Xəbər

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

ABB-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil etdiyi ABB Riyaziyyat Yarışması başa çatıb. Yarışmada iştirak üçün 7574 şagird müraciət edib və birinci seçim mərhələsinə dəvət alıb. Onlardan 260 nəfər bu mərhələni uğurla tamamlayaraq ikinci mərhələyə keçid edib. Növbəti mərhələdə də uğur qazanmış 62 nəfər arasından müsahibə ilə 35 şagird Bakıda təşkil olunan 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanıb. Təlim iştirakçılarının 12 nəfəri region məktəblərində təhsil alan şagirdlər olub. Təlimlər ABB Tech Akademiyasının bazasında, olimpiada və intensiv təhsil proqramlarının təşkili sahəsində ixtisaslaşmış yerli və xarici ekspertlərin metodoloji dəstəyi ilə keçirilib. Təlimlərin sonunda iştirakçılar arasında final yarışı təşkil edilib. Nəticədən asılı olaraq ilk 3 yerin qalibləri seçilib. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İstedadlara dəstək məqsədilə Bankımızın həyata keçirdiyi daha bir maraqlı layihə uğurla başa çatdı. Bu layihənin reallaşdırılmasında tərəfdaşlıq dəstəyinə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk. ABB Riyaziyyat Yarışmasında biliklərini sınayan bütün gənclərimizə uğurlar arzulayırıq. Cəmiyyətimiz üçün faydalı proqramlarımızı bundan sonra da davam etdirəcəyik”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı

ABB pandemiya dövründə kiçik və orta biznesə dəstək məqsədilə daha bir kredit məhsulunun şərtlərini dəyişib. Bu, “İnvoysun maliyyələşdirilməsi” kreditidir. Dəyişikliyə görə, kreditin limiti ikiqat artırılaraq 500000-dən 1000000 manata çatdırılıb. İllik faiz dərəcəsi isə 3% endirilib. Kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən kiçik və orta sahibkarlara ABB hesab-fakturada göstərilmiş məbləğin 90%-dək kredit limiti ayırır. “İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri: Kreditin məbləği – 1 000000 manatadək Kredit limitinin müddəti - 12 ayadək İllik faiz dərəcəsi - 12%-dən başlayaraq Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti ABB-nin filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu link üzərindən onlayn qaydada sifariş etmək olar. Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər. Qeyd edək ki, ABB sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın ABB Link xidmətindən faydalanaraq öz elektron ticarət sistemlərini qura, məsafədən satışlar həyata keçirərək ödənişlərini onlayn qaydada qəbul edə bilərlər. ABB-nin Korporativ bankçılıq üzrə baş direktoru Nərgizxanım Biləndərli bildirib: “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtlərini dəyişməyimiz sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaradacaq. Bizneslərin inkişafına təkan verəcək. Kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!

7 may 2026-cı il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2025-ci ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.Onun sözlərinə görə, bununla ABB ardıcıl 8-ci il səhmdarlarına yüksək dividendlər ödəmiş olacaq. ABB səhmdarları Bankın ötənilki mənfəətindən bu il də nominal qiymətdən 15.6% dividend gəliri qazanacaqlar. Səhmdarların pay bölgüsünə uyğun olaraq 200 000 000 manatlıq dividendin 184 000 000 manatı dövlətə, 16 000 000 manatı isə ABB-nin digər səhmdarlarına ödənəcək. Abbas İbrahimov ABB-nin 2026-2028-ci illər üzrə yeni strateji inkişaf hədəfləri haqqında da məlumat verib: “Hədəf seqmentlər üzrə bazar liderliyi, yeni sahələrə doğru genişlənmə, inteqrasiya olunmuş müştəriyönümlülük, ölkə üzrə istedad liderliyi yeni strategiyamızın başlıca hədəfləridir. Süni intellekt əsaslı innovasiyalar isə bu hədəflərə doğru irəlilədiyimiz yolda əsas aparıcı qüvvəmiz olacaq”. İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2025-ci il, eləcə də cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, maliyyə göstəriciləri, həyata keçirdiyi inkişaf layihələri, süni intellekt həlləri haqqında ətraflı məlumat verib.Mətbuat konfransında ABB-nin 2025-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB sərfəli depozit kampaniyasına başladı!

