Xəbər

2-ci Regional Hakatona qeydiyyat başlandı!

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı məqsədilə ardıcıl layihələr reallaşdıran ABB 2-ci Regional Hakatonunda iştirak üçün müraciət qəbulunun başlandığını elan edib. Hakaton 02-04 iyul tarixlərində keçiriləcək. Bank tədbiri özünün ABB İnnovasiya Mərkəzi ilə birgə təşkil edir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Hakatonun strateji tərəfdaşıdır. Bu Hakaton Bankın ötən ilin əvvəlində keçirdiyi analoji tədbirin davamıdır. 2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq. Pandemiya şəraitini nəzərə alaraq tədbir onlayn formatda keçiriləcək. Proqramçılar, data analitiklər, dizaynerlər, sahibkarlar, menecerlər, ümumən maliyyə sahəsində innovativ həllərə maraq göstərən hər kəs 2-ci Regional Hakatonuna qoşula bilər. İştirakçılar təşkilatçı tərəfin formalaşdırdığı komandalarda çalışacaqlar. Digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq layihələrini münsiflərə təqdim edəcəklər. Komandalara bir neçə mövzu təklifi olacaq. Bununla belə iştirakçılar özləri də əsas istiqamətləri nəzərə almaqla müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Mentorlar da, Regional Hakatona metodoloji dəstək verən təşkilati komanda da startap quruculuğu sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 48 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub. İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini ABB ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar. Obyektivlik prinsipinin tam qorunması üçün ABB-nin və bankın törəmə müəssisələri olan “Azericard” prosessinq mərkəzinin, “ABB-Moskva”nın, “ABB İnvest” şirkətinin əməkdaşları Regional Hakatonda iştirak etmir. Ətraflı məlumat və qeydiyyat üçün: https://abbhackathon.com Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxslər və sahibkarların diqqətinə!

Məlumat üçün bildirmək istəyirik ki, 2021-ci ilin sonunda Vergi Məcəlləsinə bəzi dəyişiklər edilmişdir. Belə ki, Vergi Məcəlləyə əlavə edilmiş 16.11. Maddəsinə uyğun olaraq “Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilməlidir: 11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə[1] – elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 11.2. xarici ticarət fəaliyyəti üzrə –yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi; 11.3. borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi; 11.4. avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.” Bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (Maddə 57.7). ______________________ [1] 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən; 71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən; 71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə; 71-1.5.11. ixrac qeydi ilə satış barədə.

Xəbər

ABB Miles kartlarında böyük endirim və onqat mil!

ABB səyahət həvəskarları üçün nəzərdə tutulmuş ABB Miles debet və kredit kartlarının qiymətində endirim elan edib. Sentyabrın 30-dək keçirilən kampaniya çərçivəsində 3 illik ABB Miles kartını 60 manata deyil, cəmi 30 manata almaq olar. 3 illik ABB Miles Premium kartı isə bu müddətdə müştərilərə 150 manat əvəzinə, cəmi 75 manata təklif edilir. ABB Miles kartlarını həm onlayn kanallardan (https://abb-bank.az və https://abbmiles.az/ internet səhifələri, ABB mobile tətbiqi), həm də Bankın filial və şöbələrindən endirimlə əldə etmək olar. ABB Miles Premium kartlarında endirimlər isə yalnız onlayn kanallarda sifariş edilmiş kartlara aiddir. Fürsətlər bununla da bitmir. Sentyabrın 30-dək ABB Miles və ABB Miles Premium Mastercard debet və kredit kart sahibləri bu kartlarla “Hotelhub” saytından etdikləri minimum 100 manatlıq otel ödənişlərinə görə 10 qat əlavə mil qazanacaqlar. Kampaniya dövründə hər müştəri maksimum 2 əməliyyatı üzrə əlavə 15 000 mil qazana bilər. Əlavə mil qazanmaq imkanı “Bahar fürsətləri - miles” kampaniyasında hədiyyə millər qazanmış müştərilərə aid deyil. Daha ətraflı burada ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə https://abbmiles.az/ səhifəsindən tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

"ABB AI Factory” platforması “IDC Future Enterprise EMEA” mükafatının qalibləri sırasında

