“YAŞAT” Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fonduna köçürmələri indi ABB-nin ABB Mobile mobil tətbiqi vasitəsilə də yerinə yetirmək olar. Bunun üçün sadəcə mobil telefonda tətbiqi açıb “Ödənişlər” hissəsində “YAŞAT” Fondu bölməsinə keçmək lazımdır. Hüquqi şəxslər buradan VÖEN nömrəsi, fiziki şəxslər isə şəxsiyyət vəsiqələrinin FİN kodu ilə ödənişlərini cəmi bir neçə dəqiqə ərzində rahat şəkildə yerinə yetirmək imkanına malikdirlər.
Qeyd edək ki, vətəndaşlar Fonda köçürmələrini mobil tətbiqlə yanaşı, Bankın bütün filial və şöbələrində bu rekvizitlərlə, eyni zamanda internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada da həyata keçirə bilərlər.
“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Belə bir qurumun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də “YAŞAT” Fondunun məqsədlərinə daxildir.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.