkiləri ilə örtülü sahələrdə, tarlalarda, bağ və meşələrdə tez-tez təsadüf edilir. Son illər Qızılağac Dövlət Təbiət Qoruğunda turacın böyük populyasiyası qeydə alınıb. Bir yaşında çoxalmağa başlayır. Dişisi 8-12 yumurta qoyur. Balaları mayın axırı – iyulun əvvəlində yumurtadan çıxır. "Qırmızı kitab"a daxildir.
- Asiya muflonu (lat. Ovis vignei)
Əsasən, dəniz səviyyəsindən 800-3500 m yüksəklikdə olan çılpaq dağların hamar çəmənliklərində dəstə halında yaşayırlar. Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində qeydə alınıb. Qafqazda 1200-1500, Azərbaycanda orta hesabla 450-800 başa qədər Asiya muflonunun olduğu güman edilir. Hazırda növün yayıldığı digər əsas ərazilər Cənubi-Şərqi Qafqaz, İranın Şimal Qərbi və Kiçik Asiyadır. Vaxtilə (1972 - 1974-cü illər) Azərbaycanda muflonların sayı 1200-1800 baş olub. "Qırmızı kitab"a daxildir.
- Qafqaz tetrası (lat. Lyrurus mlokosiewiczi)
Köçəri olmayan quşdur. Ümumən Qafqaz regionu üçün endemik növ sayılır. Azərbaycan ərazisində əsasən subalp qurşağında (1800–2400 m) yayılıb. Quba, Qusar, Qax, Oğuz, İsmayıllı rayonlarında lokal populyasiyaları müəyyən edilib. Tozağacı meşəlikləri və kolluqlar əsas yaşayış yeridir. "Qırmızı kitab"a daxildir.
- Dağ keçisi (lat. Capra)
Dağ keçisi Qafqaz regionunda yaşayan nadir heyvanlardandır. Onların iki növü məlumdur: Qərbi-Qafqaz və Şərqi Qafqaz dağ keçisi. Azərbaycandan başqa Rusiya və Gürcüstan ərazilərində təsadüf edilir. Dağ keçiləri, daha çox yüksək qayalıq ərazilərdə sürü halında yaşayır. Sürüdə 10-12 baş dağ keçisi olur. Onların əsas qidası müxtəlif bitkilər və alp çəmənliklərinin otlarıdır. Dişi dağ keçisi əsasən bir və ya nadir hallarda iki bala doğur. Dağ keçisinin balası bir gündə qayaya dırmaşmağa öyrəşir. "Qırmızı kitab"a daxildir.
- Berkut (lat. Aquila chrysaetos)
Azərbaycanda dəniz səviyyəsindən 1200 metr və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılıb. Qışda yem üçün aran rayonlarına da enmələri müşahidə edilir. Yaşayış yerləri müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, sıldırımlı qayalarda yuva düzəldir. Son hesablamalara əsasən, Azərbaycanda berkutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil. "Qırmızı kitab"a daxildir.
- Yaşılbaş ördək (lat. Anas platyrhynchos)
İlin bütün fəsillərində Xəzərin Azərbaycan hissəsinin sahil zonalarında rast gəlinir. Əsas yuvalama yerləri Qızılağac Dövlət Təbiət Qoruğunun və Şirvan Milli Parkının su hövzələri, Yenikənd subasarı, Xəzərin Abşeron – Qobustan sahil suları və Ağzıbir gölüdür. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələrində daha çox təsadüf edilir. Yaşayış yerləri qamışlıqlar və açıq su sahələridir. Yuvalarını su hövzələrindəki adacıqlarda, sıx qamış və qarğı kollarının dibində düzəldirlər. Əsas qidaları bitki və onurğasız heyvanlardır. "Qırmızı kitab"a daxildir.
- Ceyran (lat. Gazella)
Tarixən Cənubi Qafqazda ceyranların əsas yayıldığı məkan məhz Azərbaycan olub. XX əsrin 40-cı illərinədək ceyranlar Azərbaycanın Acınohur, Eldar düzü, Turt – Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılıb. Sonrakı onilliklərdə kütləvi ovlanma və lazımi mühafizə tədbirlərinin həyata keçirilməməsi nəticəsində ceyranların sayı azalıb. Hazırda Azərbaycanda ceyranların yaşadıqları əsas sahələr Şirvan Milli Parkı, (Bəndovan), Korçay yasaqlıqları və İlisu Dövlət Təbiət Qoruğunun Acınohur-Ceyrançöl ərazisidir. "Qırmızı kitab"a daxildir.
- Nərələr (lat. Acipenseridae)
Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri var. Nərə balıqlarının dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır. "Qırmızı kitab"a daxildir.
- Anna süsəni (lat. Iris annae)
Azərbaycanın çox nadir dekorativ endemik bitki növüdür. Kiçik Qafqazın şimalında, Ağstafa rayonundakı Gülgülü dağında daha çox yayılıb. Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. İşıqsevən bitkidir. Kökümsovlarla və toxumla çoxalır, müxtəlif qruplaşmalar əmələ gətirir. Düzənliklərdə, aşağı dağ qurşağında, otlu yamaclarda bitir. "Qırmızı kitab"a daxildir.
