İnnovativ mədəniyyətin inkişafına dəstək verən ABB ABB Tech Akademiyası ilə birgə ölkəmizdə ilk dəfə olaraq regional hakaton elan edib. “ABB Regional Hackathon” adı altında həyata keçirilən bu təşəbbüs FinTech sferasında ən genişmiqyaslı ideya marafonudur. Hakatonlarda müvafiq bacarıqlara malik peşəkarlar müəyyən mövzularda problemlər ətrafında bir araya gəlir. Problemləri yaradıcı şəkildə həll etmək üçün proqramlaşdırma layihələri hazırlayır.
29 fevral - 1 mart tarixlərində keçiriləcək “ABB Regional Hackathon”unda proqramçılar, dizaynerlər, sahibkarlar, eləcə də maliyyə-texniki sahədə innovasiyaların tətbiqi və inkişafı ilə maraqlanan hər kəs iştirak edə bilər. İştirakçılar təşkilati tərəfin formalaşdırdığı komandalarda çalışacaq, digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq öz layihələrini münsiflərə təqdim edəcəklər.
“ABB Regional Hackathon”da formalaşmış komandalara bir neçə mövzu seçimi təklif ediləcək. Bununla belə iştirakçılar özləri də müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. Kiçik və orta sahibkarlığa dəstək, ödənişlər, müştəri məmnuniyyəti və loyallığına dair innovativ ideya və həllərə xüsusi üstünlük veriləcək.
Burada Azərbaycandan və qonşu ölkələrdən olan 150-dən çox iştirakçıdan formalaşmış ən azı, 35 komandanın gərgin yarışması gözlənilir. Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş 25 peşəkar mentor çalışacaq. Mentorlar da, “ABB Regional Hackathon”una metodoloji dəstək verən təşkilati komanda da Intel, Raiffeisen Bank International, Facebook, Amazon, Vodafon kimi şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi prosesində iştirak edib.
Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 10000, 2-ci yerin qalibi üçün 5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub. İştirakçı irəli sürdüyü ideyanın FinTech və ya bank sistemlərinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Seçilmiş layihələrin müəllifləri layihələrini ABB ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar.
ABB-nin və bankın törəmə müəssisələri olan “Azerikard” prosessinq mərkəzinin və “Bank ABB-Moskva”nın əməkdaşları “ABB Regional Hackathon”unda iştirak etmir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Biz çox sürətlə dəyişən dünyada yaşayırıq. Həyatımızı bu dəyişikliklərlə uzlaşdıra biləcək yeni ideyalara ehtiyac var. “ABB Regional Hackathon”-unun keçirilməsi və ABB-nin yerinə yetirdiyi digər innovativ layihələr də bu zərurətdən irəli gəlir. Ötən ilin sentyabrında ABB Tech Akademiyasını yaratdıq. “ABB Regional Hackathon”u isə Azərbaycanda innovasiyalar bazarının lideri olmaq üçün növbəti addımımızdır. Bu təşəbbüs innovativ ideyalara malik istedadlara dəstək olacaq. Onları bir araya gətirəcək, ölkəmizdə IT ekosisteminin inkişafına təkan verəcək. Əlbəttə, bu tədbir IT və biznesin inteqrasiyasına, maliyyə-texniki sahədə bir sıra faydalı innovativ layihələrin reallaşdırılmasına da kömək göstərəcək”.
“ABB Regional Hackathon” Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Ətraflı məlumat və qeydiyyat üçün: https://www.ibahackathon.com