Xəbər

ABB mobile tətbiqində Azercell ilə yeni imkanlar!

ABB ABB mobile tətbiqindən istifadə edən müştərilərin imkanlarını daha da genişləndirib. Bank ölkəmizin lider mobil operatoru olan “Azercell Telekom” MMC ilə bu istiqamətdə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində ABB mobile tətbiqinə yeni funksiyalar əlavə olunub. Belə ki, indi Bankın ABB mobile tətbiqinin istifadəçiləri Azercell-in NNTV, Bookmate, BluTV və ivi xidmətlərini də bu tətbiq vasitəsilə aktivləşdirə bilərlər. Xidmətlərə qoşulma qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən ABB mobile-da “Digər” bölümünü seçdikdən sonra “Partnyorlar” bölümünə keçid edib “Azercell tətbiqləri” sırasında sevdiyiniz xidmətə abunə ola bilərsiniz. Bookmate xidməti mütaliə həvəskarları üçün nəzərdə tutulub. Bu xidmət dünya və Azərbaycan ədəbiyyatının 4 milyondan çox nümunəsinin elektron və audio formatını özündə cəmləşdirir. ABB mobile vasitəsilə qoşula biləcəyiniz NNTV xidməti isə 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn qaydada, yüksək keyfiyyətlə izləməyə şərait yaradır. BluTV xidməti də Türkiyə kino və seriallarını, eləcə də televiziya kanallarını smartfonlarda, yaxud SMART TV-də 4K keyfiyyətdə izləmək üçün keyfiyyətli həlldir. Kino həvəskarları Azercellin ivi xidmətinə də ABB mobile ilə qoşulub dünyanın ən populyar və eksklüziv filmlərini eyni anda 5 cihazda izləyə bilərlər. ABB mobile tətbiqinin ən böyük üstünlüklərindən biri ƏDV faizlərini bu tətbiq vasitəsilə ən rahat şəkildə geri almağın mümkünlüyüdür. Bundan başqa, istifadəçilər kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlərini, eləcə də cərimə, ipoteka, təhsil haqqı ödənişlərini bu tətbiq vasitəsilə çox rahat şəkildə ödəyirlər. ABB mobile vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. Tətbiqlə kartdan-karta köçürmələr aparmaq, hesablar, kartlar barədə məlumatlar almaq, əməliyyat tarixçəsini əldə etmək olar. ABB mobile istifadəçiləri zəruri hallarda bu tətbiqlə kartlarını bloklaşdıra və blokdan çıxara, “SMS-xəbərdarlıq” xidmətini aktiv və deaktiv edə, ABB-nin xidmət şəbəkəsi barədə məlumat əldə edə, daim yenilənən valyuta məzənnələrindən xəbərdar ola bilərlər. ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya inzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini bildirib: “Hər biri öz sahəsində lider olan ABB və Azercell şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”. Azercell-in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov qeyd edib: “Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq. ABB ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”. IOS və Android istifadəçiləri ABB mobile əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər. Yükləmə linkləri: https://play.google.com/store/apps/details?id=iba.mobilbank https://apps.apple.com/az/app/iba-mobile/id1251456175

Xəbər

ABB-nin artıq 35 mindən çox səhmdarı var!

