Bu İstifadə Şərtləri (bundan sonra – “Şərtlər”) “ABB” ASC-nin (bundan sonra – “Bank”) “ChatGPT” platforması vasitəsilə təqdim etdiyi tətbiqdən (bundan sonra – “Tətbiq”) istifadə qaydalarını və bununla bağlı əsas şərtləri müəyyən edir.
Tətbiqə daxil olmaq və ya Tətbiqdən istifadə etmək istifadəçinin bu Şərtlərlə tanış olduğunu və onları qəbul etdiyini bildirir. İstifadəçi Şərtləri qəbul etmədiyi halda Tətbiqdən istifadə etməməlidir.
Bu Şərtlər yalnız Bank tərəfindən “ChatGPT” platforması vasitəsilə təqdim edilən Tətbiqə şamil edilir. “ChatGPT” platformasından və “OpenAI” xidmətlərindən istifadə ilə bağlı “OpenAI” tərəfindən müəyyən edilmiş müqavilə şərtləri, siyasətlər, məxfilik qaydaları və məlumatların idarə olunmasına dair müddəalar da tətbiq edilir.
Bu Şərtlərdə “Bankın rəsmi kanalları dedikdə”, Bank xidmətlərinin göstərilməsi, bank əməliyyatlarının həyata keçirilməsi, müştərilərin müraciətlərinin qəbulu və onlara baxılması, habelə Bankla müştərilər arasında əlaqənin təmin edilməsi üçün Bank tərəfindən istifadə olunan rəsmi xidmət və kommunikasiya vasitələri nəzərdə tutulur. Bu vasitələrə, müvafiq funksiyaların mövcudluğundan asılı olaraq, Bankın rəsmi internet səhifəsi, mobil və internet bankçılıq xidmətləri, filialları, çağrı mərkəzi və Bankın digər rəsmi kommunikasiya vasitələri daxildir.
1. Tətbiqin mahiyyəti və təqdim edilmə məqsədi
Tətbiq Bankın məhsulları, xidmətləri, xidmət kanalları və digər əlaqəli məsələlər barədə açıq mənbələrdən əldə edilən və ya ümumi istifadə üçün nəzərdə tutulan məlumatlar əsasında məlumatlandırıcı cavabların hazırlanmasına və təqdim edilməsinə xidmət edir. Tətbiq bank əməliyyatlarını həyata keçirmək səlahiyyətinə malik deyil.
Tətbiqin funksiyası ümumi xarakterli məlumatların axtarılması, əldə edilməsi və həmin məlumatların “ChatGPT” interfeysində anlaşılan formada təqdim edilməsi ilə məhdudlaşır.
Tətbiq müştəri hesablarına daxil olmaq, bank əməliyyatlarını həyata keçirmək, Banka rəsmi müraciət və ya şikayət ünvanlamaq, yaxud təcili dəstək almaq üçün nəzərdə tutulmayıb və bu məqsədlərlə istifadə edilə bilməz.
2. Məlumatlandırmanın əhatə dairəsi
Tətbiq aşağıdakı məsələlər, o cümlədən digər əlaqəli mövzular üzrə ümumi məlumatlar təqdim edə bilər:
- Hesab və kart məhsullarının ümumi xüsusiyyətləri;
- Kredit və maliyyələşdirmə məhsulları;
- İnvestisiya və sığorta məhsulları barədə ümumi məlumatlar;
- Ödəniş və pul köçürmələri prosesləri;
- Rəqəmsal bankçılıq kanalları;
- Bankın filialları və müştəri xidmətləri;
- Kampaniyalar;
- Tariflər, xidmət haqları və komissiyalar barədə ümumi məlumatlar;
- Tez-tez verilən suallara cavablar.
Tətbiq vasitəsilə təqdim edilən məlumatlar ümumi xarakter daşıyır və konkret istifadəçinin Bankın müştərisi olub-olmamasından, onun hesablarının və ya digər bank məhsullarının vəziyyətindən asılı olmayaraq formalaşdırılır. Tətbiq konkret müştəriyə aid məlumat və qeydlərə əsaslanaraq fərdiləşdirilmiş bank məlumatları təqdim etmir.
