Xəbər

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazlarına böyük tələb formalaşıb. Sifarişlər satışa çıxarılmış həcmdən təxminən 5 dəfə çox olub. Bu da ABB istiqrazlarına yüksək etimadı bir daha nümayiş etdirir. Vətəndaşlara yeni investisiya və qazanc imkanının yaradılması, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına dəstək məqsədilə fiziki şəxslərə üstünlük hüququ verilib, ilk növbədə onların müraciətləri təmin olunub. ABB istiqrazlarını ümumilikdə 503 fiziki şəxs əldə edib. İnvestorların 97%-i sifarişlərini ABB mobile tətbiqi vasitəsilə həyata keçirib. Hər biri 5 milyon AZN həcmində 2 emissiya çərçivəsində buraxılmış, nominal dəyəri 100 manat olan, hər buraxılış üzrə 50 min ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqrazlar 1 il müddətinə illik 10%, 2 il müddətinə illik 11% gəlirliliklə təqdim edilib. Faiz gəlirləri rüblük ödənilir və fiziki şəxslər üçün vergidən azaddır. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi 19 martda başa çatıb. İnvestorlar üçün təkrar bazarda alqı-satqı imkanı da yaradılacaq. İstiqrazlar Bakı Fond Birjasında tədavül ediləcək. ABB istiqrazları Bankın daimi məhsullarından olacaq. Bundan sonra da investorlara kiçik həcmlərlə davamlı şəkildə təklif ediləcək. Növbəti tranş 2026-cı ilin 2-ci rübü ərzində elan olunacaq. ABB istiqrazları investorlar üçün sabit gəlir imkanı təqdim etməklə yanaşı, ölkəmizdə kapital bazarlarının inkişafına da töhfə verir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıtdı

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 17 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə üçüncü dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası Gold liqasında yarımfinala yüksələrək Meksika komandası ilə 2:2 hesabı ilə oyunu bitirib. Komandamız penaltı zərbələrində məğlub olaraq növbəti oyunda Kanada komandasına 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, turnirdə 30 komanda arasında 3-cü yeri tutmaqla bürünc medal qazanıb. Baş məşqçi Rövşən Babayevin rəhbərliyi ilə turnirdə bu uşaq futbolçular iştirak ediblər: Bavver Ayaz Bakir, Aylin Hüseynova, Sara Məmmədova, Əli Kərimzadə, Naim Məmmədov, Cavad Əliyev, Camal Hüseynbəyli, Mikayıl Səmədov, İslam Xanbabazadə, Ərtoğrul Nadir, Rauf Rəhimov, Həsən Xəlilov, Cahangir İman, İsmayıl Sadiq.Turnir çərçivəsində Azərbaycan komandasının üzvləri məşhur futbol ulduzu Roberto Karlosla da görüşüblər. Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2025-ci ilin iyununda bu proqram ölkəmizdə də üçüncü dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb. “Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2026-ci ilin 22-26 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə tutulur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Bankın səhmdarlarının növbəti ümumi yığıncağı

“ABB” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə! Hörmətli səhmdar! “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 30.05.2023-cü il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-ci maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin maliyyə hesabatının təsdiq edilməsi; 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi; 2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılması; “ABB” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi; “ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi; Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallar 19.05.2023-cü il tarixindən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bu bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 30.05.2023-cü il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti

