Bu Məxfilik şərtləri (bundan sonra – “Şərtlər”) “ABB” ASC-nin (bundan sonra – “Bank”) “ChatGPT” platforması vasitəsilə təqdim etdiyi tətbiqdən (bundan sonra – “Tətbiq”) istifadə zamanı Bank tərəfindən həyata keçirilə biləcək məlumatların emalı fəaliyyətlərinin əhatə dairəsini və Tətbiq çərçivəsində məlumatların emalı ilə bağlı əsas prinsipləri və şərtləri müəyyən edir.
Tətbiqin funksiyası “ChatGPT” interfeysində ümumi xarakterli məlumatların axtarılması, əldə edilməsi və istifadəçiyə anlaşılan formada təqdim edilməsi ilə məhdudlaşır. Tətbiq müştərilərə məxsus bank məlumatlarına çıxış əldə etmək, istifadəçilərin şəxsiyyətini və ya müştəri statusunu təsdiqləmək, yaxud bank əməliyyatlarını həyata keçirmək üçün nəzərdə tutulmamışdır.
Bu səbəbdən Tətbiq vasitəsilə müştərilərin hesablarına, hesab qalıqlarına, əməliyyat tarixçəsinə, kartlarına, kreditlərinə, investisiyalarına, sığorta məlumatlarına, müştəri profillərinə və şəxsiyyətin müəyyənləşdirilməsi və təsdiqlənməsi üçün istifadə olunan məlumatlara çıxışın təmin edilməsi nəzərdə tutulmur. Tətbiq ödənişlərin və pul köçürmələrinin həyata keçirilməsi, kart əməliyyatlarının aparılması, hesab məlumatlarının dəyişdirilməsi, kredit müraciətlərinin təqdim edilməsi, investisiya əməliyyatlarının aparılması və ya bank məhsullarının əldə edilməsi kimi əməliyyatları həyata keçirmir.
1. Şərtlərin əhatə dairəsi
Tətbiqin əsas funksiyası istifadəçinin ümumi xarakterli sualına uyğun olaraq Bankın Tətbiq üçün əlçatan etdiyi məlumat mənbələrində axtarış aparmaq, müvafiq məlumatları əldə etmək və həmin məlumatlar əsasında “ChatGPT interfeysində məlumatlandırıcı cavablar təqdim etməkdir.
Tətbiqdən istifadə zamanı istifadəçinin Bankın müştərisi kimi identifikasiyası və şəxsiyyətinin təsdiqlənməsi tələb olunmur/həyata keçirilmir. Tətbiq konkret müştəriyə aid bank məlumatlarına və Bankın müştəri qeydlərinə əsaslanaraq fərdiləşdirilmiş məlumatlar təqdim etmir.
Müştəriyə məxsus məlumatların əldə edilməsini, bank əməliyyatlarının həyata keçirilməsini və ya fərdi müraciətlərin təqdim edilməsini və icrasını tələb edən məsələlərlə bağlı Bankın müvafiq rəsmi kanallarından istifadə edilməlidir. Bu kanallara, müvafiq funksiyalarından asılı olaraq, Bankın rəsmi internet səhifəsi, mobil və internet bankçılıq xidmətləri, filialları, çağrı mərkəzi və Bank tərəfindən rəsmi olaraq müəyyən edilmiş digər xidmət və kommunikasiya vasitələri daxildir.
2. Fərdi məlumatların təqdim edilməsini tələb etməyən dizayn
Tətbiqin adi qaydada istifadəsi üçün Bankın müştərilərinə aid fərdi məlumatların təqdim edilməsi tələb olunmur.
Aşağıdakı məlumatların Tətbiq vasitəsilə təqdim edilməsinə ehtiyac yoxdur:
- Ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, FİN və şəxsin kimliyini müəyyən etməyə imkan verən digər məlumatlar;
- Müştəri nömrəsi, hesab nömrəsi, IBAN, hesab qalığı və bank əməliyyatlarının tarixçəsi;
- Kart nömrəsi, CVV/CVC kodu, şifrə, PIN-kod və birdəfəlik təsdiqləmə kodları;
- Mobil və internet bankçılıq sistemlərinə giriş məlumatları və biometrik məlumatlar;
- Kredit, investisiya, sığorta və ya konkret müştəriyə aid digər məlumatlar.
