Ölkəmizdə üçüncü ildir ki, təşkil edilən “InnoWeek – İnnovasiya həftəsi” start götürüb. Dekabrın 19-a qədər davam edəcək tədbirin əsas məqsədi innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.
Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, BMT İnkişaf Proqramının, İnnovasiyalar Agentliyinin, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.
Ölkəmizdə innovasiyaların inkişafına ardıcıl dəstək verən ABB da “İnnovasiya həftəsi”nin baş sponsorlarındandır. Tədbirin digər baş sponsorları isə BP və “BestComp Group” şirkətləridir.
Həftə çərçivəsində nəzərdə tutulmuş tədbirlər COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətləri nəzərə alaraq onlayn keçirilir. İnnovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənc nəslin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına kömək məsələlərinə burada xüsusi diqqət yetiriləcək.
ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılmasına dəstək tədbirlərinin Bankın fəaliyyətində əhəmiyyətli yer tutduğunu bildirib: “Bu ilin əvvəlində 1-ci ABB Regional Hakatonunu uğurla keçirdik. Bir neçə ay əvvəl yaratdığımız ABB İnnovasiya Mərkəzində isə 12 layihə artıq inkubasiya dövrünü başa çatdırıb. Onlar hazırda investorlara təqdim olunma ərəfəsindədir. Ötən ildən yaratdığımız ABB Tech Akademiyası da fəaliyyətini yeni proqramlarla davam etdirir. Ənənəvi “InnoWeek” tədbirinin məzmunu bizim bu sahədə hədəflərimizlə uzlaşır. Postpandemiya dövründə innovasiyalara maraq daha da artacaq və bu cür layihələr gələcək inkişafa töhfə verəcək”.
Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.