- ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 2024-cü maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən dividendlərin ödənilməsi ABB Səhmdarlarının 7 may 2025-ci il tarixinə nəzərdə tutulmuş Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən həyata keçiriləcək.
- Dividendlərin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən verilən qərar “bir səhm – bir səs” prinsipi nəzərə alınmaqla keçirilmiş səsvermə əsasında qəbul ediləcək.
- Yığıncaqda səs çoxluğu ilə dividendlərin ödənilməsi barədə qərar qəbul edildikdə, dividendlərin ödənilməsi, qərarın qəbul edilmə tarixindən etibarən ən geci 30 (otuz) təqvim günü ərzində ABB-yə ödəniş agenti xidməti göstərən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdara nağdsız qaydada olmaqla onun bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.
- Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividendləri almaq hüququ olan səhmdarlar Səhmdarların Ümumi Yığıncağının keçirildiyi tarixdən bir iş günü əvvələ təsadüf edən iş günü, saat 18:00-da MDM tərəfindən formalaşdırılmış səhmdarların reyestrinə əsasən müəyyən ediləcəklər.
- ABB səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyi və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən növbəti iş günü başa çatdığını nəzərə alaraq, Səhmdarların Ümumi Yığıncağının tarixindən 2 iş günü (5 may 2025-ci il) əvvəl alınmış səhmlər üzrə dividend ödəniləcək. Səhmdarların Ümumi Yığıncağı tarixindən 1 iş günü əvvəl (6 may 2025-ci il) səhmləri əldə etmiş şəxslər MDM tərəfindən formalaşdırılmış səhmdarların reyestrində öz əksini tapmayacaqlar və qeyd edilən səbəbdən bu səhmlər üzrə dividend ödənişi həyata keçirilməyəcək.