İstifadəçilər yuxarıda sadalanan məlumatları, habelə bank sirri təşkil edən və ya digər məxfi məlumatları Tətbiq və ya “ChatGPT” söhbət bölməsi vasitəsilə təqdim etməməlidirlər.
3. İstifadəçinin öz təşəbbüsü ilə “ChatGPT” mühitinə daxil etdiyi məlumatlar
Bank Tətbiqin istifadə üçün istifadəçidən fərdi məlumatlarını daxil etməsini tələb etmir.
İstifadəçi öz təşəbbüsü ilə “ChatGPT” platformasına fərdi məlumatlar, məxfi məlumatlar və ya digər məzmun daxil etdikdə, həmin məlumatlar “OpenAI” tərəfindən emal edilir. Belə emal “OpenAI”-a tətbiq olunan istifadə şərtlərinə, məxfilik sənədlərinə və istifadəçilər üçün nəzərdə tutulmuş məlumatların idarə edilməsi vasitələrinə uyğun həyata keçirilir.
Tətbiq vasitəsilə göndərilən sorğuların məzmunu “OpenAI” tərəfindən emal edilərkən məlumatlar Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən serverlərdə emal oluna bilər. Məlumatların emal olunduğu serverlərin yerləşdiyi yer və emal prosesi Bank tərəfindən müəyyən edilmir və Bankın nəzarətində deyil. Buna görə də istifadəçilərə Tətbiq vasitəsilə məxfi məlumatların, o cümlədən bank sirrinin və fərdi məlumatların paylaşılmaması tövsiyə olunur. İstifadəçinin öz təşəbbüsü ilə Tətbiq vasitəsilə paylaşdığı məlumatların “OpenAI” tərəfindən emalı, saxlanılması və ya üçüncü şəxslərə açıqlanması nəticəsində yarana biləcək hər hansı zərərə və ya nəticələrə görə Bank məsuliyyət daşımır.
Bank Tətbiq vasitəsilə istifadəçi ilə “ChatGPT” arasında aparılan ümumi söhbətlərin tarixçəsinə çıxış əldə etmir, həmin tarixçəni izləmir və ya saxlamır.
Bankın məlumatlara texniki çıxışı Bankın Tətbiq üçün əlçatan etdiyi məlumat mənbələrinə MCP (Model Context Protocol – Model Konteksti Protokolu) vasitəsilə göndərilən sorğular və həmin sorğuların icrası üçün zəruri olan məhdud texniki qeydlərlə məhdudlaşır.
4. Tətbiqin fəaliyyəti zamanı emal edilə bilən texniki məlumatlar
Tətbiqin fəaliyyəti zamanı Bankın məlumat mənbələrinə MCP (Model Context Protocol – Model Konteksti Protokolu) vasitəsilə göndərilən sorğuların icrası, Tətbiqin təhlükəsizliyinin təmin edilməsi və texniki nasazlıqların müəyyən edilməsi məqsədilə sorğuların icrasına dair məhdud texniki və əməliyyat qeydləri yarana və emal edilə bilər.
Belə qeydlərin tərkibi və həcmi Tətbiqin texniki quruluşundan və istifadə olunan sistemlərin iş prinsiplərindən asılıdır.
4.1. Sorğunun məzmunu
İstifadəçi Bankın məhsul və xidmətləri və ya Bankla əlaqəli digər məsələlər barədə ümumi sual verdikdə, müvafiq məlumat mənbələrində axtarış aparılması üçün sualın məzmunu və ya axtarışın həyata keçirilməsi üçün zəruri olan hissəsi MCP serverinə ötürülə bilər.
Bu ötürülmə istifadəçinin Bankın müştərisi kimi identifikasiyası, şəxsiyyətinin təsdiqlənməsi və ya müştəri hesablarına aid məlumatların əldə edilməsi məqsədi daşımır. Tətbiq bu məlumatlara çıxış əldə etmək və onları təqdim etmək üçün nəzərdə tutulmayıb.
4.2. Cavabın hazırlanması ilə bağlı məlumatlar
Cavabın hazırlanması zamanı Bankın ümumi məlumat mənbələrindən əldə edilən axtarış nəticələrindən, sənədlərdən, məzmun identifikatorlarından, kateqoriya məlumatlarından, habelə cavabın formalaşdırılması üçün zəruri olan digər məzmun və texniki metadatadan istifadə oluna bilər.
