Geri qayıtmaq

ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

13 dekabr 2024-cü ildə ABB-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi, həmçinin Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələlərinə baxılacaq.

Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları gündəlikdəki məsələlər üzrə elektron qaydada səs verəcəklər. Hər bir səhmdar 13 dekabr 2024-cü il tarixinədək şəxsi kabinetindəki “Səhmdarların Ümumi Yığıncağı” bölməsinə daxil olub elektron qaydada səsvermədə iştirak edə bilər.

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə (E-vote) sistemini istifadəyə verdikdən sonra belə bir imkan yaranıb.

Səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalında elektron formada yerləşdirilir. Səhmdarlar (https://invp.e-mdm.gov.az/) şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyindəki məsələlərlə tanış olur, məsələlərə münasibət bildirirlər.

Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına imkan yaradır. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə səs verə bilirlər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi baxımından da faydalıdır. ABB bu xidmətdən istifadə edən ilk səhmdar cəmiyyətdir.

Qeyd edək ki, 13 dekabr 2024-cü ildə keçiriləcək toplantı ABB səhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