Back

ABB-dən “Təhsil Kartı”

10.09.2020

Gənclərin təhsilinə, müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinə dəstək olan ABB bu sahədə daha bir layihənin icrasına başlayıb. Bank “Təhsil Kartı” adlı yeni məhsulunu təqdim edib. 

Yeni kart məhsulu tələbələrin təhsil zamanı ehtiyac duyduqları bank xidmətlərinin yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə ki, ABB-nin “Təhsil Kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində, xaricdə, bankın mobil tətbiqi vasitəsilə istənilən ödənişlərini həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. 

“Təhsil Kartı” 5 il müddətinə təqdim olunacaq. ABB-nin “QayğıCash” layihəsi çərçivəsində Bankla tərəfdaş məkanlarda bu kartla aparılan ödənişlər zamanı tələbələr keşbek qazanacaqlar. Yəni, bu kartla etdikləri ödənişlərin müəyyən faizləri onların kart hesabına geri qayıdacaq. Yaxın gələcəkdə “Təhsil Kartı”nın istifadə dairəsi daha da genişləndiriləcək. Tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq. 

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə Bank arasında “Təhsil Kartı” layihəsi üzrə müqavilə imzalanıb və tələbələrə kartların təqdim edilməsinə başlanılıb.

ABB bu layihəni “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib. 

ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib ki, bu kartlar tələbələrin rahatlığına xidmət edəcək: “Təhsil Kartı” gənc nəsil arasında nağdsız ödəniş ənənələrinin geniş yayılmasına da kömək göstərəcək. Keşbek proqramlarımız, keçirdiyimiz kampaniyalar tələbə gənclərimizi ödənişlərini nağdsız aparmağa həvəsləndirəcək. Onlarda innovativ bank xidmətlərindən istifadə ilə bağlı faydalı təcrübələr formalaşacaq”.  

MasterCard şirkətinin ölkə üzrə müdiri Erdem Çakar bildirib: “Bu kartlarla hər bir tələbə nağdsız ödəniş vasitəsinə sahib olacaq. Gələcəkdə tələbələr bu kartlarla bir çox əlavə xidmətlərdən də  faydalana biləcəklər. Bu kartlarla kafe, dəftərxana xidmətlərindən istifadə, elektron ticarət, internet üzərindən bir çox ödənişlər aparmaq mümkün olacaq. Tələbə kartları bir tərəfdən gənc nəslin nağdsız ödəniş ənənələrini mənimsəməsinə, başqa tərəfdən universitetlərin birbaşa təhsil funksiyası ilə bağlı olmayan əlavə qayğılarının azalmasına  kömək edəcək”.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