Tətbiqin funksionallığı çərçivəsində müştəri hesabları, kartlar, hesab qalıqları, əməliyyat tarixçəsi, kredit və investisiya məlumatları, eləcə də şəxsiyyətin təsdiqlənməsi ilə bağlı məlumatların əldə edilməsi və cavabların hazırlanmasında istifadəsi nəzərdə tutulmur.
4.3. Texniki, xəta və təhlükəsizlik qeydləri
Xidmətin fasiləsizliyinin və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sorğuların vaxtı, əməliyyatların və cavabların statusu, sistem xətaları, təhlükəsizlik hadisələri və digər məhdud texniki qeydlər yaradıla bilər.
Bu qeydlər texniki xətaların təhlili, təhlükəsizlik monitorinqi, sui-istifadə hallarının qarşısının alınması, audit və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi məqsədilə istifadə oluna bilər.
5. Məlumatların emalı məqsədləri
Tətbiqin fəaliyyəti zamanı yarana bilən texniki və əməliyyat məlumatları aşağıdakı məqsədlərlə emal edilə bilər:
- istifadəçinin sualına uyğun olaraq Bankın ümumi məlumatlarının tapılması və təqdim edilməsi;
- Tətbiqin texniki fəaliyyətinin təmin edilməsi;
- sistem performansının və xidmətin fasiləsizliyinin qorunması;
- texniki xətaların və təhlükəsizlik hadisələrinin aşkar edilməsi;
- sui-istifadə hallarının qarşısının alınması;
- auditin aparılması və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi.
Xidmətin təkmilləşdirilməsi və texniki imkanların planlaşdırılması məqsədilə ümumiləşdirilmiş və ya anonimləşdirilmiş əməliyyat göstəricilərindən istifadə edilə bilər.
Bank Tətbiq çərçivəsində emal edilən məlumatlardan üçüncü tərəflərin reklam məqsədləri və ya istifadəçilərin davranışlarına əsaslanan profillərin yaradılması üçün istifadə etmir.
6. Fərdi məlumatların qorunması və bank sirri üzrə qanunvericiliyin tətbiqi
Tətbiq Bankın müştərilərinə aid fərdi məlumatlara və ya bank sirri təşkil edən müştəri məlumatlarına çıxış əldə edilməsi prinsipi əsasında qurulmamışdır. Tətbiq üçün əlçatan edilən Bank məlumat mənbələri ümumi xarakterli məlumatlardan ibarətdir.
Bununla belə, Tətbiqin fəaliyyəti zamanı Bank tərəfindən fərdi məlumatların emalı baş verdiyi halda, həmin məlumatların xarakteri və konkret emal fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” və “Banklar haqqında” qanunlarının, informasiya təhlükəsizliyi sahəsində tətbiq olunan normativ hüquqi aktların və digər müvafiq qanunvericilik aktlarının tələblərinə riayət edilir.
Bank tərəfindən texniki və əməliyyat məlumatları emal edilərkən müvafiq hüquqi əsasların mövcudluğu, emalın məqsədi və həcmi, məlumatların saxlanma müddəti, onlara çıxış imkanları və tətbiq edilən təhlükəsizlik tədbirləri nəzərə alınır.
İstifadəçinin öz təşəbbüsü ilə “ChatGPT” platformasına daxil etdiyi məlumatların OpenAI tərəfindən emalı isə müvafiq hallarda OpenAI-a tətbiq olunan istifadə şərtlərinə, məxfilik sənədlərinə və məlumatların idarə olunması vasitələrinə uyğun həyata keçirilir.
7. ChatGPT söhbət tarixçəsinə Bankın çıxışı və “ChatGPT” söhbətlərinin Bankdan ayrı olması
Bank Tətbiq vasitəsilə istifadəçinin “ChatGPT” platformasında apardığı ümumi söhbətlərin tarixçəsinə çıxış əldə etmir.
Bankın Tətbiq çərçivəsindəki fəaliyyəti MCP (Model Context Protocol – Model Konteksti Protokolu) vasitəsilə Bankın Tətbiq üçün əlçatan etdiyi ümumi məlumat mənbələrinə sorğuların göndərilməsi və həmin sorğular əsasında müvafiq məlumatların əldə edilərək təqdim olunması ilə məhdudlaşır.