Bazar araşdırmaları və konsaltinq xidmətləri sahəsində qlobal qurumlardan olan IDC (Beynəlxalq Data Korporasiyası) ilk dəfə illik “IDC Future Enterprise EMEA” (Avropa, Orta Şərq, Afrika regionunda gələcək sahibkarlıq) mükafatının qaliblərini açıqlayıb. İlk ilində dünyanın ayrı-ayrı regionlarından 15-dən çox sektordan 600-dən artıq təşkilat proqrama layihələr təqdim edib. Mükafatlandırma “Rəqəmsal infrastruktur”, “İş”, “Dayanıqlılıq”, “Müştəri təcrübəsi”, “İnam”, “İntellekt”, “Əməliyyatlar” nominasiyaları üzrə aparılıb. ABB-nin “ABB Suni İntellekt Platforması” (ABB AI Factory) layihəsi də “İntellekt” nominasiyası üzrə ilk üçlükdə qərarlaşıb. “ABB AI Factory” 15-dən çox Open Source texnologiyasını özündə cəmləşdirən Big data, Data Science və Süni İntellekt platformasıdır. Bu platforma Bankın əməkdaşlarına birlikdə işləyib effektiv və sürətli şəkildə Süni İntellekt həllərini yaratmaq, onları idarə etmək imkanı verir. Hazırda “ABB AI Factory” platformasında 100-dən çox maşın öyrənməsi modeli işləyir. Qeyd edək ki, bu platformanı başlanğıcdan ABB əməkdaşları yaradıb. Bankın data komandasında hazırda 50-dən çox işçi çalışır. Bu günlərdə istifadəçilərə təqdim edilmiş ABB Süni İntellekt də Bankın data və rəqəmsal komandalarının birgə reallaşdırdığı uğurlu layihələrdəndir. Müxtəlif nominasiyalar üzrə “IDC Future Enterprise EMEA” mükafatlarını qazanan qlobal oyunçular sırasında Vodafone, Deutsche Bank, Henkel, Koçtaş, Kembric Universiteti, DHL Group, Aksigorta və s. bu kimi qurumlar var. Layihələrin dəyərləndirilməsi zamanı əsas meyarlardan biri şirkətlərin proqram təminatı, innovasiyalar, rəqəmsal transformasiya, ən təkmil texnologiyalar əsasında mükəmməl infrastruktur yaratması olub. IDC-nin bu proqramı rəqəmsal biznes erasında təşkilatlara müasir çağırışlara necə uyğunlaşdıqlarını, yeni texnologiyalara hansı şəkildə sərmayə qoyduqlarını nümayiş etdirmək fürsəti verir. “IDC Future Enterprise EMEA” mükafatı rəqəmsal mədəniyyəti inkişaf etdirmək, bu sahədə sağlam rəqabət mühiti yaratmaq üçün düşünülmüş platformadır. Bu mükafat şirkətləri etibarlı sənaye ekosistemlərindən faydalanmaqla mükəmməl infrastruktur qurmağa, müştəri təcrübələrini inkişaf etdirməyə və bu təcrübələrdən qazanmağa motivasiya edir. Proqram haqqında ətraflı məlumatı buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

“ABB yeni strateji dövrə daxil olub”

