Geri qayıtmaq

Korrupsiyaya qarşı mübarizə siyasətindən çıxarış

SİYASƏT HAQQINDA

“ABB" ASC-nin korrupsiyaya qarşı mübarizə siyasəti” korrupsiyaya qarşı mübarizənin əsas prinsiplərini, məqsədlərini və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirləri müəyyən edir. “ABB" ASC (bundan sonra - ABB) korrupsiyanı iqtisadi inkişafa və effektiv idarəetməyə əsaslı mənfi təsir göstərən faktor kimi qəbul edir. Bu kontekstdə, ABB korrupsiyaya qarşı “sıfır tolerantlıq” (“zero tolerance”) yanaşmasını rəhbər tutur. ABB-də korrupsiyaya halları üzrə risklərin vaxtında və effektiv aşkar edilməsi, qiymətləndirilməsi və minimallaşdırılması üçün zəruri tədbirlər həyata keçirilir.

SİYASƏTİN MƏQSƏDİ

Siyasətin məqsədi Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında ABB-də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət mexanizminin formalaşdırılmasıdır. Fəaliyyət mexanizmi özündə korrupsiyaya qarşı həm profilaktik, həm də mübarizə tədbirlərini ehtiva edir.

KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN ƏSAS PRİNSİPLƏRİ

 Bankın korrupsiyaya qarşı mübarizə proqramı aşağıdakı prinsiplərə əsaslanır:

  • Rəhbərlik və məsuliyyət;
  • Risklərin qiymətləndirilməsi və davamlı inkişaf;
  • Daxili nəzarət və prosedurlar;
  • Təlimləndirmə və kommunikasiya;
  • Məlumatvermə.

SİYASƏT KİMLƏRƏ ŞAMİL OLUNUR?

Siyasət ABB-nin bütün işçi heyətini, eləcə də ABB ilə işgüzar münasibətlərdə olan kontragentləri, mal, iş, xidmət təchizatçılarını, məsləhətçiləri və bu statuslara uyğun olan sair digər fiziki və hüquqi şəxsləri əhatə edir. 

SİYASƏTİN MƏQSƏDLƏRİ ÜÇÜN “KORRUPSİYA” DEDİKDƏ NƏ BAŞA DÜŞÜLÜR?

ABB əməkdaşlarının öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq üçünçü şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınması. 

ÜÇÜNCÜ ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRDƏ ANTİ-KORRUPSİYA

Bank üçüncü tərəflərlə biznes münasibətlərində korrupsiya hallarına yol verilməməsi üçün müvafiq tədbirlər görür. Bu istiqamətdə Bank:

  • Potensial üçüncü şəxslərin reputasiyasını araşdırır;
  • ABB-nin anti-korrupsiya prinsipləri və tələbləri barədə üçüncü şəxsləri məlumatlandırır;
  • Hədiyyələrin verilməsi və alınması, habelə biznes qonaqpərvərliyinə nəzarət edir;
  • Maraqlar münaqişəsinin qarşısını alır;
  • Üçüncü şəxslərin korrupsiyaya qarşı tolerantlıq səviyyəsini və onların korrupsiyanın qarşısının alınmasına münasibətini biznes münasibətlərinə başlamadan nəzərə alır.

MARAQLAR MÜNAQİŞƏSİ

Maraqlar münaqişəsi nəticəsində tərəflərdən birinin hərəkəti (hərəkətsizliyi) digəri üçün xoşagəlməz nəticələr doğura bilər. Bunun qarşısının alınması məqsədilə ABB-nin hər bir əməkdaşı: 

  • Maraqlar münaqişəsinin baş verməməsi üçün fərdi təşəbbüs göstərməklə tədbirlər görməli;
  • Maraqlar münaqişəsinin baş verməsi, habelə baş verməsinə rəvac verən əsaslı hallar barədə öz birbaşa rəhbərini məlumatlandırmalıdır.

HƏDİYYƏLƏR VƏ BİZNES QONAQPƏRVƏLİYİ

ABB müasir işgüzar etiketin əhəmiyyətli tərkib hissəsi hesab edilən biznes qonaqpərvərliyinə, eləcə də onun forması olan nümayəndəlik xərclərinə müsbət yanaşır. ABB biznes qonaqpərvəliyini reputasiya və imicin inkişafına müsbət təsir edən bir alət kimi qiymətləndirir və biznes qonaqpərvəliyi üzrə xərclərinin həcmi ağlabatan olmaq şərti ilə qəbul edir.

ABB əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməzlər. ABB pul vəsaitlərini, qiymətli kağızları, habelə xidmətləri (iş, istirahət, əyləncə, maddi nemətlərdən istifadə və s.) də hədiyyənin forması kimi qəbul edir və onların digər şəxslərdən tələb və ya qəbul edilməsinə yol vermir.     

ABB əməkdaşları öz xidməti vəzifələrinin icrası ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq üçünçü şəxslərdən xırda və simvolik hədiyyələr qəbul edə bilərlər (misal: şirniyyat, korporativ dəftər və s.)

UÇOTUN APARILMASI

ABB əməkdaşları qəbul etdiyi və ya onlara təqdim olunan hədiyyələr, habələ biznes qonaqpərvərliyinə dair xərclər  barədə birbaşa rəhbərinə məlumat verməlidirlər.

KORRUPSİYA HALI İLƏ RAST GƏLDİYİNİZ HALDA NƏ ETMƏK LAZIMDIR?

ABB əməkdaşları və ya ABB ilə əməkdaşlıq edən üçünçü şəxslər korrupsiya hüquqpozmaları ilə bağlı əsaslı şübhələr yaradan hallarla rastlaşdıqda, bununla bağlı yaradılmış “Qaynar xətt” telefon nömrəsinə +994 12 4930091 (dax. 2828) və ya achl@abb-bank.az e-mail ünvanına məlumat verməlidirlər.  Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı “Qaynar xətt”ə məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, ABB həmin şəxsin konfidensiallığını təmin edir. ABB korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra onu qeydə alır və müvafiq qaydada araşdırma aparır.

ABB Mobile
YÜKLƏ

Saytımızda yaşadığınız təcrübəni şərh edin

1-5 ulduzla dəyərləndirin

Şərhiniz üçün təşəkkür edirik!