Xəbər

ABB səhmdarlarına dividendlərin ödənilməsi barədə elan

ABB Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 7 may 2026-cı il tarixinə təyin edilmiş qərarından asılı olaraq, ABB-nin 2025-ci maliyyə ili üzrə xalis mənfəətindən səhmdarlara dividendin ödənilməsi nəzərdə tutulur. Bununla bağlı müsbət qərar qəbul edilərsə, dividend məbləği, qərarın qəbul edilmə tarixindən etibarən ən geci 30 (otuz) təqvim günü ərzində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın bank hesabına köçürüləcəkdir. Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM tərəfindən formalaşdırılmış 06 may 2026-cı il, saat 18:00 tarixli müvafiq reyestrə əsasən müəyyənləşdiriləcəklər. Beləliklə, ABB səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyini və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən etibarən növbəti iş günü başa çatdığını nəzərə alaraq, SÜY-ün keçiriləcəyi tarixdən 2 iş günü əvvəl (5 may 2026-cı il tarixində) alınmış səhmlər üzrə dividend ödəniləcəkdir.

Xəbər

Data yarışmasında ilk 3 yerdən 2-nin qalibi ABB Tech Akademiyasının məzun və tələbələri oldu

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkil etdiyi “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində keçirilmiş data yarışmasının qalibləri seçilib və onlara mükafatlar təqdim olunub. Qaliblər sırasında ABB-nin yaratdığı ABB Tech Akademiyasının məzunları da var. Belə ki, yarışmada Akademiyanın məzunlarından Mikayıl Yusifov öz komanda yoldaşları ilə birinci yerə, Machine Learning tələbəsi Elşən Qədimov üçüncü yerə layiq görülüb. Beləliklə, ilk üç yerdən ikisinin qalibi ABB Tech Akademiyasının məzun və tələbələri olub. Akademiyanın daha bir tələbəsi Anar Həsənov isə yarışmanın mükafatçılarından olub. Qaliblərin mükafatlandırılması mərasimində müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak edib. EHİM-in keçirdiyi beynəlxalq konfrans və data yarışması dünya şöhrətli alim, bu il anadan olmasının 100 illiyi tamamlanan Lütfi Zadənin xatirəsinə həsr olunub. Konfransda 22 ölkədən 58 spiker çıxış edib. 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub. Data yarışmasında iştirak üçün isə 185 komanda qeydiyyatdan keçib. Belə bir yarışmanın məqsədi Azərbaycandakı data mütəxəssislərinin aşkar edilməsi, onlarla əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələrin reallaşdırılmasıdır. Yarışmanın həyata keçirildiyi “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. Platforma 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edir. Müxtəlif fəaliyyət sahələrinə aid data əsaslı məsələlər burada komanda, yaxud fərdi qaydada həll olunur. Tədbir haqqında ətraflı məlumat: https://ai4digigov.com/ Xatırladaq ki, ABB Tech Akademiyası 2019-cu ilin sentyabrından fəaliyyətə başlayıb. Belə bir Akademiyanın yaradılmasında ABB-nin məqsədi ölkəmizin əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasıdır. İndiyə qədər 200-dən çox gənc müxtəlif proqramlar üzrə Akademiyadan məzun olub. Onların böyük əksəriyyəti ABB-də, eləcə də digər yerli və xarici şirkətlərdə işlə təmin edilib. ABB-nin müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