Müsahibimiz Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovdur. - Abbas müəllim, ABB bu günlərdə dayanıqlı inkişaf hesabatını təqdim etdi. Hesabatdakı əhatəli məlumatlar ictimaiyyətdə geniş maraq doğurdu. Belə hesabatların əsas məqsədi nədir? - Bu cür əhatəli məlumatları paylaşmaqla bizim əsas məqsədimiz bütün maraqlı tərəfləri fəaliyyətimiz haqqında ətraflı məlumatlandırmaq və davamlılıqla bağlı öhdəliklərimizə sadiqliyimizi göstərməkdir. Hesabatda Bankımızın ətraf mühitin qorunması, sosial məsələlər, məsuliyyətli idarəetmə (ESG) kimi dayanıqlı inkişaf iqtiqamətlərində əsas fəaliyyət göstəriciləri təqdim olunub. Daha aydın mənzərə yaransın deyə, əsas məlumatlarımızı üç il üzrə, müqayisəli şəkildə təqdim etmişik. ABB qlobal standartlara uyğun hazırlanmış belə bir dayanıqlı inkişaf hesabatı ilə sektorda müsbət nümunə yaratmağı hədəfləyir. - Hesabat hansı xüsusiyyətləri ilə fərqlənir ? - Bu hesabatdakı yanaşma, standartlar, məlumatların əhatə dairəsi tamamilə yenidir. ABB-nin 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı hazırlanarkən Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) 2021 Standartlarının tövsiyələri, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların dayanıqlılıq üzrə təşəbbüsləri əsas götürülüb. Hesabatdakı qeyri-maliyyə məlumatlarının tam düzgünlüyü və şəffaflığı ilə bağlı beynəlxalq audit şirkəti EY müstəqil əminlik bəyannaməsi təqdim edib. - ABB-nin fəaliyyətinin xüsusilə son illəri hansı tendensiyalarla xarakterikdir? - ABB-nin son 7 illik tarixini biz şərti olaraq üç mərhələyə bölmüşük. İki mərhələ artıq tamamlanıb. Üçüncü mərhələ isə yenicə başlanıb. Birinci dövr 2016-2018-ci illəri əhatə edirdi. Bu, Bankımızın həyatında sabitləşmə mərhələsi idi. Onda ABB dövlətimizin dəstək verdiyi müxtəlif tədbirlərlə sağlamlaşdırma proseslərindən keçdi. Eyni zamanda, hərtərəfli təhlillər əsasında Bankın gələcək inkişafı ilə bağlı ümumi baxış formalaşdı. Xarici məsləhətçilər də cəlb etməklə inkişaf strategiyası işlənib hazırlandı. 2019-2022-ci illər ilk inkişaf strategiyamızın icrası dövrü oldu. Ötən üç il inkişaf üçün möhkəm təməllərin formalaşdırılması mərhələsi idi. 2023-cü ildən başlanan yeni dövr isə mahiyyətcə inkişaf proseslərinin sürətləndirilməsi dönəmidir. Biz artıq yeni strateji dövrə daxil olmuşuq. - ABB-nin ötən dövrdəki uğurlarını bir neçə rəqəmlə necə ifadə edərdiniz? - ABB-də sağlamlaşma dövründən sonra, yəni 2018-ci ildən etibarən əldə etdiyimiz uğurları ifadə edəcək rəqəmlər çoxdur. Bankın dayanıqlı inkişafını təmin edən kredit portfeli oktyabr ayının sonuna 1,90 milyard manatdan 4,86 milyard manata, yəni 2,5 dəfə artıb. Müştəri sayımız 1,4 milyondan 2,3 milyona yüksəlib. İşçilərimizin orta yaşı 40 yaşdan 35 yaşa enib. 2023-cü ilin nəticələrini də nəzərə almaqla, 2018-2023-cü illər ərzində ABB 2 milyard manat vergidən əvvəl mənfəət əldə edib. Mənfəət vergisi, səhmdarlara ödənilən dividentlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 milyard manatdan çox ödənişlər edib. - Bu uğurlar hansı inkişaf layihələrinin nəticələridir? - Ötən strateji dövrdə biz ABB-nin fəaliyyəti üçün bir sıra mühüm layihələr yerinə yetirdik. Pərakəndə və korporativ istiqamətlər üzrə rəqəmsal kanallar qurduq. Biznes müştərilərimiz üçün yeni xidmət modeli yaratdıq. Mövcud müştərilərlə əlaqələri gücləndirdik. Məhsuldarlığı artırmaq və müştəri məmnuniyyətinə nail olmaq üçün filiallarımızın transformasiyasına start verdik. Əsas texnologiyalara investisiya etdik, onları modernləşdirdik. Rəqəmsal xidmət imkanlarını genişləndirdik, ABB rəqəmsal laboratoriyasını işə saldıq. - Texnologiyalara və rəqəmsal kanallara investisiyalar hansı müsbət təsirlər yaratdı? - Müsbət təsirlər bundan ibarət oldu ki, məsələn, indi 2 milyona yaxın rəqəmsal müştərimiz var. 700 000-ə yaxın aktiv rəqəmsal müştərimiz hər ay müntəzəm olaraq ABB mobile-da, ən azı, 1 əməliyyat aparır. Hər gün yenilənən ABB mobile platformamızla müştərilərimizin yalnız bank xidmətləri ehtiyaclarını yox, bütün maliyyə xidmətlərinə olan ehtiyaclarını qarşılamağa çalışırıq. Bir müddət əvvəl tətbiq üzərindən investisiya imkanlarını hər kəsə əlçatan etdik. Hər bir ABB mobile istifadəçisi tətbiqdə investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən faydalana bilər. Buna paralel bir çox sığorta məhsullarından da ABB mobile vasitəsilə faydalanmaq imkanı yaratdıq. Həmin məhsulları cəmi bir neçə toxunuşla tətbiq üzərindən rahat şəkildə əldə etmək mümkündür. - Bəs korporativ müştəriləriniz rəqəmsal imkanlardan necə faydalanır ? - Biz korporativ müştərilərimiz üçün, tamamilə onların istək və ehtiyaclarına uyğun yeni İnternet Bankçılıq platforması yaratdıq. Bu gün də hər yeni funksionallıq yaradanda həmkarlarımız müştərilərlə görüşüb, onları dinləyir. Çalışırıq ki, onlar üçün yeni dəyərlər yaradaq. Hazırda korporativ müştərilərimiz əməliyyatların 96%-dən çox hissəsini məhz rəqəmsal kanallarla aparırlar. - Bank brend kimliyini də yenilədi... - Bəli, 2021-ci ilin ortalarından fəaliyyətimizi ABB brendi altında davam etdirməkdəyik. Filiallarımızın transformasiyası layihəsi çərçivəsində xidmət ofislərimizin siması Bankımızın yeni brend kimliyinə uyğunlaşdırılır. Son iki ildə 13 filialımızı yenidən qurmuşuq, müştərilərimizə daha əlçatan olmaqdan ötrü 3 yeni filial yaratmışıq. Filiallarımızda xidmət modelləri də dəyişib. - Bu dövrdə məhsul və layihələrin