Back

ABB və BP-dən tələbələr üçün yeni fürsət

13.11.2020

ABB ilə BP şirkəti arasında ABB Tech Akademiyasının fəaliyyəti üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə ABB Tech Akademiyasına qəbul zamanı yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramının tətbiqini nəzərdə tutur. Belə ki, Akademiyaya yüksək balla qəbul olunmuş bir neçə tələbəyə onların proqramda iştirakının maliyyələşdirilməsi üçün Bank və BP şirkəti təqaüd verəcək. Bu isə ABB Tech-də öyrədilən proqramlaşdırma biliklərinin hər kəs üçün daha da əlçatan olmasına kömək göstərəcək.

Qeyd edək ki, ABB-nin yaratdığı ABB Tech Akademiyasının məqsədi ölkəmizin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək olmaqdır. İndiyə qədər Akademiyada sosial layihə kimi təşkil edilmiş intensiv kurslarda 200-ə yaxın gənc informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə bilik və bacarıqlara yiyələnib. Akademiyanın məzunlarından bir qismi işə götürülərək ABB-də və Bankın törəmə müəssisələrində həyata keçirilən rəqəmsallaşdırma layihələrinə cəlb edilib. Ümumilikdə məzunların 70%-dən çoxu ölkəmizdəki 40-a yaxın şirkətdə öz  ixtisas profillərinə uyğun işə düzəliblər. İş təklifi alan digər məzunlar isə hələlik karyera həyatına başlamadan müxtəlif universitetlərdə bakalavr və magistr təhsillərini davam etdirirlər.

ABB Tech Akademiyası yaxın günlərdə yeni qəbul proqramlarını elan edəcək və növbəti qəbuldan etibarən təqaüd proqramı tətbiq olunacaq.

BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Azərbaycanın üzünmüddətli etibarlı tərəfdaşı və iri neft-qaz layihələrinin əməliyyatçısı olaraq BP şirkəti ölkə həyatının bir sıra mühüm sahələrində korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Təhsil məsələləri də bizim üçün əsas prioritetlərdəndir. ABB ilə birgə reallaşdırdığımız təqaüd proqramı, güman edirik ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyən gənclərimizin imkanlarını genişləndirəcək”.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib: “Bankımızın ötən il yaratdığı ABB Tech Akademiyası öz məqsədlərinə çatır. Əmək bazarında peşəkar informasiya texnologiyaları mütəxəssislərinin sayını artırır. BP kimi tərəfdaşlarımızın bu layihəyə marağı və dəstəyi isə layihənin əhəmiyyətini göstərməklə yanaşı, Akademiyanın fəaliyyəti üçün də yeni perspektivlər yaradır. İki böyük biznes qurumunun təhsil sahəsində birgə əməkdaşlığından qazanan cəmiyyətimiz olacaq”.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