Xəbər

Azərbaycan Beynəlxalq Bankı, ABAD və AKİA-dan aqrar sektora birgə dəstək

Azərbaycan Beynəlxalq Bankı, “ABAD” publik hüquqi şəxs və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında Niyyət Protokolu imzalanıb. Protokol sahibkarlığın inkişafının dəstəklənməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə sahibkarlıq subyektlərinə öz investisiya layihələrini reallaşdırmaqdan ötrü üçtərəfli kömək göstəriləcək. Belə ki, ABB üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli kreditlər verəcək. Bu prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün “Sahibkarlar Klubu” xətti ilə müxtəlif imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və s.) faydalanmaq imkanı da yaradacaq. Aqrar Kredit və İnkişaf Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq. ABAD isə aqrar məhsulların qablaşdırılması və satışının təşkili işlərində sahibkarlara kömək edəcək. Həmçinin istehsal və marketinq sahələrində yeni təcrübələrin əldə olunmasına şərait yaradacaq. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev deyib: “Üç tərəfdaş arasında imzalanan bu sənəddə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması aqrar sahədə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə kömək göstərəcək. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində dayanıqlı və davamlı inkişaf yönümlü müştərək layihələr yerinə yetiriləcək, birgə məhsullar hazırlanacaq”. ABAD-ın direktoru Rüfət Elçiyev bildirib: “Sahibkarlar və kənd təsərrüfatı məhsullarının istehsalçıları bu əməkdaşlıq çərçivəsində yaradılan imkanlar hesabına yerli və beynəlxalq təşkilatların proqramlarından faydalana biləcəklər. Onlara ekspert dəstəyi göstəriləcək. Təcrübə mübadiləsi aparmalarına şərait yaradılacaq”. ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, aqrar sektorun inkişafının dəstəklənməsi Bankın fəaliyyət strategiyasında xüsusi yer tutur: “Son illər biznes layihələrinin reallaşdırılmasına fəal şəkildə kömək göstərdiyimiz kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən bir qisminin fəaliyyəti məhz aqrar sektora aiddir. Belə bir niyyət protokolu çərçivəsində tərəfdaşlarımızla imkanları birləşdirmiş oluruq. Bu da aqrar sahədə çalışan iş adamları üçün daha da faydalı olmağımıza imkan verəcək”. Yaxın gələcəkdə üç təşkilatın iştirakı ilə birgə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.

Xəbər

ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!

ABB ƏDV faizlərini ABB Mobile tətbiqi və ya edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün yeni kampaniyaya başlayıb. Mayın 4-dən ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 3 min müştərinin ƏDV qazancı 5 AZN-ə çatan kimi əlavə 5 AZN də ABB-dən hədiyyə gələcək. Kampaniya 4 may tarixindən etibarən “ƏDV geri al” kartını ABB Mobile tətbiqində, yaxud edvgerial.ibar.az portalında ilk dəfə aktiv etmiş müştərilərin həmin tarixdən ilk 5 AZN-ə çatan ƏDV faizlərinə aiddir. Hər müştəri bu kampaniyadan yalnız bir dəfə yararlanır. Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə ABB Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər. Qeyd edək ki, TamKart sahibləri ƏDV faizlərinin geri qayıtmasını 30 gün gözləmir. Faizlər qəbz oxunduqdan dərhal sonra müştərinin hesabına daxil olur. Kampaniya barədə daha ətraflı məlumatları buradan öyrənə və sayğacı izləyə bilərsiniz. ABB-nin müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

