Geri qayıtmaq

“Sahibkar vaxtı” layihəsi

ABB, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN radio”nun tərəfdaşlığı ilə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilib. Birgə layihə çərçivəsində hər həftə “ASAN radio”da canlı olaraq “Sahibkar vaxtı” proqramı efirə gedəcək.

“Sahibkar vaxtı” verilişini hər həftənin çərşənbə axşamı, saat 19.05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də ABB-nin, KOBİA-nın və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.  

Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. “Sahibkar vaxtı” verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.

ABB-nin Korporativ biznesin inkişafı departamentinin  direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta  biznesə dəstək layihələrimiz uğurla davam etdirilir. Getdikcə daha çox sahibkar ABB-nin yaratdığı sərfəli kreditləşmə imkanlarından yararlanır. Tərəfdaşlıq etdiyimiz qurumlarla bu sektorun inkişafına maarifləndirici layihələrimizlə də dəstək olmağa çalışırıq. Ümid edirik ki, “Sahibkar vaxtı” verilişi niyyətimizi doğruldacaq, sahibkarlarımızın işinə kömək göstərəcək”.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin mətbuat katibi Vüsalə Quliyeva qeyd edib ki, sahibkarların məlumatlandırılması baxımdan maarifləndirici verilişlər əhəmiyyətlidir: “Sahibkarlarla mütəmadi ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə müəyyən suallarının olduğunu görürük. Biznesin qurulması və inkişafı, bu sahədəki yeniliklər və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılması üçün “Sahibkar vaxtı” verilişi maraqlı və faydalı bir platforma olacaqdır”.  

Verilişin aparıcısı Əli Əhmədov isə auditoriyanın bu cür verilişlərə marağının getdikcə artdığını bildirib: “Biznes mühiti inkişaf etdikcə, cəmiyyətimizdə iqtisadi savadlılıq səviyyəsi yüksəldikcə insanlar vaxtlarını belə gərəkli verilişlərə sərf etmək istəyirlər. Biz də maksimum çalışacağıq ki, dinləyicilərimizin “Sahibkar vaxtı”na ayırdıqları zaman müqabilində onlara faydalı nələrsə verək”.

ABB Mobile
YÜKLƏ