idarə edilməsində hansı yeniliklər etmisiniz? - Bilirsiniz, müasir dövrdə müştərilərin sürətlə dəyişən davranışlarına, ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etmək çox vacibdir. Bank bazarında ciddi rəqabət var, xüsusən ödəniş və köçürmələr biznesində rəqabət artıq bank sektoru hüdudlarını aşıb. Bazara yeni oyunçular daxil olub. Bu cür rəqabətli mühitlərdə yalnız müştəri mərkəzli düşünən, lazımi keyfiyyətli, müştəri üçün yeni dəyər və göz oxşayan təcrübə yaradan məhsulu bazarda vaxtında təqdim edən oyunçular müştəriləri saxlaya biləcək. Bütün bunları düşünərək, biz də müasir idarəetmə metodu olan – Agile idarəetməni yaxından öyrənib tətbiq etməyə başladıq. Qurduğumuz 11 Agile sahə, 7 ekspertiza mərkəzi ilə bütün məhsulyaratma fəaliyyətimizi bu komandalara həvalə etmişik. Bu krossfunksional komandalar müştəri ehtiyaclarını daha yaxşı öyrənib, çevik şəkildə qərar verərək bazara sürətlə yeni məhsullar təqdim edə bilir. Bir nümunə deyim: son dövrlər ABB mobile tətbiqinin App Store və Google Play store platformalarında yeni relizlərinin çıxma sürətinə baxsanız, Agile komandaların fəaliyyətimizə nə qədər böyük fayda gətirdiyinin şahidi olarsınız. Ümumən, Agile təcrübənin ölkəmizdə getdikcə yayılması, onun üstünlüklərinin düzgün dəyərləndirilməsi müsbət haldır. Getdikcə ölkəmizdə bu sahənin peşəkar mütəxəssislərinin sayı artır və onların bir qismi ABB-nin Agile komandalarında yetişir. Bir neçə gün əvvəl Bankımızın əsas tərəfdaşlığı ilə “Agile Azərbaycan – 2023” Beynəlxalq Sammiti keçirildi. Bu sammitdə Agile-ı tətbiq edən digər böyük tərəfdaşlarımızla birgə biz də son 2 ildə bu sahədə qazandığımız təcrübəni iştirakçılarla bölüşdük. Məmnunuq ki, biz Agile metodologiyasını təkcə tətbiq etmirik, eyni zamanda bu yeni idarəçilik mədəniyyətinin ölkəmizin biznes mühitində yayılmasına fəal şəkildə dəstək veririk. - Rəqabətli mühitdə müştərilərin loyallığını qoruyub saxlamağın əhəmiyyətli olduğunu bildirdiniz və yeni məhsulların önəmini qeyd etdiniz. Bəs müştəri loyallığı üçün başqa hansı alətlərdən istifadə edirsiniz? - Bu, daim üzərində düşündüyümüz məsələdir. Bu gün, rəqəmsal platformalar müştərilərlə təmaslar qurmaq və onlara yeni dəyərlər ötürmək üçün ideal kanal və məkandır. Düşünün, illər öncə müştəri loyallığını artırmaq üçün hədiyyə kuponları, endirim kartları, müxtəlif bonus proqramları var idi. Sonradan həyatımıza ödəniş kartları vasitəsilə keşbeklər gəldi. Müasir dünyada smartfonlar gündəlik həyatımızın tərkib hissəsidir. İnnovativ şirkətlər öz müştərilərinə rəqəmsal platformalar üzərindən data əsaslı, fərdiləşmiş loyallıq proqramları təqdim edir. Biz də ABB-də bunu etməyə çalışırıq. Məsələn, biz gördük ki, müştərilərimiz təkcə bizim keşbekli TamKart məhsulumuzla yox, öz maaş kartları ilə də nağdsız ödənişlər edirlər. Düşündük ki, həmin müştərilərlə rəqəmsal kanalımız vasitəsilə təmas qurub, heç bir yeni fiziki kart təqdim etmədən, məhz onun seçdiyi kateqoriyalara uyğun dəyərlər ötürək. Beləcə, hazırda bir neçə aydır müştərilər tərəfindən rəğbət görən “Faydalı keşbek” layihəmiz ortaya çıxdı. Rəqəmsal platformada, cəmi bir neçə toxunuşla ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı verdik. Bütün bunlar, hələ başlanğıcdır. Yaxın aylarda bu layihəmizi yeni mərhələyə daşıyacağıq. ABB-nin məhsul və xidmətlərindən daha çox istifadə edən, kartlarımızla daha çox dövriyyə edən müştərilərimizə daha böyük dəyərlər ötürəcəyik, onlara fərdiləşmiş təkliflərimiz olacaq. - Yeni seqmentlər necə? Yeni strateji dövrdə yeni seqmentlərə daxil olmaq hədəfləri varmı? - Biz özümüzü ölkənin ən böyük universal bankı kimi mövqeləndiririk. Yəni ABB bu gün bütün müştəri seqmentlərinə xidmət edir. Təhlillərimiz, bazar araşdırmalarımız onu göstərir ki, son dönəmdə ölkəmizdə bizneslərin şəffaflaşma meylləri, rəqəmsallaşma tendensiyası kiçik bizneslərin yeni ehtiyaclarını ortaya çıxarmaqdadır. Onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına qərar vermişik. - Bu, kiçik sahibkarlara nə imkanlar yaradacaq? - Nəzərdə tutduğumuz model sadə və göz oxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq “Beyond banking” həllərini də əhatə edəcək. Getdikcə şəffaflaşan kiçik bizneslərə yeni dəyərlər yaradaraq rəqəmsal platformamıza gətirmək istəyirik. Bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına kömək göstərəcək. Kiçik bizneslər üçün maliyyə resurslarını daha əlçatan edəcək. - Qlobal bankçılıq sahəsindəki yeni trendlərdən olan Açıq bankçılıq (Open banking) təşəbbüsləri və yeni texnoloji həllər sizin üçün nə qədər aktualdır? - Biz ölkənin ən böyük bankı kimi müasir bankçılıqdakı bütün meylləri yaxından izləyirik, ehtiyaclarımıza və biznes strategiyamıza uyğun həllərin tətbiqində ilklərdən olmağı hədəfləyirik. Ölkəmizdə yeni ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunun və digər yeni normaların dəstəklədiyi Açıq bankçılıq təşəbbüslərini biz yeni imkanlar perspektivindən dəyərləndiririk. Bu təşəbbüslər sektorda, maliyyə ekosistemində yeni bir dəyişiklik dövrü başladacaq, nəticədə isə müştərilərimiz üçün yeni dəyərlər formalaşacaq. Bir anlıq təsəvvür edək, açıq bankçılıq yanaşmasının tətbiqindən sonra, ayrı-ayrı banklar müştərilərinə fayda vermək məqsədilə, onun razılığı əsasında məlumatlarını rəqib banklara, eyni zamanda maliyyə ekosistemində fəaliyyət göstərən yeni innovativ oyunçulara - finteklərə, startaplara