İş adamları üçün yeni imkanlar

ABB-nin “Sahibkarlar Klubu”-nun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı və “ThinkWise” şirkətinin iştirakı ilə sahibkarlar üçün təlimlər təşkil olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının və ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərlinin açılış nitqlərindən sonra müxtəlif mövzularda təqdimatlar olub. Sahibkarlar ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti, Bankın iş adamlarına təklif etdiyi məhsul və xidmətlərlə tanış olublar. Tədbir iştirakçılarına Azərbaycan sahibkarlarına öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı yaradan Azexport portalının fəaliyyəti haqqında geniş məlumat verilib. Həmçinin Bir Pəncərə İxraca Dəstək Mərkəzinin biznes üçün yaratdığı imkanlar haqqında ətraflı söhbət açılıb. “ThinkWise” şirkətinin təmsilçisi isə iş adamlarını Biznes planının yazılması və investisiya təşviqi sənədinin hazırlanması ilə bağlı məlumatlandırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı: “2021-ci ilin ilk yarısında Azərbaycanın qeyri-neft ixracında 27,1-%-lik artım müşahidə olunub. Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları, xarici dövlət borcu 8.8 milyard ABŞ dolları təşkil edir. Azərbaycan dünyada strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çox olan nadir ölkələrdəndir. Cari ilin ilk yarısında Azərbaycanda qeyri-neft sənayesinin artımı 16.6%, aqrar sahənin artımı 5.5% təşkil edib. Sahibkarlar Klubunun üzvlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan “Azexport.az”, “EnterpriseAzerbaijan”, Rəqəmsal Ticarət Qovşağı və Bir Pəncərə İxraca Dəstək Mərkəzi tərəfindən təqdim olunan xidmətlərdən istifadəyə dəvət edirəm. İİTKM-nin operatoru olduğu layihələr sahibkarlara istehsalda, satışda, idarəetmədə və digər istiqamətlərdə dəstək göstərir”. ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: “Sahibkar müştərilərimizə faydalı olmaqdan ötrü həyata keçirdiyimiz tədbirlər təkcə bank fəaliyyəti ilə məhdudlaşmır. İş adamlarımızın yeni biznes imkanlarını kəşf etməsi, bu imkanlardan yararlana bilməsi üçün tərəfdaşlarımızla birgə təşəbbüslər formalaşdırırıq. Ümid edirik ki, bu təlimlərimiz də iştirakçılara faydalı olacaq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin manatla istiqraz emissiyasının “Açılış Zəngi” oldu

1 iyun 2022-ci il tarixində ABB-nin milli valyutada manatla istiqrazlarının emissiyasının “Açılış Zəngi” olub. İstiqrazlar 20 milyon manat həcmində, 2 il müddətinə, illik 6% kupon dərəcəsi ilə emissiya edilib. 9 investorun sifarişi əsasında istiqrazlar tam məbləğdə yerləşdirilib. “Açılış Zəngi” mərasimində Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının rəhbər şəxsləri də iştirak edib. ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev ilk dəfə Azərbaycan manatı ilə istiqraz emissiyasının həyata keçirilməsinin ABB-nin fəaliyyətində xüsusi bir gün olduğunu bildirib. O, ABB-nin 30 il ərzində sistem əhəmiyyətli universal bank kimi həm sektorda, həm də ümumən ölkəmizin biznes mühitində bir çox mütərəqqi ənənələrin formalaşmasında fəal iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, manatla istiqraz emissiyası da bunlardan biridir: “İstiqrazların emissiyası, ABB-nin öhdəliklərinin, maliyyələşmə mənbələrinin alət və müddət baxımından diversifikasiyasına dəstəkdir. Eyni zamanda, ölkəmizdə kapital bazarlarının inkişafına yönəlmiş addımdır. İnanırıq ki, bu addım, maliyyə sektorunun, korporativ qiymətli kağızlar bazarının inkişafına, maliyyə alətlərinin diversifikasiyasına töhfə verəcək. Vətəndaşlar və investorlar üçün yeni investisiya imkanlarının formalaşmasında da xüsusi rol oynayacaq”. Onun sözlərinə görə, bazar trendlərini, müştəri tələblərini nəzərə alaraq, ABB-nin yaxın gələcəkdə emissiya sayını artırması istisna deyil. Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Samir İsmayılov son illər ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bu cür emissiya tədbirlərinin bazarda getdikcə yüksələn aktivlikdən xəbər verdiyini bildirib. Bakı Fond Birjasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev də qiymətli kağızlar bazarındakı son artım göstəricilərinə diqqət yönəldib. ABB-nin manatla istiqraz emissiyasının bazara daha da müsbət təsir göstərəcəyini qeyd edib. Mərasimin sonunda emissiyanın açılışını bildirən simvolik zəng səsləndirilib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi “Award of Excellence” mükafatının təntənəli təqdimatı tədbirində açıqlanıb və mükafat Banka təqdim olunub. Müxtəlif kateqoriyalar üzrə “İlin ən yaxşı bankı” mükafatı ilə təltif edilən banklar sırasında Citibank, BBVA, HSBC, Akbank, İş Bankası və s. kimi bir sıra aparıcı maliyyə institutları var. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq olar. 1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın “Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir. ABB bu mükafata aktivlərinin keyfiyyətinə, dayanıqlılığına, gəlirliliyinə, böyük müştəri bazasına, qlobal tərəfdaşlıq əlaqələrinə, rəqəmsallaşma layihələrinə görə layiq görülüb. Son illərdə “Euromoney” jurnalı bu mükafatı Azərbaycanda heç bir banka təqdim etmədiyindən ABB-nin 2024-cü ildə jurnalın “İlin ən yaxşı bankı” mükafatını qazanması xüsusilə əhəmiyyətlidir. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu nüfuzlu mükafat müştəriyönümlü xidmətimizin, yenilikçi həllərimizin, güclü maliyyə performansımızın xoş nəticəsidir. Belə bir nailiyyət, müştərilərimizin, tərəfdaşlarımızın bizə inamı, komandamızın effektiv fəaliyyəti sayəsində mümkün olub. Bu mükafat strateji hədəflərimizə doğru düzgün yolla irəlilədiyimizi göstərir və bizi daim təkmilləşərək, daha böyük uğurlara çatmağa ruhlandırır. Bizə inanan bütün müştərilərimizə, tərəfdaşlarımıza, zəhmət və əzmkarlıqlarına görə ABB komandasına təşəkkürümüzü bildiririk”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı!