Xəbər

ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur - Abbas müəllim, 7 may 2026-cı ildə ABB səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə səhmdarlara dividendin ödənilməsi məsələsi də daxildir. Bank ötən ilin mənfəətindən səhmdarlara bu dəfə nə qədər dividend ödəyəcək? -Əvvəlcə onu qeyd edim ki, elə bu günlərdə ABB Maliyyə Qrupunun 2025-ci il üzrə maliyyə hesabatlarına kənar auditor rəy verdi. Maliyyə qrupumuz 2025-ci ili 404,491 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ABB-nin tarixində rekord mənfəət göstəricisidir. ABB-nin böyüməsində, belə yüksək mənfəət qazanmasında, təbii ki, son illər formalaşdırdığımız dayanıqlı biznes modelinin çox böyük rolu var. Menecment olaraq bu il də səhmdarlarımıza yüksək məbləğdə, 200 milyon manat dividend ödənişi təklifi etmişik. Ümumi Yığıncaqda təklifimiz dəstəklənərsə, səhmdarlarımız bu il də nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər. Biz son 8 ildə səhmdarlarımıza ardıcıl olaraq dividend ödəyirik. İki ildir ki, gəlirlərimizi 30 mindən artıq səhmdarımız, vətəndaşımızla bölüşürük. - Yığıncağın gündəliyində ABB-nin xarici bankda iştirak payı alması məsələsi də var. ABB hansı xarici ölkədə və hansı bankı almaq fikrindədir? - ABB-nin 2026-2028-ci illər üzrə strateji inkişaf planındakı əsas hədəflərdən biri coğrafi genişlənmədir. Bu hədəfə yönələrək Özbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindəyik. Bu niyyətimiz Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə, Özbəkistandakı əlverişli biznes mühitinə, ölkənin sosial-iqtisadi perspektivlərinə əsaslanır. Özbəkistan əhalisinin sayı 40 milyona yaxındır. Əhali tərkibində rəqəmsal bank xidmət və məhsullarına meylli gənc nəsil böyük yer tutur. Bu bazara daxil olmağımız ABB-nin son illərdə tətbiq etdiyi korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt əsaslı innovasiyaların böyük əhalisi olan Özbəkistan bazarında tətbiqinə, ABB Maliyyə Qrupunun daha böyük dəyər əldə etməsinə imkan yaradacaq, Bankımızın regional və beynəlxalq imicini möhkəmləndirəcək. Nəzarət səhm paketini almaq istədiyimiz bank isə Özbəkistanın özəl banklarından biridir. Səhmdarlarımız buna müsbət qərar verərsə, qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedurlara başlayacağıq. Strategiyamıza uyğun olaraq coğrafi genişlənmə məqsədli bazar araşdırmalarımızı isə bundan sonra da davam etdirəcəyik. - Son dövrlər ABB-nin öhdəliklərinin strukturunda milli valyutanın payı artmaqdadır. Bu, manata inamın artmasının göstəricisi kimi dəyərləndirilə bilər? - Bəli, təkcə son 3 ayda ABB-də manatla depozitlərdə 235 milyon manat artım olub. Bu tendensiya təkcə ABB-də yox, ümumən sektorda özünü göstərir və birbaşa manata inamın davamlı artmasından irəli gəlir. Son 3 ildə bank sektorunun cəmi əmanət portfeli 51% artıb. Milli valyutada müddətli əmanətlər son 3 ildə 2.1 dəfə artaraq 7.5 mlrd. manata çatıb. Bu dövrdə fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 40%-dən 31.1%-ə qədər azalıb. Unikal müddətli əmanətçi sayında da davamlı artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal müddətli əmanətçi sayı 89.4% artım göstərib. - ABB bu ildən manatda istiqrazlar da buraxmağa başlayıb və bunun davamlı olacağı bildirilir. Məqsəd əlavə vəsait cəlb etməkdir? - Əsas məqsədimiz ölkəmizin kapital bazarını əlavə alətlərlə dəstəkləmək, bazara çoxsaylı fiziki şəxs investorlar cəlb etməkdir ki, daimi aktivlik olsun. Martda fiziki şəxslərə üstünlük hüququ verməklə ilk emissiyanı