açacaqlar. Bu isə müştəri uğrunda daha dinamik və rəqabətli mühit formalaşdıracaq. Nəticədə müştəri ona ən uyğun məhsul və xidməti, ən keyfiyyətli şəkildə təqdim edən maliyyə təchizatçısını seçəcək. Təcrübə göstərir ki, buna hazırlıqlı olan müasir banklar, innovativ düşüncəli yeni finteklər bu proseslərdən uduşlu çıxır. Biz də, ABB olaraq bir müddətdir texnoloji və rəqəmsal infrastrukturumuzu buna uyğun qururuq. Açıq bankçılığa keçidin təməlləri sayılan, müxtəlif informasiya sistemləri arasında qarşılıqlı əlaqələrin qurulması üçün protokol və alətlər dəsti olan API-larımızı hazırlayırıq. Bu gün texnoloji infrastrukturumuz istənilən kənar qurum və ya şirkətin informasiya sistemləri ilə qarşılıqlı əlaqə qurmaq üçün hazır vəziyyətdədir. Hətta bu inteqrasiyaların bəzi nümunələrini artıq tətbiq etmişik. Ötən dövrdə “ƏDV geri al” xidmətinin iki operator bankından biri kimi, digər bir neçə kommersiya bankının müştəriləri üçün də bu xidmətə əlçatanlığı təmin etmişik. Bir qədər əvvəl qeyd etdiyim kimi, ilin əvvəlində ABB mobile istifadəçilərinə ABŞ birjalarına birbaşa, anlıq çıxışı təmin etmək üçün ABŞ-dakı bir broker şirkəti ilə real rejimdə inteqrasiyanı məhz bu texnoloji üstünlüyümüzə əsaslanaraq tamamlamışıq. Bu yaxınlarda bir sığorta şirkətinin sistemləri ilə qarşılıqlı inteqrasiya sayəsində müştərilərə əvvəldən sona qədər rəqəmsal təcrübə ilə sığorta məhsulları almaq imkanı vermişik. Müştərilər eyni zamanda ABB mobile-dan həmin sığorta şirkətindəki bütün aktiv məhsullarını izləyə bilir. Hazırda bir neçə fintek oyunçusu ilə inteqrasiya proseslərini müzakirə edirik. O ki qaldı digər texnoloji meyllərə, biz onları da yaxından izləyirik. Misal üçün, bu günlərdə Generativ süni intellektin (Generative AI) imkanlarını tətbiq etməklə həm arxa ofis işlərində, proqramlaşdırmada məhsuldarlığı artırmaq üçün hansı işlər görə biləcəyimizi, həm də müştəri əlaqələrində, o cümlədən Məlumat Mərkəzində müştərilərlə doğma dilimizdə yazılı və səsli ünsiyyətdə bundan istifadə imkanlarını araşdırırıq. - Ətraflı məlumat üçün təşəkkür edirik. ABB-nin törəmə müəssisələrinin də inkişaf strategiyaları varmı? - ABB Maliyyə Qrupuna daxil olan “ABB Moskva” Bankının, “ABB İnvest” şirkətinin, Azərikard prosessinq mərkəzinin də inkişaf strategiyaları hazırlanıb və icra edilir. Onların icrası ABB-nin ümumi inkişaf layihələri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilir. ABB-nin strateji layihələri birbaşa, yaxud dolayısı ilə törəmələrimizi də inkişaf etdirir. Eyni zamanda birgə fəaliyyət bizə müştərilərimizə, tərəfdaşlarımıza inteqrasiya olunmuş universal xidmətlər təqdim etmək imkanı yaradır. - Hazırda ABB-də nə qədər işçi çalışır? - Bankımızın 3400-dən artıq əməkdaşı var. ABB sektorun əsas işəgötürənlərindən biri kimi ölkəmizdə məşğulluğa, sosial rifaha da töhfə verir. Maliyyə sektorunun ən yaxşı işəgötürəni olmaq üçün ABB-də korporativ mədəniyyət daha da gücləndirilir. Əməkdaşlarımızın inkişafına davamlı investisiyalar edilir. İşçilər yetişdirilir, onların özlərini arzularına uyğun istiqamətlərdə reallaşdıra bilmələrinə dəstək verilir. İşəqəbul, təcrübə, karyera inkişafı, daxili rotasiya və s. istiqamətlər üzrə müxtəlif proqramlarımızla ABB-də bərabər imkanlar mühiti qorunur. Bu mühit yeni layihələrimizlə daha da inkişaf etdiriləcək və özünü ABB komandasında görən hər kəsə daim əlçatan olacaq. Biz ölkəmizin əmək bazarı üçün peşəkar mütəxəssislər yetişdiririk. Bankımızın 2019-cu ildə yaratdığı ABB Tech Akademiyasının uğuru buna daha bir nümunədir. 4 il ərzində ABB Tech Akademiyasını 526 məzun bitirib. Onların 116 nəfəri hazırda ABB Maliyyə qrupunun müxtəlif layihələrində çalışır, digər məzunlar isə ayrı-ayrı yerli və xarici təşkilatların əməkdaşlarıdır. Məzunların işəqəbul əmsalı olduqca yüksəkdir. Bankımızın ABB İnnovasiya Mərkəzi də fəaliyyət göstərir. İndiyə qədər 40-a yaxın startap layihəsi burada inkubasiya mərhələsindən keçib və investorlara təqdim edilib. Belə layihələr biznes və təhsil əməkdaşlığının inkişafı, gənc istedadların dəstəklənməsi baxımından da çox mühümdür. - Bu yaxınlarda sektor üzrə 3-cü rübün yekunları açıqlandı. ABB olaraq, ilin ilk 3 rübü üzrə nəticələrinizi necə qiymətləndirirsiniz? - Bir qədər əvvəl də qeyd etdiyim kimi, 2023-cü il, bizim yeni strateji dövr – “Sürətli inkişaf” adlandırdığımız dövrün ilk ilidir. Rəqəmlər onu göstərir ki, bankımız ötən dövrdə qurduğumuz sağlam təməllər üzərində sürətlə böyüməyə başlayıb. Bütün seqmentlər üzrə bazar payımızı artırmışıq, yəni rəqiblərimizdən daha sürətlə böyümüşük. Kredit bazarında payımızı 3 rüb ərzində 2% bəndi artıraraq 20%-ə çatdırmışıq, real sektorun maliyyələşdirilməsinə 1,7 milyard manatdan çox vəsait ayırmışıq, aktiv müştəri saylarını ötən ilə nəzərən 2 dəfə daha sürətlə artırmağa nail olmuşuq, yüksək xalis mənfəət əldə etmişik. Bütün bunlar yüksək motivasiyalı ABB komandasının yeni strategiyamıza sadiqliyini göstərir. - Son sualımız: yeni strateji dövrdə ABB qarşısına hansı əsas hədəfləri qoyub? - Yeni strateji dövrdə ABB-nin əsas hədəfləri seqmentlər üzrə bazar liderliyi, data əsaslı rəqəmsal təcrübə, üstün müştəriyönümlülük və maliyyə sektorunun ən yaxşı işəgötürəni olmaqdır. Yeni strategiyamızda bütün bu strateji hədəflərə çatmaq üçün 58 təşəbbüs və yüzlərlə layihə həyata keçirməyi nəzərdə tutmuşuq. - Sizə yeni strateji dövrdə uğurlar. Müsahibə üçün təşəkkür edirik!

