"ABB" “ASAN radio” ilə birgə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verib. Birgə layihə çərçivəsində hər həftə “ASAN radio”da canlı olaraq “Sahibkarı tanı” proqramı efirə gedəcək.
Proqramı hər həftənin çərşənbə axşamı, saat 19.05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də ABB-nin və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.
Verilişin əsas özəlliyi burada sahibkarların da iştirakıdır. Onlar öz biznes hekayələrini danışacaq, real nümunələr əsasında təcrübələrini bölüşəcək, mövcud problemlərin həlli üçün təkliflər irəli sürəcəklər. “Sahibkarı tanı” verilişinə müvafiq sahələr üzrə peşəkar ekspertlər də qonaq qismində cəlb olunacaqlar.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa, əsas bazar trendlərini izləyə biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. “Sahibkarı tanı” verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.
ABB-nin Baş direktoru Nərgizxanım Biləndərli deyib: “Bank kiçik və orta biznesin inkişafına dəstəyini uğurla davam etdirir. Sahibkarların maarifləndirilməsi istiqamətində də indiyə qədər bir sıra layihələrimiz olub. ASAN Radio ilə bu sahədə birgə işimizin davamı olan “Sahibkarı tanı” proqramı da ümid edirik ki, sahibkarlara fayda verəcək”.
Verilişin aparıcısı Əli Əhmədov isə proqramda sahibkarların iştirakının layihəni daha da maraqlı edəcəyini bildirib: “Proqrama müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarları dəvət edəcəyik. Onların real nümunələr əsasında öz təcrübələrini paylaşmaları dinləyicilərimiz üçün maraqlı olacaq və faydalı təşəbbüslərin ortaya çıxmasına kömək göstərəcək”.