ABB müştərilərə milli valyutada sərfəli yığım imkanları təklif edən yeni kampaniya elan edib. Kampaniya müddətində ABB-də DigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirən müştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər. Kampaniya şərtləri belədir: 12 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri: Aylıq ödənildikdə: 10.5% Müddətin sonunda ödənildikdə: 11.5% 18 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri: Aylıq ödənildikdə: 11% Müddətin sonunda ödənildikdə: 12% Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçün keçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək. Sərfəli şərtlərlə əmanətlərinizi artırmaq fürsətini vaxtında dəyərləndirin. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

EY Azərbaycan şirkəti ABB-nin dəstəyi ilə ölkəmizdə 7-ci dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. “EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 30 dekabr 2025-cü ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2026-cı ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, 2026-cı ilin mayında Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB 7-ci dəfədir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son illər ərzində müsabiqədə iştirak etmiş 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı qazanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB sahibkarlığa, innovasiyalara, liderlik ruhuna davamlı dəstək verir. “EY İlin İş Adamı” proqramında ardıcıl olaraq yeddinci dəfə baş sponsor kimi iştirakımız da buna nümunədir. Bu müsabiqə biznes liderlərini öz uğur hekayələri ilə cəmiyyətimizə tanıdır, yeni nəsil sahibkarları ilhamlandırır. Belə faydalı təşəbbüslərlə ölkəmizin biznes ekosisteminə töhfələr verməkdən məmnunuq”. Müsabiqəyə buradan müraciət etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur - Abbas müəllim, 7 may 2026-cı ildə ABB səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə səhmdarlara dividendin ödənilməsi məsələsi də daxildir. Bank ötən ilin mənfəətindən səhmdarlara bu dəfə nə qədər dividend ödəyəcək? -Əvvəlcə onu qeyd edim ki, elə bu günlərdə ABB Maliyyə Qrupunun 2025-ci il üzrə maliyyə hesabatlarına kənar auditor rəy verdi. Maliyyə qrupumuz 2025-ci ili 404,491 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ABB-nin tarixində rekord mənfəət göstəricisidir. ABB-nin böyüməsində, belə yüksək mənfəət qazanmasında, təbii ki, son illər formalaşdırdığımız dayanıqlı biznes modelinin çox böyük rolu var. Menecment olaraq bu il də səhmdarlarımıza yüksək məbləğdə, 200 milyon manat dividend ödənişi təklifi etmişik. Ümumi Yığıncaqda təklifimiz dəstəklənərsə, səhmdarlarımız bu il də nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər. Biz son 8 ildə səhmdarlarımıza ardıcıl olaraq dividend ödəyirik. İki ildir ki, gəlirlərimizi 30 mindən artıq səhmdarımız, vətəndaşımızla bölüşürük. - Yığıncağın gündəliyində ABB-nin xarici bankda iştirak payı alması məsələsi də var. ABB hansı xarici ölkədə və hansı bankı almaq fikrindədir? - ABB-nin 2026-2028-ci illər üzrə strateji inkişaf planındakı əsas hədəflərdən biri coğrafi genişlənmədir. Bu hədəfə yönələrək Özbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindəyik. Bu niyyətimiz Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə, Özbəkistandakı əlverişli biznes mühitinə, ölkənin sosial-iqtisadi perspektivlərinə əsaslanır. Özbəkistan əhalisinin sayı 40 milyona yaxındır. Əhali tərkibində rəqəmsal bank xidmət və məhsullarına meylli gənc nəsil böyük yer tutur. Bu bazara daxil olmağımız ABB-nin son illərdə tətbiq etdiyi korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt əsaslı innovasiyaların böyük əhalisi olan Özbəkistan bazarında tətbiqinə, ABB Maliyyə Qrupunun daha böyük dəyər əldə etməsinə imkan yaradacaq, Bankımızın regional və beynəlxalq imicini möhkəmləndirəcək. Nəzarət səhm paketini almaq istədiyimiz bank isə Özbəkistanın özəl banklarından biridir. Səhmdarlarımız buna müsbət qərar verərsə, qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedurlara başlayacağıq. Strategiyamıza uyğun olaraq coğrafi genişlənmə məqsədli bazar araşdırmalarımızı isə bundan sonra da davam etdirəcəyik. - Son dövrlər ABB-nin öhdəliklərinin strukturunda milli valyutanın payı artmaqdadır. Bu, manata inamın artmasının göstəricisi kimi dəyərləndirilə bilər? - Bəli, təkcə son 3 ayda ABB-də manatla depozitlərdə 235 milyon manat artım olub. Bu tendensiya təkcə ABB-də