keçirdik. Hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə 10 milyon manatlıq istiqraz buraxılışı uğurla baş tutdu. Sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələdi. Fikrimizcə, bunun özü də milli valyutaya olan inamdan, investorların ABB istiqrazları kimi gəlirli maliyyə alətlərinə getdikcə artan marağından irəli gəlir. Eyni zamanda, bu alətlərin əlçatanlığı da mühüm məqamdır. İnvestorların 98%-dən çoxu ABB istiqrazlarını heç yerə getmədən, ABB mobile tətbiqimiz üzərindən, cəmi bir neçə toxunuşla, tam rəqəmsal təcrübə ilə əldə etdilər. 528 investor ABB istiqrazlarına sahib oldu. Bu il ərzində davamlı tranşlarla ümumən 100 milyon manat məbləğində istiqraz emissiyasını planlayırıq. Hədəfimiz ölkəmizin kapital bazarına minlərlə yeni investor cəlb etməkdir. - ABB süni intellekt sahəsinə ciddi investisiyalar etməyə başlayıb. Bu investisiyalar Bank üçün hansı dəyərləri yaradır? - Bankın süni intellekt texnologiyalarına investisiya etməsi artıq seçim yox, strateji zərurətdir. Çünki gələcəyin bankçılığı süni intellektlə qurulur. Süni intellekti indidən dəyərləndirməyən şirkətlər çox yaxın gələcəkdə həm texnoloji, həm biznes baxımından geri qala bilərlər. Ona görə ABB olaraq biz süni intellekt texnologiyalarının tətbiqində milli çempionlardan biri olmağı hədəfləyirik, müştərilərimizlə birgə gələcəyin bankçılığını qururuq. Yeni strategiyamız çərçivəsində biz ABB-nin “Süni intellekt və Generativ süni intellekt” Yol Xəritəsini qəbul etmişik. Bu Yol Xəritəsi əsasında süni intellekt həllərini yalnız müştəriyə yönəlik xidmətlərdə deyil, eyni zamanda əməkdaşlarımızın gündəlik fəaliyyətində, arxa ofis əməliyyatlarında və risk idarəetməsində geniş şəkildə tətbiq edirik. Hazırda ABB-də müxtəlif istiqamətlər üzrə tətbiq olunan süni intellekt modellərinin sayı 180-ə yaxınlaşır. Bununla yanaşı, dayanıqlı və miqyaslana bilən süni intellekt infrastrukturumuzu qururuq. NVIDIA HGX B200 platforması əsasında qurulan Dell GPU yüksək performanslı hesablama infrastrukturunun formalaşdırılması prosesindəyik. Bu ilin əvvəlində AI-khan və AI-nur adlı süni intellekt köməkçilərimizi bütün müştərilərimizin istifadəsinə təqdim etdik. Biz buna sadəcə yeni bir texnoloji funksiya kimi yanaşmırıq, bu, bankçılığa yanaşmanın dəyişməsi – Gələcəyin bankçılığı deməkdir. - Bütün bunlar bankçılıqda nəyi dəyişir? - Uzun illər banklar rəqəmsal xidmətləri tətbiqlər vasitəsilə müştərinin mobil telefonuna gətirirdi. Bu gün isə süni intellekt texnologiyası sayəsində bank ilk dəfə müştərinin həyatına onun danışıq dili ilə daxil olur. Artıq milyonlarla müştəri ilə eyni anda, amma hər biri ilə fərdi şəkildə ünsiyyət qurmaq mümkündür. Bu istiqamət qlobal səviyyədə yeni formalaşır və ən innovativ maliyyə institutlarının diqqət mərkəzində olan sahələrdən biridir. ABB olaraq biz bu yeniliyi erkən mərhələdə təkcə ölkəmizdə yox, regionda və qlobal miqyasda tətbiq edən ilk banklardan biri kimi çıxış edirik. Qısa müddətdə yüz minlərlə müştərinin AI-khan və AI-nurla sadəcə danışaraq müxtəlif maliyyə əməliyyatlarını həyata keçirməsi göstərir ki, artıq müştərilər sadəcə rəqəmsal interfeys yox, ünsiyyət gözləyirlər. Bu isə bankçılığın növbəti mərhələsinin istiqamətini aydın şəkildə müəyyən edir. Hədəfimiz süni intellekti ayrıca bir funksiyaya yox, müştəri ilə bütün münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir. Yəni bank təkcə maliyyə xidmətləri göstərən qurum olmaqdan çıxıb, müştərinin gündəlik həyatında real dəyər yaradan, onunla daim ünsiyyətdə olan həyat tərzi tərəfdaşına çevrilir.

