Back

ABB-dən “SOCAR Polymer”ə böyük məbləğdə maliyyələşmə

15.07.2020

SOCAR-ın strateji tərəfdaşlarından olan ABB “SOCAR Polymer” layihəsinə 65 milyon ABŞ dolları həcmində dəstək verib. Bank bunu “SOCAR Polymer Investments” şirkətinin buraxdığı istiqrazları almaqla həyata keçirib. ABB “SOCAR Polymer”in istiqrazlarını almış 8 bank arasında ən böyük paya malik bank olub. Bu, “SOCAR Polymer”ə daha sərfəli maliyyə resursları hesabına layihə xərclərini azaltmağa şərait yaradacaq.

“SOCAR Polymer” son 40 il ərzində ölkəmizin neft-kimya sənayesində həyata keçirilən birinci belə layihədir. Azərbaycanın kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi daşıyan layihənin əsası 2013-cü ildən qoyulub. Şirkətin istehsalat obyektləri polipropilen  və yüksək sıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Zavodlar müvafiq olaraq 2018-ci və 2019-cu ildə istismara verilib. Proqnozlara görə, bu layihənin uğurlu nəticəsi Azərbaycan sənayesinin bir çox əhəmiyyətli sektorunda multiplikasiya effekti yaradaraq çoxsaylı yeni iş yerlərinin açılmasını təmin edəcək.

Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli ayrı-ayrı istehsal subyektlərinə bu cür dəstək tədbirlərinin davamlı xarakter daşıdığını qeyd edib: “ABB həm böyük istehsalçılar, həm də kiçik və orta sahibkarlıq müəssisələri ilə tərəfdaşlıq əlaqələrini getdikcə inkişaf etdirir. Biz real layihələrin maliyyələşdirilməsinə kömək göstərməyə hər zaman hazırıq”.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