Xəbər

ABB-nin dəstəyi ilə İtaliyada ölkə rekordu qırıldı

ABB-nin Müştəri xidmətləri departamentinin direktor müavini Teymur Fərəcov bu günlərdə İtaliyanın Cervia şəhərində triatlon idman növündə keçirilmiş “İronman” status turnirində Azərbaycan üzrə rekord qazanıb. O, verilmiş tapşırığı 10 saat 12 dəqiqə 8 saniyəyə yerinə yetirib. Teymur Fərəcovla bu rekordu və ümumən turnir haqqında danışdıq. - “İronman” status turnirinin əsas özəllikləri nədir? - Bu turnir tratlion idman növünün ən çətin yarışlarından sayılır. Biz finişə qədər dayanmadan 3.8 km üzməli, sonra velosipedlə 180 km məsafə qət etməli, ardınca 42.2 km qaçmalı idik. Azərbaycandan olan 14 iştirakçı arasında bu tapşırığı ən qısa müddətdə yerinə yetirə bildim. - Ölkəmizin bundan əvvəlki rekodu nə qədər müddət idi? - Azərbaycandan olan idmançılar arasında bu “dəmir məsafə” indiyə qədər ən yaxşı nəticə kimi 10 saat 28 dəqiqəyə başa vurulmuşdu. -Triatlionla nə vaxtdan məşğulsunuz? - İki il əvvəl başlamışam. Buna qədər idmanın müxtəlif növləri ilə məşğul olurdum. - İndiyə qədər bu idman növü üzrə hansı yarışlarda iştirak etmisiniz? - İştirak etdiyim yarışların sayı 10-dan çoxdur. Sonuncu dəfə iyulun 3-də Bakıda, Pirallahı adasında keçirilən IronWind 70.3 Triterra yarışında iştirak edib öz yaş kateqoriyam üzrə – yəni, 40-44 yaşlı iştirakçılar arasında bürünc medal qazanmışam. 2022-ci ilin fevralında keçirilən “IronWind Winter Aquathlon” yarışında isə 2-ci yeri tutumuşam. 2021-ci ildə Minskdə, Tallində keçirilən yarışlarda da iştirak etmişəm. Minskdəki yarışda, normativlər əsasən, olimpik məsafə üzrə idi: cəmi 1500 metr üzmək, 45 km velosipedlə hərəkət etmək, 10 km qaçmaq lazım gəlirdi. Tallindəki isə yarım “İronman” məsafəsi idi. İtaliyadakı turnir bu baxımdan indiyə qədərki ən gərgin yarışım oldu. Özümə hədəf qoymuşdum ki, finişə, təxminən 11 saat ərzində çatım. Bu hədəfə daha tez müddətdə çata bilməyimə sevinirəm. - Niyə məhz triatlon? - Bu idman növü çox güclü iradə, dəmir intizam tələb edir. Fiziki hazırlıqdan başqa adamı mənəvi-psixoloji cəhətdən də möhkəmləndirir. Triatlonla məşğul olanda imkanlarını sanki yenidən kəşf edirsən, özünəinamın artır. Bundan başqa, məşqlərdə, yarışlarda çoxlu yeni dostlar da qazanırsan. - Məşqlərə, yarışlara kifayət qədər zamanınız olurmu? - Elə bir biznes qurumunda çalışıram ki, burada iş həyatımızla şəxsi həyatımız arasında balans yarada bilirik. Ona görə işdən sonra məşqlərə yetərincə zamanım qalır. Yarışlarda iştirakıma da lazımı şərait yaradılır. ABB hər bir əməkdaşının bank fəaliyyətindən kənar bu cür faydalı maraqlarını dəstəkləyir və bizə öz imkanlarımızı reallaşdırmaq üçün mümkün köməyi göstərir. İtaliyadakı yarışda da doğma bankımın dəstəyini hiss etmək mənə əlavə ruh verirdi.