24 sentyabr 2024-cü ildə ABB-də Bankın səhmlərinin yerləşdirilməsi prosesinin nəticələri ilə bağlı brifinq keçirilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamı əsasında dövlət müəssisələrinə özəl investisiyaların cəlb olunması məqsədilə belə bir kütləvi emissiya tədbirinin ilk dəfə məhz ABB-də həyata keçirildiyini diqqətə çatdıran İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib ki, 3 aylıq proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Abbas İbrahimov maraqlı bir müqayisəni jurnalistlərin diqqətinə çatdırıb: “Müstəqillik dövründə ölkəmizin bank sektorunda cəlb olunan əmanətçilərin ümumi sayı, təqribi hesablamalara görə, 70 – 75 min ətrafındadır. ABB səhmlərinə abunə yazılışı prosesində cəmi 3 ay ərzində tərəfdaşlarımızın dəstəyi ilə bu rəqəmin, demək olar, yarısına çatmaq mümkün oldu”. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur. İdarə Heyəti sədrinin sözlərinə görə, əsas hədəf Sərəncamın məqsədinə uyğun olaraq mümkün qədər çox sayda vətəndaşımızın ABB səhmlərinə abunə yazılması idi. Səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək. “Mahiyyətcə bu, əsl xalq IPO-su - səhmlərin kütləvi yerləşdirilməsidir” – Abbas İbrahimov bildirib. Brifinqdə səhmlərin yerləşdirilməsi ilə bağlı digər maraqlı faktlar da jurnalistlərə təqdim olunub. ABB səhmlərinə sifarişlərin 84%-i məhz rəqəmsal kanallar üzərindən verilib. Say etibarilə ümumi sifarişlərin 24%-ni yaşı 30-dək olan gənc investorlar yerləşdirib. Bu, bir tərəfdən gənclərin ABB səhmlərinə böyük marağını, digər tərəfdən isə Azərbaycanın kapital bazarları üçün yeni investor kütləsinin formalaşdığını göstərir. ABB-nin yeni səhmdarlarının 29%-i qadınlardır, səhmdarların 22%-i regionları təmsil edir. Abbas İbrahimov deyib: “ABB səhmlərinə olan kütləvi maraq göstərdi ki, cəmiyyətimiz belə təcrübələrə hazırdır. Tərəfdaşlarımızın bizə dəstəyi bu təcrübənin geniş yayılmasında, yeni investisiya fürsətinin hər kəs üçün əlçatan olmasında böyük rol oynadı. O, proses boyu Banka göstərilən dəstəyə görə müvafiq qurumlara, o cümlədən Mərkəzi Banka, Azərbaycan İnvestisiya Holdinqinə, Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə səhmlərə abunə yazılışında iştirak etmiş bütün banklara, investisiya şirkətlərinə təşəkkürünü bildirib. İdarə Heyətinin sədri ABB-nin 2024-cü ildə də gəlirlə fəaliyyət göstərdiyini, cari ilin 1 sentyabr tarixinə 212 milyon manatdan çox xalis mənfəət qazandığını nəzərə çatdıraraq qeyd edib ki, yeni səhmdarlar da gələn ilin əvvəllərindən Bankdan dividend gəlirləri əldə etməyə başlayacaqlar. ABB ölkəmizdə kapital bazarlarının inkişafı prosesinin növbəti mərhələlərində də fəal iştirak edəcək. Abbas İbrahimov məlumat verib ki, bir neçə gündən sonra ABB səhmlərini ABB mobil tətbiqi üzərindən təkrar bazarda alıb-satmaq mümkün olacaq. ABB səhmlərinin təkrar bazarda ticarətinin təşkili, qiymət sabitliyinin təmin olunması üçün başqa əhəmiyyətli addımlar da atılıb. Tezliklə, səhmlərin likvidliyinə əlavə dəstək məqsədilə təkrar bazara “market makerlər” də qoşulacaq. İdarə Heyətinin sədri jurnalistləri maraqlandıran digər suallara da aydınlıq gətirib.

Xəbər

ABB ilə bp və tərəfdaşlarının birgə təqaüd proqramını qazanmış tələbələrlə görüş oldu