yox, ümumən sektorda özünü göstərir və birbaşa manata inamın davamlı artmasından irəli gəlir. Son 3 ildə bank sektorunun cəmi əmanət portfeli 51% artıb. Milli valyutada müddətli əmanətlər son 3 ildə 2.1 dəfə artaraq 7.5 mlrd. manata çatıb. Bu dövrdə fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 40%-dən 31.1%-ə qədər azalıb. Unikal müddətli əmanətçi sayında da davamlı artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal müddətli əmanətçi sayı 89.4% artım göstərib. - ABB bu ildən manatda istiqrazlar da buraxmağa başlayıb və bunun davamlı olacağı bildirilir. Məqsəd əlavə vəsait cəlb etməkdir? - Əsas məqsədimiz ölkəmizin kapital bazarını əlavə alətlərlə dəstəkləmək, bazara çoxsaylı fiziki şəxs investorlar cəlb etməkdir ki, daimi aktivlik olsun. Martda fiziki şəxslərə üstünlük hüququ verməklə ilk emissiyanı keçirdik. Hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə 10 milyon manatlıq istiqraz buraxılışı uğurla baş tutdu. Sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələdi. Fikrimizcə, bunun özü də milli valyutaya olan inamdan, investorların ABB istiqrazları kimi gəlirli maliyyə alətlərinə getdikcə artan marağından irəli gəlir. Eyni zamanda, bu alətlərin əlçatanlığı da mühüm məqamdır. İnvestorların 98%-dən çoxu ABB istiqrazlarını heç yerə getmədən, ABB mobile tətbiqimiz üzərindən, cəmi bir neçə toxunuşla, tam rəqəmsal təcrübə ilə əldə etdilər. 528 investor ABB istiqrazlarına sahib oldu. Bu il ərzində davamlı tranşlarla ümumən 100 milyon manat məbləğində istiqraz emissiyasını planlayırıq. Hədəfimiz ölkəmizin kapital bazarına minlərlə yeni investor cəlb etməkdir. - ABB süni intellekt sahəsinə ciddi investisiyalar etməyə başlayıb. Bu investisiyalar Bank üçün hansı dəyərləri yaradır? - Bankın süni intellekt texnologiyalarına investisiya etməsi artıq seçim yox, strateji zərurətdir. Çünki gələcəyin bankçılığı süni intellektlə qurulur. Süni intellekti indidən dəyərləndirməyən şirkətlər çox yaxın gələcəkdə həm texnoloji, həm biznes baxımından geri qala bilərlər. Ona görə ABB olaraq biz süni intellekt texnologiyalarının tətbiqində milli çempionlardan biri olmağı hədəfləyirik, müştərilərimizlə birgə gələcəyin bankçılığını qururuq. Yeni strategiyamız çərçivəsində biz ABB-nin “Süni intellekt və Generativ süni intellekt” Yol Xəritəsini qəbul etmişik. Bu Yol Xəritəsi əsasında süni intellekt həllərini yalnız müştəriyə yönəlik xidmətlərdə deyil, eyni zamanda əməkdaşlarımızın gündəlik fəaliyyətində, arxa ofis əməliyyatlarında və risk idarəetməsində geniş şəkildə tətbiq edirik. Hazırda ABB-də müxtəlif istiqamətlər üzrə tətbiq olunan süni intellekt modellərinin sayı 180-ə yaxınlaşır. Bununla yanaşı, dayanıqlı və miqyaslana bilən süni intellekt infrastrukturumuzu qururuq. NVIDIA HGX B200 platforması əsasında qurulan Dell GPU yüksək performanslı hesablama infrastrukturunun formalaşdırılması prosesindəyik. Bu ilin əvvəlində AI-khan və AI-nur adlı süni intellekt köməkçilərimizi bütün müştərilərimizin istifadəsinə təqdim etdik. Biz buna sadəcə yeni bir texnoloji funksiya kimi yanaşmırıq, bu, bankçılığa yanaşmanın dəyişməsi – Gələcəyin bankçılığı deməkdir. - Bütün bunlar bankçılıqda nəyi dəyişir? - Uzun illər banklar rəqəmsal xidmətləri tətbiqlər vasitəsilə müştərinin mobil telefonuna gətirirdi. Bu gün isə süni intellekt texnologiyası sayəsində bank ilk dəfə müştərinin həyatına onun danışıq dili ilə daxil olur. Artıq milyonlarla müştəri ilə eyni anda, amma hər biri ilə fərdi şəkildə ünsiyyət qurmaq mümkündür. Bu istiqamət qlobal səviyyədə yeni formalaşır və ən innovativ maliyyə institutlarının diqqət mərkəzində olan sahələrdən biridir. ABB olaraq biz bu yeniliyi erkən mərhələdə təkcə ölkəmizdə yox, regionda və qlobal miqyasda tətbiq edən ilk banklardan biri kimi çıxış edirik. Qısa müddətdə yüz minlərlə müştərinin AI-khan və AI-nurla sadəcə danışaraq müxtəlif maliyyə əməliyyatlarını həyata keçirməsi göstərir ki, artıq müştərilər sadəcə rəqəmsal interfeys yox, ünsiyyət gözləyirlər. Bu isə bankçılığın növbəti mərhələsinin istiqamətini aydın şəkildə müəyyən edir. Hədəfimiz süni intellekti ayrıca bir funksiyaya yox, müştəri ilə bütün münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir. Yəni bank təkcə maliyyə xidmətləri göstərən qurum olmaqdan çıxıb, müştərinin gündəlik həyatında real dəyər yaradan, onunla daim ünsiyyətdə olan həyat tərzi tərəfdaşına çevrilir.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!