Xəbər

ABB-nin TamEco layihəsi milli KSM mükafatına layiq görüldü

Ölkəmizdə artıq 5-ci ildir təqdim olunan Milli KSM Mükafatının builki qalibləri açıqlanıb. ABB-nin TamEco layihəsi "İqlim dəyişikliyinə qarşı mübarizə" nominasiyası üzrə Milli KSM mükafatına layiq görülüb. "İqlim dəyişikliyinə qarşı mübarizə" BMT-nin dayanıqlı inkişaf məqsədlərindəndir. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq Azərbaycanın da 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyənləşib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Xatırladaq ki, ölkəmiz 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29 kimi mötəbər bir tədbirə də ev sahibliyi edəcək. ABB-nin TamEco layihəsi də bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə ictimai dəstəkdir. Layihə 2022-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında hazırlanmaqla reallaşdırılıb. Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkilməsi imkanı yaranıb. Ağac tinglərinin alınması üçün ianə ödənişini müştərilərin adından Bank öz üzərinə götürüb. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olub. Layihə çərçivəsində Azərbaycan ərazisində ümumən 36 000 ağac əkilib. TamEco kartının özü də dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır. Milli KSM Mükafatının mükafatlandırma komissiyasının tərkibində bir çox dövlət qurumları təmsil olunur. Layihənin əsas məqsədi ölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət (KSM) layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur!

Ölkəmizdə ipoteka bazarının lideri olan ABB özünün ABB Home plaftormasını (abbhome.az) təqdim edib. Platformanın yaradılmasında məqsəd ipoteka ilə ev almaq istəyənlərin vaxtına qənaət, prosedurları sürətləndirmək, ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən təqdim etməkdir. ABB Home getdikcə təkmilləşdiriləcək və beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılacaq. ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə yükləyib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər. Müştərilərin sadəcə kredit rəsmiləşdirilməsi mərhələsində bank filialına yaxınlaşmaları kifayətdir. ABB ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün ABB Home platformasında süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” alətini də təqdim edib. Beləliklə, müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini də öyrənə bilirlər. Hazırda burada, əsasən, mənzillərin təxmini qiymətləri təqdim edilir. Yaxın zamanlarda alət daha da təkmilləşdiriləcək, həyət evi, torpaq və digər daşınmaz əmlak növlərinin də qiymətini öyrənmək olacaq. Qiymətlər açıq məlumat mənbələri əsasında süni intellekt tərəfindən təxmin edilir. ABB daxili ipoteka kreditlərini müştərilərə 10%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə təklif edir. Kreditin maksimal məbləği 500 000 manata qədərdir. ABB çoxsaylı tikinti şirkətləri ilə tərəfdaşlıq edir. ABB Home istifadəçiləri Bankın partnyor tikinti şirkətləri və onların mənzil layihələri haqqında da ətraflı məlumat əldə edə, həmin tikinti şirkətlərinin inşa etdiyi binalardan sadələşdirilmiş, çox əlverişli şərtlərlə təmirli, yaxud təmirsiz mənzillər ala bilərlər. ABB-nin daxili ipoteka kreditləri ilə həm yeni və köhnə tikililərdə mənzillər, fərdi yaşayış evləri, o cümlədən bağ evləri, həm də torpaq sahələri almaq mümkündür. Bu, müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir. Xaricdə yaşayan və xarici ölkələrdən əməkhaqqı alan Azərbaycan Respublikası vətəndaşlarına da ABB-nin daxili ipoteka kreditindən yararlanmaq imkanı yaradılıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir

