Geri qayıtmaq

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən uğurlu bir anlaşma əldə edib. 21 aprel 2025-ci il tarixində Bank Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Mashreqbank-ın ofisində 200 000 000 ABŞ dolları dəyərində sindikativ kredit müqaviləsi imzalayıb.

Sindikativ kredit Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə  BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Əqdin müddəti gələcəkdə uzadılma imkanı ilə 12 aydır. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışıdır.

İmzalanma tədbirində  ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mashreqbank-ın Baş İcraçı direktoru (CEO) Ahmed Abdelaal və hər iki bankın digər rəhbər şəxsləri, eləcə də sindikasiyaya qoşulmuş müvafiq maliyyə institutlarının rəhbər təmsilçiləri iştirak edib.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma ölkəmizə, Azərbaycanın bank sektoruna, o cümlədən ABB-yə olan inamın göstəricisidir. Sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsini dəstəkləyəcək. Əlverişli maliyyə şərtləri ilə belə iri məbləğdə vəsaitin cəlbi ABB-nin imkanlarını daha da genişləndirəcək, maliyyə vəsaitləri bizneslər üçün daha da əlçatan olacaq”.

ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı Bankın biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