Mükafatlandırmanın əsas prinsipləri
Son yenilənmə: 25.01.2024
"ABB" ASC (Bank) mükafatlandırma işini strateji və biznes hədəflərinin realizasiyası istiqamətində proaktiv kadr hazırlığı siyasətinin baza elementi kimi qəbul edir. Bankın mükafatlandırma sistemi Bankın strateji və biznes hədəflərinin realizasiyasını təmin edən ixtisaslı və peşəkar işçilərin saxlanılması, motivasiyası, onların fərdi və peşəkar inkişafının stimullaşdırılması, eləcə də əmək bazarından ixtisaslı və peşəkar işçilərin cəlb edilməsinə xidmət edir.
Bank işçi heyətin mükafatlandırılması işində ədalətlilik, rəqabətlilik və şəffaflıq kimi prinsipləri rəhbər tutur.
Mükafatlandırma alətləri
Bank əməkdaşlarını nağd və nağdsız formada olan alətlərdən istifadə etməklə mükafatlandıra bilər. Nağdsız mükafatlandırma alətlərinə dövlət tərəfindən təqdim olunan icbari təminat proqramlarına əlavə olaraq, Bankın təqdim etdiyi sosial proqramlar daxildir.
Mükafatlandırma parametrləri
Bank qısa və ortamüddətli biznes hədəflərinin realizasiya səviyyəsinin ölçülməsi məqsədilə işçi heyətin fəaliyyətini istiqamətdən asılı olaraq aylıq, rüblük və illik əsaslarla qiymətləndirir. Qiymətləndirmə prosesində işçiyə hesabat ili üzrə təyin edilmiş hədəflərin icrası təhlil edilir. Mükafatlandırılma zamanı işçinin illik fəaliyyətinin kəmiyyət aspektləri (məs., verilmiş tapşırıqların icrası, planın yerinə yetirilməsi və s.) ilə yanaşı, keyfiyyət parametrlərinə də diqqət yetirilir. Keyfiyyət göstəricilərinə işçinin Bankın korporativ dəyərlərinə riayət etmə səviyyəsi, onun nizam-intizamı kimi parametrlər daxildir. Müştəri xidmətləri strukturlarının əməkdaşları üzrə müştəri yönümlülük əhəmiyyətli keyfiyyət göstəricisidir.