ABB müştərilərinin danışan süni intellekt köməkçiləri AI-nur və AI-khanın imkanları yeni funksiyalarla daha da genişlənib. Mobil rabitə ödənişləri, bankdaxili və digər banklara köçürmələr, fərdi maliyyə məsləhəti Artıq mobil rabitə ödənişlərini (Azercell, Bakcel, Nar) də sadəcə onlarla danışıb həyata keçirmək olar. Bundan başqa, AI-nur və AI-khan indi müştərilərə fərdi maliyyə meneceri kimi də kömək göstərir. Apardıqları əməliyyatlara əsasən, onların aylıq gəlir və xərcləri ilə bağlı suallarını cavablandırır, vəsaitlərini düzgün idarə etməkdə dəstək olur. Artıq həm ABB kartına, həm digər bank kartına kart nömrəsi və ya şablonla köçürmələri də süni intellekt köməkçiləri ilə yerinə yetirmək mümkündür. İstifadəçilərin 56%-i AI-nurla, 44%-i AI-khan-la danışıb Qısa zamanda ABB-nin 150 minə yaxın müştərisi süni intellekt köməkçisinin xidmətindən faydalanıb və istifadəçi sayı sürətlə artmaqdadır. İndiyə qədər süni intellekt köməkçiləri ilə 1 milyondan çox qarşılıqlı ünsiyyət qurulub. İstifadəçilərin 56%-i köməkçi kimi AI-nuru, 44%-i isə AI-khanı seçib. AI-nur və AI-khan Bankın xidmət və məhsulları ilə bağlı əksər məsələlərdə operativ kömək göstərir, bank əməliyyatlarını, o cümlədən müştərinin kartları və hesabları arasında, eləcə də mobil nömrə ilə digər şəxslərə köçürmə əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar. Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud yenidən aktivləşdirilməsini də AI-khan və AI-nur həyata keçirir! Bank əməliyyatları daha rahat, sürətli və təhlükəsiz Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat və sürətli şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur. ABB yeni funksiyalarla müştərilərin süni intellektdən istifadə təcrübəsini tezliklə daha da inkişaf etdirəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən “Fayda Max Abunəlik” proqramı

Müştərilər üçün davamlı üstünlüklər yaradan ABB daha bir maraqlı yeniliyini təqdim edib. Bu, “Fayda Max Abunəlik” proqramıdır. Bu yenilik ABB mobile istifadəçilərinə “Fayda Max” proqramının “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinə aylıq abunə olmaq imkanı yaradır. Belə ki, müştəri Fayda Max üzrə 1 aylıq tapşırıqları tamamlamağa başlayıb hər hansı mərhələyə çatır, abunə olmaq istədiyi mərhələ ilə mövcud mərhələ arasındakı qiymət fərqi qədər ödəniş edib istədiyi mərhələyə abunəlik qazanır. Məsələn, əgər müştəri hələlik yalnız “Gümüş” mərhələyə çatıbsa, amma “Qızıl” mərhələ istəyirsə, yalnız fərq qədər — 12 AZN (19 - 7 = 12) ödəniş edib “Qızıl” mərhələyə abunə olur. Müştəri tapşırıqları tamamlayaraq “Qızıl” mərhələyə çatıb lakin daha aşağı mərhələyə abunə olmaq istədikdə isə həmin ay üçün heç bir ödəniş tutulmur. Abunəlik modeli seçilən mərhələ üzrə 1 aylıq aktivlik təmin edir və ödəniş olunan andan etibarən cari ayın sonuna qədər istifadə imkanı verir. Abunəlik hər ay avtomatik yenilənir. Bu, ölkəmizdə mobil bankçılıqda tətbiq olunan ilk abunə əsaslı loyallıq sistemidir. Aylıq ödənişlə dərhal mükafat və üstünlüklərə çıxış, tapşırıqlar vasitəsilə mərhələyə çatdıqda endirimli abunə haqqı, müştərinin seçiminə uyğun 3 fərqli paketin (“Bürünc” – 3 AZN, “Gümüş” – 7 AZN, “Qızıl” – 19 AZN) olması bunun üstünlükləridir. Abunəliyin avtomatik yenilənməsi – istifadəçi rahatlığına xidmət edir. Fayda Max ABB mobile tətbiqinin bütün istifadəçiləri üçün yaradılmış loyallıq proqramıdır. Müştəri Fayda Max-a qoşulub mərhələlərin hər hansı birini tamamladığı halda, ona növbəti ay tamamladığı ən son mərhələyə uyğun mükafatlar təqdim olunur. Proqram haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıtdı

