Geri qayıtmaq

FATCA/CRS

FATCA

FATCA (Foreign Account Tax Compliance Act) – Xarici hesablar üzrə vergi əməletməsi aktıdır. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

ABŞ-nin vergi qanunvericiliyi həm ABŞ-da, həm də onun hüdudlarından kənarda mövcud olan bütün mənbələrdən əldə etdikləri gəlirlər üzrə ABŞ rezidentləri tərəfindən vergi ödənilməsini tələb edir. Bununla bağlı ABŞ xaricindəki maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda onların ABŞ rezidenti olub-olmamasının müəyyən edilməsi və olduğu halda belə müştərilərin bank hesabı və maliyyə əməliyyatları haqqında məlumatların ABŞ-ın Vergi orqanına (US Internal Revenue Service) ötürülməsi təmin edilməlidir. 

Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti  ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş” imzalanıb və həmin sənəd 5 noyabr 2015-ci il tarixindən qüvvəyə minib.

Bu Sazişdən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə maliyyə institutlarının, o cümlədən, respublikanın bütün banklarının hüquq və vəzifələrini və onların bu məsələlərlə bağlı məsuliyyətini nəzərdə tutan məsələlər Vergi Məcəlləsinə daxil edilmişdir (13.2.66-cı, 13.2.67-ci, 36.7-cı, 36.8-cı, 53.8-ci, 60-cı, 60.3-cü, 76-cı və 76-1-ci məddələr).

FATCA ilə bağlı daha ətraflı məlumatı İRS-in rəsmi səhifəsindən və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin veb səhifəsindən əldə edə bilərsiniz.

CRS

CRS (Common Reporting Standard) – Ümumi Hesabatlılıq Standartı olaraq vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanılması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb.

Maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və OECD-nin “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” çoxtərəfli Konvensiyası əsasında aparılır. Azərbaycan bu Konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında Protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 100-dən artıq ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir.

Azərbaycan Respublikasının Prezidenti 4 avqust 2016-cı il tarixli Sərəncam ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə ölkə hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulub. Həmin Sərəncamın icrası olaraq “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanət imzalanıb və bu bəyanəta əsasən Azərbaycanda CRS-in tətbiqinə 1 iyul 2017-ci il tarixindən başlanılıb və bu tarixdən etibarən maliyyə institutlarına hesab açmaq üçün müraciət etmiş hər bir hüquqi və fiziki şəxsin (özünüqiymətləndirmə anketi dolduraraq)  vergi rezidentliyinin statusunu müəyyən etməlidirlər.

CRS ilə bağlı ətraflı məlumatı OECD-in rəsmi səhifəsindən və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin veb səhifəsindən əldə edə bilərsiniz.   

Metodoloji göstərişlər 

CRS form

CRS (AZE)

Instruction W-8BEN-E

Instruction W-9

W-8BEN (AZE)

W-8BEN-E (AZE, ENG - Full version)

W-8BEN-E (AZE, ENG - Short version)

W-8BEN (ENG)

W-9 (AZE)

W-9 (ENG)

W8BEN-E – by ABB – dd_16.08.2023

ABB Mobile
YÜKLƏ