3. Tətbiq vasitəsilə həyata keçirilə bilməyən əməliyyatlar
Tətbiqdən aşağıdakı məqsədlərlə istifadə edilə bilməz:
- Bankda mövcud olan hesabları, hesab qalıqlarını, hesab üzrə əməliyyatları, kartları, kreditləri, investisiyaları, sığorta məlumatlarını, müştəri profilini və ya digər konkret müştəriyə aid qeydləri görüntüləmək və ya sorğulamaq;
- Şəxsiyyəti və ya müştərini təsdiqləmək, istifadəçinin bank hesabına təhlükəsiz qaydada daxil olmasını təmin etmək, mobil və internet bankçılıq, çağrı mərkəzi və ya filial funksiyalarını həyata keçirmək;
- Ödəniş və ya pul köçürməsi aparmaq, kart, hesab, kredit və ya investisiya əməliyyatı həyata keçirmək, bank məhsulu üzrə rəsmi müraciətin təqdim edilməsi, məhsulun sifariş edilməsi və ya əldə edilməsi prosesini başlatmaq və ya tamamlamaq;
- Hüquqi nəticə yaradan göstərişlərin verilməsi, müraciətlərin təqdim edilməsi, ərizə və ya təkliflərin qəbulu, əməliyyatların təsdiqi və ya rədd edilməsi, öhdəliklərin götürülməsi və müqavilələrin bağlanması;
- İstifadəçinin fərdi vəziyyəti və konkret halları nəzərə alınmaqla ona investisiya, maliyyə, hüquq, vergi, kredit və ya sığorta məsələləri üzrə fərdi məsləhətlərin verilməsi.
Hesab təhlükəsizliyi, kartın itirilməsi və ya oğurlanması, dələduzluq şübhəsi, etiraz, şikayət, bank əməliyyatına dair göstəriş və ya hüquqi nəticə yarada biləcək digər məsələlərlə bağlı Bankın müvafiq rəsmi kanallarından istifadə edilməlidir.
4. Bank xidmətləri ilə rəsmi kanalların fərqləndirilməsi
Tətbiq Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Bank tərəfindən göstərilən bank xidmətlərini və ya bank əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş səlahiyyətli kanalları əvəz etmir.
Müştərinin şəxsiyyətinin təsdiqlənməsi və bank əməliyyatlarının həyata keçirilməsi yalnız Bank tərəfindən müvafiq məqsədlər üçün müəyyən edilmiş rəsmi kanallar vasitəsilə mümkündür.
Tətbiq vasitəsilə yaradılan cavablar Bankın adından verilmiş rəsmi göstəriş, qərar, təsdiq, təklif, öhdəlik və ya zəmanət hesab edilmir və özlüyündə müqavilə münasibətləri yaratmır. Bank üçün hüquqi nəticə yaradan məsələlər yalnız müvafiq səlahiyyətli şəxslər və ya Bankın bu məqsədlə müəyyən etdiyi rəsmi kanallar vasitəsilə rəsmiləşdirildikdə və ya təsdiq edildikdə hüquqi qüvvə əldə edir.
5. Həssas və məxfi məlumatların paylaşılmaması
Tətbiqin fəaliyyət göstərməsi üçün şəxsiyyəti müəyyənləşdirən məlumatların və ya bank sirri təşkil edən məlumatların paylaşılması tələb olunmur.
Bu səbəbdən istifadəçilər aşağıdakı məlumatları Tətbiqə və ya Tətbiqin söhbət bölməsinə daxil etməməlidirlər:
- Şifrələr, PIN-kodlar və birdəfəlik təsdiqləmə kodları;
- Kart nömrəsi, kartın son istifadə tarixi, CVV/CVC kodu və digər kart təhlükəsizliyi məlumatları;
- Müştəri nömrəsi, hesab nömrəsi, IBAN, mobil və internet bankçılıq sistemlərinə giriş məlumatları;
- FİN, şəxsiyyət vəsiqəsinin nömrəsi və digər şəxsiyyəti müəyyənləşdirən məlumatlar, habelə biometrik məlumatlar;
- API açarları, üçüncü şəxslərə və/və ya müştərinin özünə aid fərdi məlumatlar, kommersiya sirri təşkil edən məlumatlar və digər məxfi və ya həssas məlumatlar.
İstifadəçi hesabın, kartın, cihazın və ya rəqəmsal bankçılıq imkanlarının təhlükə altında olmasından şübhələnildikdə, Tətbiqdən istifadə etmək əvəzinə Bankın müvafiq təhlükəsizlik və müştəri xidmətləri üzrə rəsmi kanallarına müraciət edilməlidir.
6. Süni intellekt vasitəsilə yaradılan cavabların xüsusiyyətləri
Tətbiqdəki cavablar generativ süni intellekt texnologiyası ilə Bankın ümumi məlumat mənbələrinin birlikdə istifadəsi əsasında hazırlanır.