“ChatGPT” hesabının, söhbət tarixçəsinin, tətbiq bağlantılarının və platformanın məlumatların idarə olunması parametrlərinin tənzimlənməsi müvafiq funksiyalar mövcud olduğu halda, OpenAI tərəfindən təqdim edilən vasitələrlə həyata keçirilir.
8. Məlumatlara çıxış əldə edə və ya onları emal edə biləcək tərəflər
Tətbiqin texniki arxitekturasından və məlumatların faktiki emalı prosesindən asılı olaraq, məhdud məlumatlar aşağıdakı tərəflər üçün əlçatan ola və ya onlar tərəfindən emal edilə bilər.
8.1. OpenAI / “ChatGPT”
“ChatGPT” platformasına daxil edilən sorğular, Tətbiq çağırışları və yaradılan cavablar OpenAI tərəfindən tətbiq olunan müqavilə şərtləri, məxfilik sənədləri və istifadəçinin məlumatlara nəzarət parametrləri çərçivəsində emal edilə bilər bununla bağlı ABB Bank hər hansı bir məsuliyyət daşımır.
8.2. Bankın səlahiyyətli struktur bölmələri
Bankın informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, uyğunluq, hüquq, daxili nəzarət, daxili audit və əməliyyat bölmələri Tətbiqin istismarı, qorunması, texniki dəstəyi, auditinin aparılması və qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi üçün zəruri olduğu həddə müvafiq texniki və əməliyyat qeydlərinə çıxış əldə edə bilərlər.
8.3. Texniki xidmət təminatçıları
Bulud, hostinq, monitorinq, qeydlərin aparılması, kibertəhlükəsizlik, performansın idarə edilməsi və texniki dəstək xidmətləri göstərən üçüncü tərəflər xidmətin göstərilməsi üçün zəruri olduğu həddə, müvafiq müqavilə şərtləri və texniki-təşkilati təhlükəsizlik tədbirləri çərçivəsində məhdud məlumatlara çıxış əldə edə bilərlər.
Belə çıxışın mövcudluğu və həcmi faktiki texniki arxitekturadan, xidmət təminatçıları ilə bağlanmış müqavilələrdən və tətbiq olunan qanunvericiliyin tələblərindən asılıdır.
8.4. Səlahiyyətli dövlət orqanları və digər səlahiyyətli şəxslər
Qanunvericiliklə müəyyən edilmiş öhdəliklər, səlahiyyətli dövlət orqanının qanuni tələbi, məhkəmə qərarı və ya digər müvafiq hüquqi əsas olduqda, habelə Bankın hüquqlarının və informasiya sistemlərinin təhlükəsizliyinin qorunması üçün qanunla nəzərdə tutulmuş hallarda müvafiq məlumatlar səlahiyyətli şəxslərə və qurumlara təqdim edilə bilər.
Məlumatların təqdim edilməsi zamanı tətbiq olunan qanunvericiliyin tələbləri və məlumatların açıqlanması üçün müvafiq hüquqi əsasın mövcudluğu nəzərə alınır.
9. Əməliyyat qeydlərinin saxlanılması
Tətbiq çərçivəsində yaradılan texniki, xəta və təhlükəsizlik qeydləri Bankın sənədlərin və məlumatların idarə olunması, informasiya təhlükəsizliyi və saxlanılması qaydalarına uyğun olaraq, müvafiq məqsədlərin həyata keçirilməsi üçün zəruri olan müddət ərzində saxlanıla bilər.
Bu qeydlərin müştəri hesabı, hesab qalığı, əməliyyat tarixçəsi, kart məlumatları və ya şəxsiyyətin təsdiqlənməsi ilə bağlı bank məlumatlarını ehtiva etməsi nəzərdə tutulmur.
Ümumiləşdirilmiş və ya anonimləşdirilmiş məlumatlardan xidmətin keyfiyyətinin qiymətləndirilməsi, təhlükəsizlik təhlili və texniki imkanların planlaşdırılması məqsədilə istifadə oluna bilər.
10. İnformasiya təhlükəsizliyi tədbirləri
Bank Tətbiq çərçivəsində emal edilə biləcək məlumatların qorunması məqsədilə risklərin xarakterinə və səviyyəsinə uyğun inzibati, texniki və təşkilati təhlükəsizlik tədbirləri tətbiq edir.