14 noyabr 2024-cü il tarixində - COP29-un “Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında saziş imzalanıb. ABB-nin COP29-dakı pavilyonunda keçirilən imzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan AYİB prezidenti, xanım Odile Renaud-Basso imza atıb. 50 milyon dollarlıq saziş ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsi məqsədi daşıyır. Belə bir razılaşma sənədi uzunmüddətli fasilədən sonra AYİB-in Azərbaycanın maliyyə bazarlarına kifayət qədər iri məbləğdə investisiya ilə yenidən qayıdışıdır. Bu da, sektora etimadın artmasından, Azərbaycanın bank sektorunda korporativ idarəetmənin inkişafından, eləcə də ABB ilə tərəfdaşlıq perspektivlərinə yüksək inamdan irəli gəlir. AYİB-lə ticarətin maliyyələşdirilməsi üzrə belə bir tərəfdaşlıq ABB-nin real sektoru maliyyələşdirmək imkanlarını artıracaq. Bankın beynəlxalq əməliyyatlarını dəstəkləyəcək. İdxal-ixracla məşğul olan iş adamları üçün maliyyə alətlərini daha əlçatan edəcək. Xüsusilə kiçik və orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarını genişləndirəcək. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu sazişin ölkəmizdə biznesin dayanıqlı inkişafına, sahibkarlarımızın beynəlxalq ticarətdə davamlı şəkildə iştirakına, dolayısı ilə insanlarımızın rifahına əhəmiyyətli töhfə olduğunu bildirib: “ABB olaraq ətraf mühit və gələcəklə bağlı məsuliyyətimizi öndə tutmaqla bu maliyyə resurslarından daha çox yaşıl iqtisadiyyat yönümlü layihələrin dəstəklənməsində istifadə etməyə çalışacağıq. Saziş çərçivəsində, ilk növbədə, karbon izlərini azaldan və yaşıl ticarət təcrübələrinə sərmayə qoyan layihələr dəstəklənəcək”. AYİB-in prezidenti xanım Odile Renaud-Basso bildirib: “Biz əminik ki, bu ticarətin maliyyələşdirilməsi xətti Azərbaycanın xarici ticarətini dəstəkləməklə yanaşı, ölkənin maliyyə sektoruna, onun müştərilərinə əhəmiyyətli dəyər qatacaq. Eyni zamanda, AYİB ABB-yə yaşıl əməliyyatlarla bağlı məsləhət xidmətləri verəcək”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı!