Bank istifadə olunan məlumat mənbələrinin aktuallığının və düzgünlüyünün təmin edilməsi üçün müvafiq tədbirlər görsə də, süni intellekt vasitəsilə yaradılan cavabların hər bir halda tam, dəqiq və aktual olmasına zəmanət vermir.
Bank məhsullarının şərtləri, xidmət haqları, komissiyalar, faiz dərəcələri, kampaniya şərtləri, uyğunluq meyarları və xidmət kanalları dəyişə bilər.
Tətbiq vasitəsilə təqdim edilən məlumatlarla Bankın rəsmi internet səhifəsində, müqavilələrində, məhsul sənədlərində, tariflərində və ya digər rəsmi kanallarında əks olunan məlumatlar arasında fərq olduqda, müvafiq məsələ üzrə Bankın qüvvədə olan rəsmi məlumatları və müqavilə şərtləri əsas götürülməlidir.
7. Məsləhət xidmətinin göstərilməməsi
Tətbiq vasitəsilə təqdim edilən cavablar ümumi məlumatlandırma məqsədi daşıyır.
Bu cavablar investisiya tövsiyəsi, maliyyə məsləhəti, hüquqi və ya vergi rəyi, kredit qiymətləndirilməsi, sığorta məsləhəti və ya konkret şəxsə ünvanlanmış fərdi məhsul tövsiyəsi hesab edilmir.
İstifadəçi öz vəziyyətinə uyğun qərar qəbul etməzdən əvvəl zəruri hesab etdiyi hallarda müvafiq sahə üzrə səlahiyyətli və ya ixtisaslı mütəxəssisin rəyini əldə etməlidir.
8. “ChatGPT” və “OpenAI” ilə münasibətlər
Tətbiq “ChatGPT” platformasının infrastrukturu üzərində fəaliyyət göstərir. “ChatGPT” hesabı, platformanın funksiyaları, modelin davranışı, məlumatlara nəzarət parametrləri, xidmətin əlçatanlığı və “OpenAI” tərəfindən həyata keçirilən məlumatların emalı “OpenAI”-ın müvafiq şərtlərinə, siyasətlərinə və qaydalarına tabedir.
İstifadəçi Tətbiq vasitəsilə göndərdiyi sorğuların məzmununun “OpenAI” tərəfindən emal olunduğunu başa düşür və bunu qəbul edir. Emal zamanı məlumatlar Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən serverlərdə işlənə bilər. Həmin serverlərin yerləşdiyi yer və emal prosesi Bank tərəfindən müəyyən edilmir və Bankın nəzarətində deyil.
İstifadəçi Tətbiq vasitəsilə fərdi məlumatlarını, bank sirrini və digər məxfi məlumatları daxil etməməlidir. İstifadəçinin öz təşəbbüsü ilə daxil etdiyi məlumatların “OpenAI” tərəfindən emalı, saxlanılması və ya üçüncü şəxslərə açıqlanması ilə bağlı risklər istifadəçinin üzərinə düşür. Bank bu səbəbdən yarana biləcək zərərə və ya nəticələrə görə məsuliyyət daşımır.
Bank “OpenAI” xidmətlərinin fəaliyyətinə, fasiləsiz əlçatanlığına və həmin xidmətlərdə yarana biləcək texniki nasazlıqlara birbaşa nəzarət etmir və bu xidmətlərin fasiləsiz fəaliyyətinə zəmanət vermir.
“ChatGPT” tərəfindən Bankın məlumat mənbələrinə əsaslanmaqla və ya həmin mənbələrdən kənar əlavə izahlar və məzmun yaratmaqla təqdim edilən cavablar mühüm qərarların qəbul edilməsi üçün yeganə əsas kimi istifadə edilməməlidir. Belə qərarlar qəbul edilməzdən əvvəl müvafiq məlumatlar Bankın rəsmi məlumatları ilə yoxlanılmalıdır.
9. Söhbət tarixçəsinin Bankın müştəri sistemlərindən ayrılığı
Tətbiq istifadəçini Bankın müştərisi kimi təsdiqləmək və ya Bankın müştəri informasiya sistemlərinə qoşulmaq üçün nəzərdə tutulmamışdır.
Bank Tətbiq vasitəsilə istifadəçi ilə “ChatGPT” arasında aparılan ümumi söhbət tarixçəsinə çıxış əldə etmir və həmin tarixçəni görüntüləmir.
