Geri qayıtmaq

ABB İnnovasiya Mərkəzi yaradır

02.06.2020

Ölkəmizdə innovasiyaların inkişafına dəstək layihələrini uğurla davam etdirən ABB bu istiqamətdə daha bir mühüm addım atır. Bank özünün İnnovasiya Mərkəzini yaradır. ABB İnnovasiya Mərkəzi adı altında yaradılan mərkəz informasiya texnologiyaları sahəsində seçilmiş sahibkarlıq layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərəcək. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda startap ekosisteminin inkişafına kömək göstərməkdir. Mərkəz artıq ilk inkubasiya proqramına qəbul elan edib.

Qeyd edək ki, inkubasiya prosesi erkən mərhələdə olan startapların böyüməsinə dəstəyi, startap layihələrinin icrasında ortaya çıxa biləcək problemlərin həllinə yardımı nəzərdə tutur. FinTech həlləri mövzusunda elan edilmiş bu proqramda komandalar öz innovativ ideyalarını təqdim edə biləcəklər. İdeyalara məhdudiyyət olmasa da, kiçik və orta sahibkarlıq fəaliyyətinə fayda gətirəcək həllərə xüsusi üstünlük veriləcək.

Mühüm aktuallığa malik ideyalar təqdim etmiş komandalara öz ideyalarını hazır məhsula çevirmək üçün İnnovasiya Mərkəzində münbit şərait yaradılacaq. Startap layihələrinin həyata keçirilməsi üçün onlara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq, texniki dəstək göstəriləcək. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər və sahibkarlar dəvət ediləcək. Mərkəzin ilk rezidentləri sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci ABB Regional Hakatonunda iştirak edərək uğur qazanmış komandaların da olması nəzərdə tutulur. Proqrama 16 iyun tarixinə qədər buradan müraciət etmək olar: https://ibainnovation.az/az

ABB-nin yaratdığı İnnovasiya Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi,  bankın məlumat sisteminə inteqrasiya (OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB İnnovasiya Mərkəzinin xüsusilə kiçik və orta sahibkarlığa faydalı olacağını bildirib: “Azərbaycan Beynəlxalq  Bankı olaraq biz kiçik və orta sahibkarlığın dəstəklənməsinə, o cümlədən bu sahədə FinTech həllərinin tətbiqinə mühüm önəm veririk. ABB İnnovasiya Mərkəzi sahibkarlıq həllərinin formalaşmasına kömək göstərəcək. Bu Mərkəz həm innovativ ideyaları, həm onları reallaşdıra bilən istedadları, həm də lazımi şəraiti bir araya gətirəcək. İnanırıq ki, belə bir mərkəzin yaradılması ölkəmizdə innovasiya ekosisteminin inkişafına təkan verəcək”.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