ABB və bp və onun tərəfdaşlarının - SOCAR, TPAO, PETRONAS, MOL, LUKOİL, NİCO, Equinor, İNPEX, ExxonMobil, SGC, İTOCHU, ONGC, TOTAL, Eni - birgə təqaüd proqramına qəbul başa çatıb. Artıq təlimlərə start verilib. ABB Tech Akademiyasında ödənişsiz təhsili nəzərdə tutan təqaüdü qazanmış tələbələrlə, eləcə də proqrama maraq göstərən digər ictimaiyyət nümayəndələri, media mənsubları ilə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun və tərəfdaş şirkətlər adından bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin görüşü olub. Karantinlə əlaqədar onlayn keçirilən görüşdə Abbas İbrahimov əvvəlcə ABB Tech Akademiyasının fəaliyyəti, məqsədləri barədə məlumat verib. İnformasiya texnologiyaları mütəxəssislərinə hazırda bütün dünyada ciddi tələbat olduğunu xatırladan A.İbrahimovun sözlərinə görə, ABB Tech Akademiyasının da əsas məqsədi ölkəmizin əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacın təmin edilməsidir. İdarə Heyətinin sədri hazırda Bankda həyata keçirilən transformasiya layihələri barədə söhbət açıb. Bildirib ki, bu layihələrin mühüm bir qismi də rəqəmsallaşma məsələləri ilə bağlıdır: “Ən yaxşı rəqəmsal təcrübə ilə tanınmaq və bununla ölkəmizin innovativ inkişafına töhfə vermək ABB-nin əsas strateji hədəflərindəndir. İstedadlara dəstək olan ABB Tech Akademiyası yetişdirdiyi kadrlarla bizə bu hədəfə çatmaqda kömək göstərir”. O, qeyd edib ki, Akademiyanın təlim proqramları özünü informasiya texnologiyaları sahəsində inkişaf etdirmək istəyən hər bir gənc üçün yaxşı fürsətdir. A.İbrahimov pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq ABB Tech Akademiyasının distant təlim imkanlarından faydalanmaqla öz proqramlarına davam etdiyini bildirib. Onun sözlərinə görə, bu təhsil mərkəzinin əsas prinsiplərindən biri, əmək bazarındakı ehtiyaclara uyğun yeni istiqamətləri öz təlim proqramlarına daxil etməsidir. “Sizin təhsil alacağınız QA Avtomatlaşdırma, Machine Learning və DevOps ixtisaslarına da indi tələbat çox böyükdür”, deyə o, tələbələrlə söhbətində bildirib: “Ümid edirik ki, gələcək uğurlu karyeranız üçün bp və tərəfdaşları ilə birgə bu təqaüd proqramımızın yaratdığı imkanlardan maksimum faydalana biləcəksiniz”. bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsinə xidmət edən bu cür layihələrin dəstəklənməsinin bp və tərəfdaşları üçün mühüm əhəmiyyət daşıdığını bildirib. “İndi bütün dünyada çox güclü rəqəmsallaşma prosesləri gedir. İnformasiya texnologiyalarından illər əvvəl sadəcə əlavə vasitə kimi istifadə olunurdusa, indi bu texnologiyalar iş proseslərinin əsasını təşkil edir. Ona görə bu sahədə peşəkar qabuiliyyətlərə malik kadrların yetişməsi çox mühümdür. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, cəmiyyətin yenilik, sosial həmrəylik, inteqrasiya içində olması üçün təhsilli, müasir bilik və bacarıqlara malik gənclərə ehtiyac var. Arzu edirik ki, təqaüd proqramında iştirak edən gənclər bu imkandan tam faydalansınlar. Lazımi bilik və bacarıqlara yiyələnərək ölkənin gələcəyinə töhfələr versinlər”. B.Aslanbəyli belə layihələrin gənclərin peşəkar inkişafına, əmək bazarında özlərinə layiqli yer tutmalarına böyük kömək göstərdiyini bildirib. Eyni zamanda, əmək bazarının özündə də keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratdığını vurğulayıb. B.Aslanbəyli əlavə edib ki, bank-maliyyə və neft-qaz sektorunda fəaliyyət göstərən iri şirkətlərin birgə layihə reallaşdırmasının özü özlüyündə çox təqdirəlayiqdir. Çünki imkanlar, təşəbbüslər, istəklər bir araya gəldikdə nəticələr də daha gözəl olur. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Xatırladaq ki, proqrama ümumilikdə 1337 namizəd müraciət edib. Onların arasından “DevOps mühəndisliyi”, “Machine Learning” və “QA Automation” sahəsində Akademiyaya qəbul prosesində ən yüksək nəticələr göstərmiş namizədlər seçilib. Beləliklə, hər istiqamət üzrə 10 namizədə (cəmi 30 namizəd) ABB-nin, 10 namizədə (cəmi 30 namizəd) bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüdü ilə ABB Tech Akademiyasında ödənişsiz təhsil almaq imkanı yaradılıb.