Bankın Tətbiq çərçivəsində texniki rolu Tətbiq çağırışı zamanı MCP (Model Context Protocol – Model Konteksti Protokolu) vasitəsilə ümumi məlumat mənbələrində sorğu aparılması və müvafiq məzmunun “ChatGPT” mühitinə ötürülməsi ilə məhdudlaşır.
Bu texniki quruluş vasitəsilə müştəriyə məxsus hesab, kart, hesab qalığı, əməliyyat, kredit, investisiya, sığorta və ya şəxsiyyətin təsdiqlənməsi məlumatlarına çıxış əldə edilməsi nəzərdə tutulmur.
10. İstifadə hüququ və uyğunluq
Tətbiqdən yalnız qüvvədə olan qanunvericiliyə, bu Şərtlərə və “OpenAI”-ın tətbiq olunan istifadə qaydalarına uyğun olaraq “ChatGPT” xidmətindən istifadə etmək hüququ olan şəxslər istifadə edə bilərlər.
Tətbiq uşaqlar üçün xüsusi olaraq nəzərdə tutulmuş xidmət deyil. Uşaqlara aid fərdi məlumatlar, şəxsiyyəti müəyyən etməyə imkan verən məlumatlar, hesab məlumatları və digər həssas məlumatlar Tətbiq vasitəsilə təqdim edilməməlidir.
İstifadəçi hər hansı təşkilatın adından hərəkət etdikdə, həmin təşkilatı təmsil etmək və bu Şərtləri qəbul etmək üçün müvafiq səlahiyyətə malik olmalıdır.
11. Qadağan edilmiş istifadə üsulları
Tətbiqdən qanunsuz, dələduzluq məqsədli, zərərli və ya icazəsiz məqsədlərlə istifadə edilməsi; təhlükəsizlik və giriş nəzarəti mexanizmlərinin aşılmasına cəhd göstərilməsi; infrastrukturun fəaliyyətinin pozulması və ya həddindən artıq yüklənməsi; əks mühəndislik və sistematik məlumatların çıxarılması fəaliyyətlərinin həyata keçirilməsi; zərərli proqram təminatının və ya sorğu manipulyasiyası (prompt injection) məzmununun göndərilməsi qadağandır.
Təhlükəsizlik tələblərinin, qanunvericiliyin və ya istifadə qaydalarının pozulması halında Tətbiqə çıxış qanunvericiliyin və tətbiq olunan müqavilə şərtlərinin tələbləri nəzərə alınmaqla müvəqqəti və ya daimi olaraq məhdudlaşdırıla bilər.
12. Məxfilik və məlumatların emalı
Tətbiqin dizaynı onun funksiyalarının yerinə yetirilməsi üçün istifadəçidən fərdi məlumatların və ya konkret müştəriyə aid bank məlumatlarının alınmasını tələb etməyəcək şəkildə qurulmuşdur.
Tətbiqin fəaliyyəti zamanı yarana biləcək məhdud texniki və əməliyyat məlumatları barədə ətraflı məlumat Bankın “ChatGPT” Tətbiqinin Məxfilik Siyasətində təqdim edilir.
İstifadəçinin öz təşəbbüsü ilə “ChatGPT” platformasına daxil etdiyi məzmunun “OpenAI” tərəfindən emalı “OpenAI”-a tətbiq olunan şərtlərə, siyasətlərə və məlumatların emalı qaydalarına uyğun həyata keçirilir.
13. Əqli mülkiyyət hüquqları
Tətbiqə aid olan və Banka məxsus proqram komponentləri, dizayn, mətnlər, məlumat mənbələri, əmtəə nişanları və digər elementlər üzərində əqli mülkiyyət hüquqları Banka və ya müvafiq hüquq sahiblərinə məxsusdur.
Tətbiqdən istifadə hüququnun verilməsi istifadəçiyə həmin elementlər üzərində mülkiyyət hüquqlarının və ya hər hansı digər əqli mülkiyyət hüquqlarının verilməsi və ya ötürülməsi kimi şərh edilə bilməz.
Qanunvericiliklə yol verilən hallar istisna olmaqla, Bankın və ya müvafiq hüquq sahibinin əvvəlcədən yazılı razılığı olmadan Tətbiqin məzmununun və ya onun elementlərinin surətinin çıxarılmasına, çoxaldılmasına, yayılmasına, dəyişdirilməsinə və ya başqa formada istifadəsinə yol verilmir.
