Xəbər

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən uğurlu bir anlaşma əldə edib. 21 aprel 2025-ci il tarixində Bank Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Mashreqbank-ın ofisində 200 000 000 ABŞ dolları dəyərində sindikativ kredit müqaviləsi imzalayıb. Sindikativ kredit Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Əqdin müddəti gələcəkdə uzadılma imkanı ilə 12 aydır. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışıdır. İmzalanma tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mashreqbank-ın Baş İcraçı direktoru (CEO) Ahmed Abdelaal və hər iki bankın digər rəhbər şəxsləri, eləcə də sindikasiyaya qoşulmuş müvafiq maliyyə institutlarının rəhbər təmsilçiləri iştirak edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma ölkəmizə, Azərbaycanın bank sektoruna, o cümlədən ABB-yə olan inamın göstəricisidir. Sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsini dəstəkləyəcək. Əlverişli maliyyə şərtləri ilə belə iri məbləğdə vəsaitin cəlbi ABB-nin imkanlarını daha da genişləndirəcək, maliyyə vəsaitləri bizneslər üçün daha da əlçatan olacaq”. ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı Bankın biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin proqnozunu Stabildən Pozitivə yüksəltdi

Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. Eyni zamanda, agentlik ABB-nin Kredit ödəmə və Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini b1 səviyyəsində təsdiqləyib. ABB-nin kredit ödəmə reytinqlərinin b1 səviyyəsində təyin edilməsi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə əsaslandırılır. Moody's-in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun Stabildən Pozitivə dəyişdirilməsi bununla bağlıdır.

Xəbər

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazlarına böyük tələb formalaşıb. Sifarişlər satışa çıxarılmış həcmdən təxminən 5 dəfə çox olub. Bu da ABB istiqrazlarına yüksək etimadı bir daha nümayiş etdirir. Vətəndaşlara yeni investisiya və qazanc imkanının yaradılması, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına dəstək məqsədilə fiziki şəxslərə üstünlük hüququ verilib, ilk növbədə onların müraciətləri təmin olunub. ABB istiqrazlarını ümumilikdə 503 fiziki şəxs əldə edib. İnvestorların 97%-i sifarişlərini ABB mobile tətbiqi vasitəsilə həyata keçirib. Hər biri 5 milyon AZN həcmində 2 emissiya çərçivəsində buraxılmış, nominal dəyəri 100 manat olan, hər buraxılış üzrə 50 min ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqrazlar 1 il müddətinə illik 10%, 2 il müddətinə illik 11% gəlirliliklə təqdim edilib. Faiz gəlirləri rüblük ödənilir və fiziki şəxslər üçün vergidən azaddır. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi 19 martda başa çatıb. İnvestorlar üçün təkrar bazarda alqı-satqı imkanı da yaradılacaq. İstiqrazlar Bakı Fond Birjasında tədavül ediləcək. ABB istiqrazları Bankın daimi məhsullarından olacaq. Bundan sonra da investorlara kiçik həcmlərlə davamlı şəkildə təklif ediləcək. Növbəti tranş 2026-cı ilin 2-ci rübü ərzində elan olunacaq. ABB istiqrazları investorlar üçün sabit gəlir imkanı təqdim etməklə yanaşı, ölkəmizdə kapital bazarlarının inkişafına da töhfə verir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB İnnovasiya Mərkəzi 99 startap layihəsi arasından ən yaxşılarını seçdi

ABB-nin ölkəmizdə startap ekosisteminin inkişafına kömək məqsədilə yaratdığı ABB İnnovasiya Mərkəzinin ilk inkubasiya proqramına qəbul başa çatıb. Proqrama ümumən 99 layihə təqdim edilib. İlkin seçim prosesindən sonra onlardan 48-i ikinci mərhələyə keçib. 48 layihə arasından isə proqramın məqsədlərinə ən çox uyğun gələn 12 layihə seçilib. Proqrama təqdim edilən layihələrin mühüm hissəsi, FinTech-lə yanaşı, əsasən HR platformaları, taksi və kuryer xidmətləri, CRM, xidmətlərin mərkəzləşdirilməsi, təhlükəsizlik sistemləri və s. məsələlərlə bağlı olub. Layihə ideyalarının 75%-i ilkin, 25%-i isə inkişaf etdirilmiş səviyyədə təqdim olunub. Layihələri yekun mərhələyə keçən 47 komanda üzvünün 15 nəfəri (32%) qadın, 32 nəfəri (68%) kişidir. Seçilmiş komandalardan 2-i xarici ölkələri təmsil edən üzvlərdən təşkil olunub. Komandalar sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci ABB Regional Hakatonunda iştirak edərək uğur qazanmış bir neçə komanda da var. Seçim prosesi layihələrin ABB-nin biznes məqsədlərinə uyğunluğu, inkubasiya mərhələsində olması, komandanın hazırlıq səviyyəsi, layihənin böyümə potensialı, bazara hazırlıq vəziyyəti, innovativliyi, kreativliyi və s. bu kimi meyarlar əsasında aparılıb. Seçilmiş 12 startap layihəsindən 5-i birbaşa Bankın fəaliyyəti ilə bağlı olan ödənişlər, QR həlləri, mikro-biznes, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Digər ideyalar isə bilavasitə bankçılıq sahəsinə aid olmasa da, FinTech sahəsinə inteqrasiya potensialına malikdir. İnkubasiya proqramı zamanı startap komandalarına treninq və mentorluq dəstəyi göstəriləcək. Startapların inkubasiyası və məhsulların inkişafı üzrə beynəlxalq təcrübəli xarici tərəfdaşlar təlim və mentorluq məsələsində Mərkəzə dəstək verəcək. Yekunda isə Demo Day keçiriləcək və layihələr qiymətləndiriləcək. Proqram haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin yaratdığı ABB İnnovasiya Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi, bankın məlumat sisteminə inteqrasiya (OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Bankın səhmdarlarının növbəti ümumi yığıncağı

“ABB” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə! Hörmətli səhmdar! “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 30.05.2023-cü il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-ci maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin maliyyə hesabatının təsdiq edilməsi; 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi; 2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılması; “ABB” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi; “ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi; Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallar 19.05.2023-cü il tarixindən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bu bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 30.05.2023-cü il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!