ABB aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını genişləndirir. Apreldən başlayaraq indiyə qədər 48 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi avadanlıqlar alıb.
Bankın özünüməşğulluğuna dəstək verdiyi ailələrin 23-ü Bakı və Bakıətrafı ərazilərdə, 9-u Gəncə, 3-ü Şirvan, 2-i Sumqayıt şəhərində, 2-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 2-i Füzuli, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır.
ABB-nin köməyi ilə kiçik biznes qurub özünün və ailəsinin dolanışığını təmin edəcək vətəndaşlarımızın 9 nəfərinin məcburi köçkün, 13 nəfərinin fiziki məhdudiyyətli,1 nəfərinin şəhid ailəsinin üzvü, 1 nəfərinin isə cəzaçəkmə müəssisəsindən azad edilmiş və hazırda sosial adaptasiyaya ehtiyacı olan şəxs olması bu layihənin dəyərini daha da artırır.
Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 16 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının inkişafına, qadınların məşğulluğunun təmin edilməsinə ABB-nin daha bir töhfəsidir.
Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil,mebel,avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. ABB isə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı,həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğunadəstək verir.
Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. ABB da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edir.
Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.