14. Tətbiqin dəyişdirilməsi və ya dayandırılması
Bank öz mülahizəsinə əsasən, təhlükəsizlik, texniki xidmət, qanunvericiliyin tələbləri, texniki zərurət, Tətbiqin funksionallığının təkmilləşdirilməsi və ya kommersiya səbəbləri ilə Tətbiqdə və ya onun ayrı-ayrı funksiyalarında dəyişikliklər edə, onları yeniləyə, Tətbiqin və ya onun ayrı-ayrı funksiyalarının fəaliyyətini müvəqqəti dayandıra və ya onlara xitam verə bilər.
Tətbiqin fasiləsiz və səhvsiz fəaliyyətinə, habelə onun müəyyən funksiyalarla daim əlçatan olmasına zəmanət verilmir.
15. Rəsmi müraciət və dəstək imkanlarının məhdudluğu
Tətbiq vasitəsilə göndərilən mesajlar Banka ünvanlanmış rəsmi müraciət, şikayət, etiraz, göstəriş və ya təhlükəsizlik bildirişi hesab edilmir və Banka rəsmi müraciət edilməsi qaydasını əvəz etmir.
Rəsmi müraciətlərin və şikayətlərin təqdim edilməsi, təhlükəsizlik insidentləri barədə məlumat verilməsi və dəstək alınması üçün Bankın müvafiq rəsmi kanallarından istifadə edilməlidir.
16. Məhsullar, kampaniyalar və qiymətlər barədə məlumatlar
Tətbiqdə təqdim olunan məhsul, xidmət haqqı, komissiya, faiz dərəcəsi və kampaniya şərtləri barədə məlumatlar ümumi xarakter daşıyır və dəyişə bilər.
İstifadəçi əməliyyatın həyata keçirildiyi vaxt qüvvədə olan şərtləri Bankın rəsmi məlumat mənbələrindən yoxlamalıdır.
17. Xidmətin təqdim edilməsi forması və təminatlar
Tətbiq mövcud vəziyyətdə və ümumi məlumatlandırma məqsədilə təqdim edilir.
Bank Tətbiqin fasiləsiz və səhvsiz fəaliyyətinə, konkret məqsəd üçün yararlılığına və ya Tətbiq vasitəsilə süni intellekt tərəfindən yaradılan cavabların tam, dəqiq və aktual olmasına zəmanət vermir.
İstifadəçilər maliyyə və ya hüquqi nəticələr yarada biləcək qərarlar qəbul edərkən yalnız Tətbiqin təqdim etdiyi məlumatlara əsaslanmamalı, həmin məlumatları Bankın rəsmi mənbələri və müvafiq hallarda digər etibarlı mənbələr vasitəsilə yoxlamalıdırlar.
18. Məsuliyyətin məhdudlaşdırılması
Bank, Tətbiqdən istifadə, onun əlçatmaz olması və ya fəaliyyətinin dayandırılması, habelə Tətbiq vasitəsilə təqdim edilən cavablardakı səhv, qeyri-dəqiqlik və ya çatışmazlıqlar nəticəsində yaranan dolayı və ya birbaşa zərərlərə görə məsuliyyət daşımır.
19. Tətbiqdən istifadənin məhdudlaşdırılması
Bank təhlükəsizliklə bağlı risklərin yaranması, Tətbiqdən istifadə şərtlərinin pozulması, Tətbiqdən sui-istifadə edilməsi və ya qanunvericiliyin tələblərinin yerinə yetirilməsi zərurəti yarandıqda istifadəçinin Tətbiqə çıxışını müvəqqəti və ya daimi olaraq məhdudlaşdıra bilər.
20. Üçüncü tərəf xidmətləri
“ChatGPT” platforması və “OpenAI” infrastrukturu Bank tərəfindən idarə edilmir.
“ChatGPT” platformasının və digər üçüncü tərəf xidmətlərinin əlçatanlığı, funksionallığı və məlumatların emalı ilə bağlı fəaliyyəti müvafiq xidmət təminatçılarının fəaliyyətindən və onlara tətbiq olunan şərt və siyasətlərdən asılıdır.
21. Şərtlərə dəyişikliklər
Bank Tətbiqin funksionallığında, texniki quruluşunda, tətbiq olunan qanunvericilikdə və ya fəaliyyət ehtiyaclarında baş verən dəyişiklikləri nəzərə alaraq bu Şərtlərə dəyişikliklər edə bilər.
Şərtlərin yenilənmiş versiyası Tətbiqdə yerləşdirildiyi tarixdən qüvvəyə minir.
22. Tətbiq olunan hüquq və mübahisələrin həlli
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir.
Bu Şərtlərlə əlaqədar yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həll edilir. Mübahisələrin aidiyyəti və məhkəmə yurisdiksiyası Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun müəyyən olunur.