Xəbər

ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum oldu

ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi “EY İlin İş Adamı” müsabiqəsinə müraciətlərin qəbulu artıq başa çatıb. Müsabiqənin milli mərhələsinin qalibi, habelə nominasiyalar üzrə qaliblər 13 fevral 2026-cı tarixində təşkil olunacaq qala tədbirində elan olunacaqlar. Bu müsabiqə Azərbaycanda 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. “EY İlin İş Adamı” müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 70-dən çox sahibkarı birləşdirən geniş icmaya çevrilib. Bu il “EY İlin İş Adamı” adı uğrunda alternativ enerji, reklam, elektrik avadanlıqlarının istehsalı, maliyyə, turizm, kənd təsərrüfatı, təhsil, İT, rəqəmsal marketinq və digər sahələri təmsil edən iştirakçılar yarışacaqlar. İştirakçıların adlarını təqdim edirik: Bəxtiyar Hüseynov (“Eel Electric” elektrik avadanlıqları istehsalçısı); Ceyhun İmanov (“Jeykhun Imanov Studio” rəqəmsal marketinq, brendinq və dizayn agentliyi); Elqar Bağırov (“Times Consulting” reklam agentliyi) Elmira İsmayılova (“Best Place Restaurant & Jazz Club”, ictimai iaşə və əyləncə xidmətləri); Elşad Abbasov (“Embafinans”, bank olmayan kredit təşkilatı); Fəhri Məmmədli (“Fahri Travel” səyahət agentliyi); Günay Mustafayeva (“MedLife Hospital” tibb müəssisəsi); İlyas Əhmədov və Mehri Əhmədova (“We grow” mavigilə istehsalçısı); Könül Quliyeva (“Safavy” onlayn təhsil platforması); Orxan Məmmədov (“Green Life Engineering” alternativ enerji həlləri); Murad Həsənov (“Clopos” İT həlləri təminatçısı); Müşfiq Hüseynov (“AZSAFFRON” zəfəran və zəfəran tərkibli məhsul istehsalçısı); Novruz İsmayılov (“Manqal kömürü № 1” fındıq qabığı əsaslı kömür istehsalçısı); Rəşad Abbasov (“Neutron” Radiasiya təhlükəsizliyi/konsaltinq); Rüfət Babakişiyev (“Crocusoft”, proqram təminatı, mobil tətbiqlər və İT həllər təminatçısı); Samir Kərimov (“APAR” velosiped kirayəsi xidməti); Seymur Allahverdiyev (“Amazon Travel”, turizm agentliyi); Ülvi Aslanov (“Code Academy” təhsil müəssisəsi); Vüqar Babayev (“Lider Development” CRM/ERP həlləri təminatçısı/yaşayış binalarını idarəetmə platforması). Müsabiqənin qalibi müstəqil münsiflər heyəti tərəfindən sahibkarlıq ruhu, məqsəd, təsir və inkişaf meyarları əsasında qiymətləndirilərək müəyyən ediləcək. Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir: Aliyə Əzimova – Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəriƏfqan İsayev – SOCAR-ın vitse-prezidentiMir Camal Paşayev – “Paşa Holding”in Direktorlar Şurasının sədr müaviniQustaf Nobel – "Conversus" şirkətinin Baş icraçı direktoruTeybə Quliyeva – "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi Proqramın tərəfdaşları sırasında APFM, “Finansist” jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və EKVITA da var. Milli mərhələnin qalibi may ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəmizi təmsil etmək hüququnu qazanacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!