Belə tədbirlərə aşağıdakılar daxil ola bilər:
- İstifadəçilərin və sistemlərin səlahiyyətlərinin müəyyən edilməsi və çıxışa nəzarət;
- Məlumatların ötürülməsi zamanı təhlükəsiz rabitənin təmin edilməsi;
- Texniki qeydlərin aparılması və monitorinq;
- Zəifliklərin müəyyən edilməsi və idarə olunması;
- Xidmət təminatçılarına nəzarət;
- İnformasiya təhlükəsizliyi hadisələrinə müdaxilə prosedurları.
İnternet əsaslı xidmətlərdən istifadə zamanı təhlükəsizliyə tam zəmanət verilməsi mümkün olmadığından, istifadəçilər şifrələrini, təsdiqləmə kodlarını, kartların təhlükəsizlik məlumatlarını, şəxsiyyət vəsiqəsinə dair məlumatları, hesab və müştəri nömrələrini, biometrik məlumatları və digər məxfi məlumatları “ChatGPT” platforması və ya Tətbiq vasitəsilə paylaşmamalıdırlar.
11. Bank əməliyyatlarının Tətbiqin əhatə dairəsindən kənarda olması
Tətbiq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təqdim edilən bank xidmətlərinin və Bankın rəsmi xidmət kanallarının alternativi hesab edilmir.
Bank hesablarına çıxış, müştərinin şəxsiyyətinin təsdiqlənməsi, ödəniş və pul köçürmələri, kart, kredit və investisiya əməliyyatları, və/ və ya digər bank əməliyyatları, bank məhsulları üzrə müraciətlərin, şikayətlərin və etirazların təqdim edilməsi Bankın müvafiq rəsmi xidmət kanalları vasitəsilə həyata keçirilməlidir.
Tətbiq tərəfindən təqdim edilən cavablar ümumi məlumat xarakteri daşıyır və konkret müştəriyə aid fərdi göstəriş və ya bank əməliyyatının həyata keçirilməsi, təsdiqlənməsi kimi qəbul edilməməlidir. Həmin cavablar özlüyündə Bank üçün öhdəlik yaratmır və müqavilə hesab edilmir.
12. İstifadəçinin nəzarət edə biləcəyi məsələlər
İstifadəçi “ChatGPT” platformasına daxil etdiyi məlumatların məzmununu və həcmini özü müəyyən edir. İstifadəçi Tətbiqdən istifadə üçün zəruri olmayan fərdi məlumatları, bank məlumatlarını və digər məxfi məlumatları paylaşmamaqla bu məlumatların açıqlanması riskini azalda bilər.
“ChatGPT” hesabına, söhbət tarixçəsinə, tətbiq bağlantılarına və platformanın məlumatların idarə olunması parametrlərinə dair tənzimləmələr müvafiq funksiyalar mövcud olduğu halda, OpenAI tərəfindən təqdim edilən vasitələrlə həyata keçirilir.
13. Uşaqlara aid məlumatlar
Tətbiq uşaqlar üçün nəzərdə tutulmamışdır və uşaqlara yönəlmiş xidmət hesab edilmir.
Uşaqlara aid şəxsiyyəti müəyyən edən məlumatlar, digər fərdi məlumatlar, bank hesabı məlumatları və məxfi və ya həssas məlumatlar Tətbiq və ya “ChatGPT” platforması vasitəsilə paylaşılmamalıdır.
14. Dəstək, şikayət, etiraz və rəsmi müraciətlər
Tətbiq Banka rəsmi müraciətlərin, şikayət və etirazların təqdim edilməsi, dəstək alınması və ya bank əməliyyatlarının həyata keçirilməsi barədə göstərişlərin verilməsi üçün nəzərdə tutulmayıb.
Kartın itirilməsi və ya oğurlanması, dələduzluq şübhəsi, hesabın təhlükəsizliyi, müştəri xidmətlərinə müraciət və hüquqi nəticələr yarada biləcək digər məsələlərlə bağlı Bankın müvafiq rəsmi kanallarından istifadə edilməlidir.
15. Şərtlərə dəyişikliklər
Bank Tətbiqin iş prinsiplərində, texniki arxitekturasında, məlumatların emalı proseslərində və ya tətbiq olunan qanunvericilikdə baş verən dəyişiklikləri nəzərə almaq və/və ya əks etdirmək məqsədilə bu Şərtlərə dəyişikliklər edə bilər.