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 17 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə üçüncü dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası Gold liqasında yarımfinala yüksələrək Meksika komandası ilə 2:2 hesabı ilə oyunu bitirib. Komandamız penaltı zərbələrində məğlub olaraq növbəti oyunda Kanada komandasına 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, turnirdə 30 komanda arasında 3-cü yeri tutmaqla bürünc medal qazanıb. Baş məşqçi Rövşən Babayevin rəhbərliyi ilə turnirdə bu uşaq futbolçular iştirak ediblər: Bavver Ayaz Bakir, Aylin Hüseynova, Sara Məmmədova, Əli Kərimzadə, Naim Məmmədov, Cavad Əliyev, Camal Hüseynbəyli, Mikayıl Səmədov, İslam Xanbabazadə, Ərtoğrul Nadir, Rauf Rəhimov, Həsən Xəlilov, Cahangir İman, İsmayıl Sadiq.Turnir çərçivəsində Azərbaycan komandasının üzvləri məşhur futbol ulduzu Roberto Karlosla da görüşüblər. Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2025-ci ilin iyununda bu proqram ölkəmizdə də üçüncü dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb. “Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2026-ci ilin 22-26 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə tutulur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Tam Visa kartını təqdim etdi

ABB müştərilərə yeni üstünlüklər qazandıran Tam Visa kartını bazara təqdim edib. Məhsulun əsas üstünlükləri rəqəmsal olmasıdır. Tam Visa kartını dərhal aktivləşdirib ondan istifadəyə başlamaq olar. Bu isə müştəri üçün sürət və rahatlıq deməkdir. Bu kart ödənişlərdən 10%-dək faydalı keşbek qazandırır. Kartla köçürmə və nağdlaşdırma 3 000 AZN-dək komissiyasızdır. FaydaMax-da “Qızıl”mərhələyə çatdıqda müştəri 2x ƏDV Geri Al-dır. Üstəlik, kart sahibləri Tam Visa ilə apardıqları əməliyyatların dövriyyəsinə görə də müəyyən hədiyyələr əldə edirlər. Onlara dövriyyədən asılı olaraq Costa Coffee-də, ParkCinema-da, Crunch Burger-də müxtəlif imtiyazlar verilir. Bundan başqa, 31 mart 2026-cı il tarixinə qədər keçiriləcək kampaniya çərçivəsində ölkə ərazisində nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında ABB-nin yeni Tam Visa kartı ilə Apple Pay, yaxud Google Pay vasitəsilə edilən ödənişlər sərnişinlərə 100% keşbek qazandıracaq. Ödənilən gediş haqqı məbləği 100% keşbek olaraq ABB mobile-dakı “Faydalı keşbek” balansına köçürülür. Kampaniya yalnız AZN valyutalı yeni Tam Visa kartı ilə keçərlidir. Hər müştəri kampaniyadan maksimum 10 dəfə yararlana bilər. Kampaniya yalnız Apple Pay və Google Pay texnologiyalarını dəstəkləyən avtobuslarda keçərlidir. Tam Digi Visa kartının yaratdığı bütün imkanlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

ABB-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil etdiyi ABB Riyaziyyat Yarışması başa çatıb. Yarışmada iştirak üçün 7574 şagird müraciət edib və birinci seçim mərhələsinə dəvət alıb. Onlardan 260 nəfər bu mərhələni uğurla tamamlayaraq ikinci mərhələyə keçid edib. Növbəti mərhələdə də uğur qazanmış 62 nəfər arasından müsahibə ilə 35 şagird Bakıda təşkil olunan 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanıb. Təlim iştirakçılarının 12 nəfəri region məktəblərində təhsil alan şagirdlər olub. Təlimlər ABB Tech Akademiyasının bazasında, olimpiada və intensiv təhsil proqramlarının təşkili sahəsində ixtisaslaşmış yerli və xarici ekspertlərin metodoloji dəstəyi ilə keçirilib. Təlimlərin sonunda iştirakçılar arasında final yarışı təşkil edilib. Nəticədən asılı olaraq ilk 3 yerin qalibləri seçilib. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İstedadlara dəstək məqsədilə Bankımızın həyata keçirdiyi daha bir maraqlı layihə uğurla başa çatdı. Bu layihənin reallaşdırılmasında tərəfdaşlıq dəstəyinə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk. ABB Riyaziyyat Yarışmasında biliklərini sınayan bütün gənclərimizə uğurlar arzulayırıq. Cəmiyyətimiz üçün faydalı proqramlarımızı bundan sonra da davam etdirəcəyik”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!