Geri qayıtmaq

#KitabıDinlə

Əziz dostlar,

Layihədə məqsədimiz Ana dilimizin qorunmasına və inkişafına töhfə verməkdir. Bizim Ana dilimiz Azərbaycan dilidir. Bu dildə düşünmək, danışmaq, ünsiyyət qurmaq, kitab oxumaq bizə həmişə böyük zövq verib. İndi isə Ana dilimizdə kitabları təkcə oxumaq yox, dinləmək də olar.

Müasir insan vaxt qıtlığı problemi ilə üz-üzədir. Bəzən kitab oxumağa arzu etdiyimiz qədər zamanımız qalmır. Amma çıxış yolu həmişə var. Səsli kitablar elə bir vasitədir ki, biz onları mütaliə üçün xüsusi vaxt ayırmadan da dinləyə bilərik. İctimai nəqliyyatda yol gedərkən, sükan arxasında, təbiət qoynunda gəzinti vaxtı, idman saatlarında, hər hansı işlə məşğul olarkən və s. Səsli kitablar Azərbaycan oxucuları üçün bir yenilikdir. Hələlik dilimizdə onların sayı çox az olsa da, ümid edirik ki, getdikcə say artacaq. Biz də bu işə dəstək olmaq istəyi ilə Sizin üçün “Kitabı dinlə” layihəsinə başladıq. Layihəmizin ilk kitabları artıq hazırdır. Onlar məxsusi olaraq yaradılmış www.kitabidinle.az portalına yerləşdirilib. Bunlar Cəlil Məmmədquluzadənin “Hekayələr”i, Sədi Şirazinin “Gülüstan” əsəri, Andre Moruanın “Yad qadına məktublar” romanı və “Çərşənbə gününün bənövşələri” hekayəsidir. İndi hər bir internet istifadəçisi əsərləri bu portalda onlayn dinləyə, yaxud kitabın faylını kompüterinə, planşetinə, mobil telefonuna, avtomobilinin multimedia sisteminə yükləyə bilər.

Layihəyə xüsusi dəyər qatan əsas məqamlardan biri isə, təbii ki, kitabların fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsidir. Burada məqsəd fiziki məhdudiyyətli soydaşlarımızın cəmiyyətə fəal inteqrasiyasına az da olsa dəstək verməkdir.

İlk mərhələdə kitabları üç iştirakçı  - Sevda Səfərəliyeva, Orxan Adıgözəl və Murad Məmmədov səsləndirib. Bank bu ideyanın reallaşmasına verdikləri dəstəyə görə “Kitabı dinlə” layihəsinin səslərini mükafatlandırıb.  “Kitabı dinlə” layihəsi yeni iştirakçılarla bundan sonra da davam etdiriləcək.

 

“KİTABI DİNLƏ”mək və onun öyrətdiklərinə əməl etmək bir dəyərdir.

Birlikdə dəyər yaradırıq!

www.kitabidinle.az

ABB Mobile
YÜKLƏ