Xəbər

ABB səhmləri kifayət qədər sərfəli investisiya alətidir - Müsahibə

ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı davam edir. Artıq 9 mindən çox investor 11 mindən çox sifariş yerləşdirib. Müsahibimiz ABB-nin yeni səhm emissiyasının anderrayteri olan “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadədir. -ABB-nin yeni səhmlərinə belə yüksək maraq nədən irəli gəlir? -ABB-nin səhmləri kifayət qədər sərfəli investisiya alətidir. Bir tərəfdən, bu səhmlər yüksək dividend gəliri qazandırır, digər tərəfdən səhmlərin özünün də qiymətinin yaxın gələcəkdə artım potensialı böyükdür. ABB səhmdarlarına dividend ödənişi son illər ərzində bir neçə dəfə artaraq bir səhm üzrə 0.041 manata çatıb. Bu da səhmin nominal dəyərinin 15.1%-ni təşkil edir. Bunu da müşahidə edən və dəyərləndirən investorların sayı az deyil. -ABB səhmlərini kimlər və necə əldə edə bilər? - İstənilən fiziki və hüquqi şəxs ABB səhmlərini əldə edə bilər. Bir önəmli məlumatı bölüşüm. Bu günlərdə mediada elan edildiyi kimi, səhmlərə abunə yazılışı prosesinə artıq ölkəmizdəki digər banklar da qoşulub. Beləliklə, ABB səhmlərini ABB mobile tətbiqi, ABB-nin və digər bankların filialları, ölkəmizdə fəaliyyət göstərən bütün investisiya şirkətləri vasitəsilə sifariş vermək olar. - İnvestorlar səhmləri hansı qiymətlə ala bilərlər? - Hələlik, yalnız səhmlərin ilkin təklif qiymətindən danışa bilərik. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə investorlar öz sifarişlərini 27 qəpik və ya daha yuxarı qiymətlə təqdim edə bilər. Sifarişdə qiymət nə qədər yuxarı göstərilsə, sifarişin təmin edilməsi ehtimalı da bir o qədər artır. Əgər abunə yazılışı dövründə toplanılan sifarişlərin həcmi əlavə buraxılan səhmlərin sayından, yəni 322 000 000 ədəd səhmdən çox olsa, o zaman daha yuxarı qiymətlə verilmiş sifarişlər ilk növbədə təmin ediləcək. - Sifarişlər nə vaxtdan yerləşdiriləcək? - Abunə yazılışı sentyabrın 10-da bitir. Abunə yazılışı bitdikdən sonra 2 iş günü ərzində yerləşdirmənin başlanma və başa çatma tarixi ilə bağlı elan veriləcək və toplanmış sifarişlər yerləşdiriləcək. Bu arada onu da qeyd edim ki, qanunvericiliyə görə, yerləşdirmə üçün maksimal müddət 7 iş günüdür - Yerləşdirmə hansı qaydada icra ediləcək? - Abunə yazılışının müddətinin sonunda ABB-nin üstünlük hüququndan istifadə etmək niyyəti bildirmiş səhmdarlarının sifarişləri xaric, bütün sifarişlər qiymətə görə sıralanmaqla icra olunacaq. Əgər toplanan sifarişlər üzrə alınan səhmlərin sayı təklif edilən səhmlərin sayından, yəni 322 000 000 ədəddən çox olsa, daha yüksək qiymətlə verilmiş sifarişlər ilk növbədə icra ediləcək. Eyni qiymətlə verilmiş sifarişlər isə sifariş üzrə alınan səhmlərin sayına görə mütənasib qaydada icra ediləcək. - Sifarişi icra edilməyən investorların ödədikləri vəsaitlərin taleyi necə olacaq? - Sifariş icra edilmədikdə, sifariş üzrə ödənilmiş məbləğ investorun bank hesabına geri qaytarılacaq. Bir mühüm məlumatı da diqqətə çatdırmaq istərdim. Nəzərə alaraq ki, səhmlərin dəyərini əvvəlcədən ödəyən investorların vəsaitləri 10 sentyabr tarixinə qədər ABB-də qalacaq, onların bu vəsaitlərindən də qazanmaları üçün ABB daha bir sərfəli fürsət yaradıb. Onlar 10 sentyabr tarixinə qədər ABB-də qalan vəsaitlərinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Üstəlik, bu faiz gəliri investorlara əvvəlcədən ödənilir. Yerləşdirmənin nəticəsinə əsasən, səhm sifarişi icra olunanlara da, ABB səhmlərini əldə edə bilməyib vəsaiti geri qaytarılanlara da bu faiz gəliri ödənir. - Abunə yazılışı və yerləşdirmə bitdikdən sonra ABB səhmlərini satmaq mümkündür? - Bəli. Yerləşdirmə müddəti bitdikdən sonra əldə edilmiş səhmlər “ABB-İnvest” İnvestisiya Şirkəti QSC-yə və ya digər investisiya şirkətlərinə sifariş verilməklə satış həyata keçirilə bilər. Yaxın gələcəkdə səhmlərin ABB mobile vasitəsilə elektron formada satışı da mümkün olacaq.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!