ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!

2 Sentyabr, 2026

Azərbaycan dövlətinin 2032–ci ilədək 8 QVt–lıq yaşıl enerji hədəfinə uyğun olaraq ABB ölkəmizdə həyata keçirilən yaşıl enerji layihələrində yaxından iştirak edir. Bank hazırda “Masdar”, “ACWA” və “Universal Solar” şirkətlərinin Azərbaycanın müxtəlif regionlarında həyata keçirdiyi layihələrə agent bank kimi dəstək verir.

Bu layihələrdən biri “Masdar” şirkətinin Biləsuvar rayonunda həyata keçirdiyi 445 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsidir. Bu layihə təxminən 190 000-dən çox evin elektrik enerjisi ilə təmin olunmasına, illik 393 000 tondan çox CO emissiyasının qarşısının alınmasına imkan verəcək.

ABB “Masdar” şirkətinin Neftçala rayonunun Bankə qəsəbəsində yaratdığı 315 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinə də dəstək verir. Stansiya 140 000-dən çox evi elektrik enerjisi ilə təmin edəcək. İllik 280 000 ton CO emissiyasının qarşısını alacaq.

Bank həmçinin “ACWA” şirkəti ilə tərəfdaşlıq əsasında Abşeron-Xızı rayonunda quruda külək enerjisi layihəsinin yaradılmasına dəstək verir. 240 MVt gücündə layihə sayəsində 300 000-dən çox ev yaşıl elektrik enerjisi ilə təmin ediləcək, illik 400 000 tondan çox CO emissiyasının qarşısı alınacaq.

ABB-nin dəstəyi ilə uğurla reallaşdırılan daha bir yaşıl enerji layihəsi isə Qaradağ rayonunda 100 MVt gücündə günəş enerjisi layihəsidir.  Bu layihə təxminən 50 000 evin elektrik enerjisi ilə təmin edilməsinə, illik 146 500 tondan çox CO emissiyasının qarşısının alınmasına kömək göstərəcək.

Beləliklə, ABB-nin agent bank rolu ilə reallaşdırılan yaşıl enerji layihələrinin ümumi həcmi ölkəmizin 2032-ci ilə qədər qarşıya qoyduğu hədəfin ilkin mühüm hissəsidir.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!