Back

ABB-nin yeni səhmdarları da 2024-cü ilin nəticələri üzrə dividendlər alacaqlar

01.08.2024
Nəbi Əliyev

Müsahibimiz Bankın İdarə Heyəti sədrinin müavini Nəbi Əliyevdir.

- ABB bir neçə gün əvvəl maliyyə göstəricilərini açıqladı. İlk yarımilliyin nəticələrinə əsasən, Bankın bu ili də böyük həcmdə mənfəətlə başa vuracağını proqnozlaşdırmaq olarmı?

- ABB 2024-cü ilin birinci yarısını 172 milyon manatdan çox xalis mənfəətlə başa vurdu, ötən ilin müvafiq dövründə bu rəqəm 164 milyon manat olmuşdu. 2023-cü ili 322,3 milyon manat xalis mənfəətlə tamamlamışdıq, bu isə, son illərdə ABB-nin və ümumən ölkə banklarının mənfəətində ən yüksək göstərici idi. Cari ilin ilk altı ayının nəticələri isə göstərir ki, böyük ehtimal, ABB bu il də yüksək mənfəət əldə edəcək. Bu isə mövcud və yeni səhmdarlarımız üçün yüksək gəlir deməkdir.

-Sentyabrın 10-da ABB-nin səhmlərinə abunə yazılışı tamamlanır. Bankın minlərlə yeni səhmdarı da builki mənfəətdən dividend ala biləcəkmi?

-Əlbəttə, yeni səhmdarlarımız da təkcə Bankın cari ilinin deyil, habelə növbəti illərinin də maliyyə nəticələrinə əsasən, dividend gəlirləri əldə edəcəklər. Bank rəhbərliyi 2024-cü ilin yekunları üzrə səhmdarlarımıza dividendin verilməsi məsələsinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməsi üçün müvafiq qaydada təklif irəli sürəcək. Düşünürük ki, ötən illərdə olduğu kimi Səhmdarların Ümumi Yığıncağında bu təklif dəstəklənəcək. Bu isə o deməkdir ki, yeni səhmdarlarımız da gələn ilin ortalarına qədər ABB-dən dividend qazancı əldə edəcəklər.

- Səhmdarların dividend qazancı nə qədər olacaq?

- ABB son 6 ildə səhmdarlarına ardıcıl şəkildə dividendlər ödəməkdədir. Son illərdə dividend məbləği ardıcıl artır. Belə ki, 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat dividend ödəmişik. Səhmbaşına düşən dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. Faizlə ifadə etsək, 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Proqnozlarımıza görə, gələn il də səhmdarlarımızın dividend gəliri 15%-dən çox olacaq.

- İndiyə qədər neçə investor ABB səhmlərinə abunə yazılıb?

- Artıq 13 mindən çox investor 17 minə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin qiymətli kağızlar bazarı üçün tarixi bir göstəricidir. Çünki səhmlərin kütləvi təklifi prosesində bu qədər investorun iştirakı heç vaxt olmayıb. Cəmi ay yarım ərzində ABB səhmləri üçün bu qədər vətəndaşımızın sifariş yerləşdirməsi Bankımızın gələcəyinə olan böyük inamı, ABB səhmlərinə yüksək marağı göstərir. Hazırda ABB səhmdarlarının ümumi sayı 1800-ə yaxındır. Səhmlərə belə kütləvi marağa əsaslanaraq əminliklə deyə bilərik ki, biz Bankımıza on minlərlə yeni investorun cəlb edilməsi hədəfinə çatacağıq.

- Bildiyimiz qədər, indi səhm sifarişlərini başqa bankların filiallarında da yerləşdirmək olur...

- Bəli, səhmlərə ABB mobile tətbiqi, ölkəmizdəki  əksər bankların filialları, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə abunə yazılmaq mümkündür. Səhm almaq niyyətində olan investorlara tövsiyəmiz bu olardı ki, qərarlarını sürətləndirib sifarişlərini vaxtında etsinlər. Çünki müddət azalır, hazırki proses sentyabrın 10-da tamamlanacaq.

Digər tərəfdən, səhm sifariş etmiş investorlar 10 sentyabr tarixinə qədər ABB-də  ödədikləri sifariş məbləğinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Bu faiz gəliri investorlara əvvəlcədən, yəni sifariş verilən gün ödənilir. Səhmlərə daha tez abunə yazılanlar bu imkandan da faydalanmış olurlar.

Bundan başqa, avqustun 1-dən etibarən ABB səhmi sifariş verən investorlar üçün lotereya kampaniyasına da start verdik. İnvestorlar avqust və sentyabr aylarındakı səhm sifarişlərinə görə 5000 manatadək uduş şansı qazanacaqlar.

- ABB səhmlərini təkrar bazarda satmaq olacaqmı?

- Yerləşdirmə bitdikdən sonra hər bir səhmdar öz səhmlərini “ABB-İnvest” şirkəti və ya digər investisiya şirkətləri vasitəsilə sata bilər. Bununla yanaşı, sentyabrın sonunadək səhmləri ABB mobile vasitəsilə də satmaq mümkün olacaq. Yəni səhmdar malik olduğu səhmləri istədiyi zaman ən rahat şəkildə sata biləcək. ABB səhmlərinin alqı-satqısında yüksək likvidliyin təmin olunması üçün hazırda Bank aidiyyəti qurumlarla müvafiq tədbirlər həyata keçirir.

ABB Mobile
YÜKLƏ