Regionun ən böyük banklarından olan ABB dünən 32 yaşını qeyd etdi. 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış ABB 32 ildir ki, müştərilərə, o cümlədən bizneslərə universal maliyyə xidmətləri göstərir, strateji hədəflərinə uyğun olaraq inkişaf edir, böyüyür. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibəmizdə Bankın 2023-cü il üzrə maliyyə nəticələrinə nəzər saldıq: - Abbas müəllim, ABB 2023-cü ili hansı maliyyə nəticələri ilə tamamladı? - Ötən il ABB-nin yeni, 2023-2025-ci il strateji inkişaf dövrünün ilk ili idi və biz bu strateji ili olduqca uğurlu nəticələrlə başa vurduq. Prudensial hesabatlara əsasən, ABB ötən il 322 mln. manat xalis mənfəət qazanıb. Bu, 2022-ci illə müqayisədə 27% artım deməkdir. 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 mln. manatdan 484 mln. manata yüksəlib. Vergidən əvvəl xalis mənfəətimiz isə 421 mln. manata çatıb. - Gəlirlərin artmasına hansı amillər təsir göstərib? - Ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də riteyl müştərilərimizin sayı böyük həcmdə artıb. Yeni texnologiyaların tətbiqinin, xidmət keyfiyyətinin yüksəlməsinin burada, təbii ki, böyük rolu var. Bazara təqdim etdiyimiz yeni məhsul və loyallıq proqramları sayəsində müştərilərimizin aktivliyi də artıb. Belə ki, aktiv müştərilərimizin sayında il ərzində 25% artım qeydə alınıb. Kredit portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə 1.5 mlrd. AZN, yəni 43% artaraq 5 mlrd. manatı ötüb. İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 mln. manata yaxın və ya 53% artım olub. - Bank ötən ilin nəticələrinə əsasən dövlət büdcəsinə nə qədər vergi ödəyib? - ABB 2023-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 117 mln. manat vergi ödəyib. Bunun 84 mln. manat hissəsi mənfəət vergisi olub. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 mln. manat dividend də ödəyib. Bankın səhmlərinin 96,4%-i dövlətə məxsus olduğundan dividendlərin 151 mln. manatı məhz dövlətə ödənib. Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 mlrd. manatdan çox ödənişlər edib. - Bu il səhmdarları hansı məbləğdə dividend gözləyir? - ABB əsas səhmdarımız olan dövlətə, həmçinin sayı 1800-ü ötən fiziki şəxs və özəl səhmdarlarımıza son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. Bu il də istisna olmayacaq. Bilirsiniz ki, səhmdarlara dividend qərarı üçün, əvvəlcə konsolidə edilmiş maliyyə hesabatlarımıza kənar audit şirkəti tərəfindən rəy verilməli, daha sonra Səhmdarların Ümumi Yığıncağında dividendlərin ödənilməsi ilə bağlı qərar qəbul olunmalıdır. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 mln. manat həcmində dividend ödənişi təklif edəcəyik. Beləliklə, ABB bu il səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir.

Xəbər

ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum oldu

ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi “EY İlin İş Adamı” müsabiqəsinə müraciətlərin qəbulu artıq başa çatıb. Müsabiqənin milli mərhələsinin qalibi, habelə nominasiyalar üzrə qaliblər 13 fevral 2026-cı tarixində təşkil olunacaq qala tədbirində elan olunacaqlar. Bu müsabiqə Azərbaycanda 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. “EY İlin İş Adamı” müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 70-dən çox sahibkarı birləşdirən geniş icmaya çevrilib. Bu il “EY İlin İş Adamı” adı uğrunda alternativ enerji, reklam, elektrik avadanlıqlarının istehsalı, maliyyə, turizm, kənd təsərrüfatı, təhsil, İT, rəqəmsal marketinq və digər sahələri təmsil edən iştirakçılar yarışacaqlar. İştirakçıların adlarını təqdim edirik: Bəxtiyar Hüseynov (“Eel Electric” elektrik avadanlıqları istehsalçısı); Ceyhun İmanov (“Jeykhun Imanov Studio” rəqəmsal marketinq, brendinq və dizayn agentliyi); Elqar Bağırov (“Times Consulting” reklam agentliyi) Elmira İsmayılova (“Best Place Restaurant & Jazz Club”, ictimai iaşə və əyləncə xidmətləri); Elşad Abbasov (“Embafinans”, bank olmayan kredit təşkilatı); Fəhri Məmmədli (“Fahri Travel” səyahət agentliyi); Günay Mustafayeva (“MedLife Hospital” tibb müəssisəsi); İlyas Əhmədov və Mehri Əhmədova (“We grow” mavigilə istehsalçısı); Könül Quliyeva (“Safavy” onlayn təhsil platforması); Orxan Məmmədov (“Green Life Engineering” alternativ enerji həlləri); Murad Həsənov (“Clopos” İT həlləri təminatçısı); Müşfiq Hüseynov (“AZSAFFRON” zəfəran və zəfəran tərkibli məhsul istehsalçısı); Novruz İsmayılov (“Manqal kömürü № 1” fındıq qabığı əsaslı kömür istehsalçısı); Rəşad Abbasov (“Neutron” Radiasiya təhlükəsizliyi/konsaltinq); Rüfət Babakişiyev (“Crocusoft”, proqram təminatı, mobil tətbiqlər və İT həllər təminatçısı); Samir Kərimov (“APAR” velosiped kirayəsi xidməti); Seymur Allahverdiyev (“Amazon Travel”, turizm agentliyi); Ülvi Aslanov (“Code Academy” təhsil müəssisəsi); Vüqar Babayev (“Lider Development” CRM/ERP həlləri təminatçısı/yaşayış binalarını idarəetmə platforması). Müsabiqənin qalibi müstəqil münsiflər heyəti tərəfindən sahibkarlıq ruhu, məqsəd, təsir və inkişaf meyarları əsasında qiymətləndirilərək müəyyən ediləcək. Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir: Aliyə Əzimova – Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəriƏfqan İsayev – SOCAR-ın vitse-prezidentiMir Camal Paşayev – “Paşa Holding”in Direktorlar Şurasının sədr müaviniQustaf Nobel – "Conversus" şirkətinin Baş icraçı direktoruTeybə Quliyeva – "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi Proqramın tərəfdaşları sırasında APFM, “Finansist” jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və EKVITA da var. Milli mərhələnin qalibi may ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəmizi təmsil etmək hüququnu qazanacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!