- Hirkan ənciri (Ficus hyrcana)
Hirkan ənciri 6–8 metr hündürlükdə şaxəli ağacıdır. Meyvələri armuvdarı, rəngi tünd-göydür. Hirkan ənciri Lənkəran zonasının aşağı dağ qurşaqlarının meşəliklərində yayılıb və bir çox rayonlarda da becərilir. Əncirin meyvəsində bir sıra bioloji fəal və müalicə əhəmiyyətli, orqanizm üçün faydalı maddələr var. Azərbaycandan başqa, digər Cənubi Qafqaz ölkələrində, həmçinin Kopetdağ, Pamir-Altay, Krımda da bu bitki növünə rast gəlmək olar. Hirkan ənciri İran, Kiçik Asiya, Hindistan, Aralıq dənizyanı ölkələrdə və Əfqanıstanda da geniş yayılıb. "Qırmızı kitab"a daxildir.
- Xəzər qızılbalığı (lat. Salmo caspius)
Azərbaycan ərazisindən Xəzərə tökülən bolsulu çayların (Kür, Araz, Lənkərançay, Astaraçay, Drud, Xudat-Yalama çayları, Samur çayı) hamısında qızılbalığa rast gəlinir. Bu çaylarda onlar müstəqil sürülər halında yaşayırlar. Bu sürülər içində ən böyük ölçüyə malik olanı Kür populyasiyasıdır. "Qırmızı kitab"a daxildir.
- Xarıbülbül (lat. Ophrys caucasica)
Əsasən Qafqazda, Anadolunun şimal şərqindən Xəzər dənizinə qədər olan ərazilərdə yayılıb. Azərbaycanda əsasən Şuşa və ətraf ərazilərdə, Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlarda, Kür ətrafındakı bəzi düzənliklərdə, Abşeron, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın cənub rayonlarında təsadüf edilir. Daha çox otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarda bitir. "Qırmızı kitab"a daxildir.
- Eldar şamı (lat. Pinus eldarica Medw.)
Şamkimilər fəsiləsinə aid bitki növüdür. Palantökən və Qomroy dağları arasındakı geniş düzənlik sahənin qərb hissəsindəki “Eldar oyuğu” adlanan ərazidə təbii halda yayılmış kiçik bir arealı var. Ancaq toxumla çoxalır. Havanın quraqlığına və istiliyinə, torpağın şoranlığına davamlıdır. Qumdaşı qayaların və əhəngdaşı salların çat yerlərində, yarıqlarında bitir. Saqqız ağacı və müxtəlif ardıc növləri ilə birlikdə seyrək arid meşəliyi əmələ gətirir. "Qırmızı kitab"a daxildir.
- Bakı cuzğunu, və ya Petunkin cuzğunu (lat. Calligonum bakuense)
Azərbaycanın endemik bitkisidir. Əsasən Abşeron yarımadasında yayılıb. Xüsusən Qobustan, Mərdəkan, Şüvəlan qəsəbələri ətrafında, Sumqayıt çayının vadisində, Sumqayıt şəhərinin dəmiryolu ətrafındakı ərazilərində daha çox rast gəlinir. Yarpağını tökən kol bitkisidir. Meyvələri fındığa bənzəyir. Əsasən, dənizkənarı qumlu sahələrdə və daşlı yamaclarda bitir. "Qırmızı kitab"a daxildir.
- Azərbaycan itburnu (Rosa azerbaidshanica)
Azərbaycanda itburnunun 300 növündən 42-ə rast gəlinir. Bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkilli və sarımtıl tikanlıdır. Təbiətdə generativ və vegetativ yolla çoxalır. "Qırmızı kitab"a daxildir.
- Qəşəng ilansoğanı (lat. Muscari elegantulum)
Nadir, məhdud areallı endemik bitki növüdür. Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında, eləcə də Sibardu və Talış dağlarında təsadüf edilir. Orta dağlıq qurşağın stepli yamaclarında da Qəşəng ilansoğanına tək-tək rast gəlmək olar. Toxumla və vegetativ yolla çoxalır. "Qırmızı kitab"a daxildir.
- Hirkan qızçiçəyi (Bellis hyrcanica)
Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növüdür. Əsas yayıldığı ərazi Lənkəran ovalığıdır. Dənizkənarı çəmənlərdə daha çox təsadüf edilir. Çiçəkləməsi aprel-may aylarına təsadüf edir. Çoxalması toxumladır. "Qırmızı kitab"a daxildir.
- Nizami itburnusu (lat. Rosa nisami)
Azərbaycanın nadir, prioritet endemik bitki növüdür. Lerik və Daşkəsən rayonları ərazisində təbii halda təsadüf edilir. Kiçik Qafqazın şimal hissəsində (Göygöl rayonu — Yaldaşdağ, Gədəbəy rayonu), Naxçıvan Muxtar Respublikasının dağlıq hissələrində də (Kükü, Biçənək kəndləri), Diabar (Kalaxan kəndi) bu bitkiyə təsadüf etmək olar. Əsasən orta dağ qurşaqlarının quru yamaclarında, meşə kənarlarında, kolluqlarda bitir. "Qırmızı kitab"a daxildir.