ABB və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında qurulan əməkdaşlıq və məlumat sistemlərinin inteqrasiyası nəticəsində sahibkarlar üçün aksizli malların, ilkin mərhələdə tütün məmulatlarının satışı zamanı ödənişlərin ABB Biz tətbiqi vasitəsilə rəqəmsal qaydada həyata keçirilməsini təmin edən yeni, rahat və innovativ mexanizm istifadəyə verilib. Bu mexanizm aksizli mallara görə ödəniş üçün əvvəllər istifadə edilən fərqli sistemlərə keçid ehtiyacını aradan qaldırır. Sahibkarlar ABB Biz tətbiqi daxilində alınan malların adını, sayını, qiymətini və məcburi nişanlama kodlarını görərək ödənişi eyni yerdən cəmi bir toxunuşla tamamlaya bilirlər. Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən aksizli malların satışı zamanı malların üzərində yerləşən DataMatrix (QR) kodları satıcı və alıcı tərəfindən ayrı-ayrılıqda skan edilməli, “Təqib və İzləmə Sistemi”ndə (TİS) yerdəyişmə və qəbul əməliyyatları təsdiqlənməli, ödəniş isə ayrıca həyata keçirilməli idi. Yeni mexanizm sayəsində tütün məmulatları üzrə kodların yenidən skan edilməsinə ehtiyac qalmır, təkrar əməliyyatlar aradan qalxır və sahibkarların işi daha da asanlaşır. Qeyd olunan imkan ABB Biz tətbiqi və TİS sistemlərinin inteqrasiyası nəticəsində mümkün olub. Belə ki, topdansatışçı tərəfindən aksizli mallarla bağlı sifariş məlumatları daxil edildikdən sonra, sahibkara avtomatik bildiriş göndərilir və sifariş üzrə bütün ödəniş məlumatları ABB Biz tətbiqində əks olunur. Bu məlumatlar TİS bölməsində “Ödənilməli” statusu ilə görünür. Bildirişi alan sahibkar əlavə sistemlərə keçid etmədən, ABB Biz tətbiqi daxilində cəmi bir toxunuşla ödənişi həyata keçirir. Ödəniş tamamlandıqdan sonra TİS-də müvafiq əməliyyatlar avtomatik icra olunur. Eyni zamanda, sahibkar öz kassiri, anbardarı və ya digər səlahiyyətli nümayəndəsi üçün ABB Biz tətbiqi vasitəsilə elektron etibarnaməsini rəsmiləşdirərək, ona aksizli mallar üzrə ödənişlərin həyata keçirilməsi səlahiyyəti verə bilər. Bu isə gündəlik əməliyyatların daha rahat təşkilinə imkan yaradır. ABB Biz aksizli malların ödənişi üzrə sahibkarlar üçün vahid, rahat və müasir bank həlli kimi çıxış edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB İnnovasiya Mərkəzi yaradır

Ölkəmizdə innovasiyaların inkişafına dəstək layihələrini uğurla davam etdirən ABB bu istiqamətdə daha bir mühüm addım atır. Bank özünün İnnovasiya Mərkəzini yaradır. ABB İnnovasiya Mərkəzi adı altında yaradılan mərkəz informasiya texnologiyaları sahəsində seçilmiş sahibkarlıq layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərəcək. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda startap ekosisteminin inkişafına kömək göstərməkdir. Mərkəz artıq ilk inkubasiya proqramına qəbul elan edib. Qeyd edək ki, inkubasiya prosesi erkən mərhələdə olan startapların böyüməsinə dəstəyi, startap layihələrinin icrasında ortaya çıxa biləcək problemlərin həllinə yardımı nəzərdə tutur. FinTech həlləri mövzusunda elan edilmiş bu proqramda komandalar öz innovativ ideyalarını təqdim edə biləcəklər. İdeyalara məhdudiyyət olmasa da, kiçik və orta sahibkarlıq fəaliyyətinə fayda gətirəcək həllərə xüsusi üstünlük veriləcək. Mühüm aktuallığa malik ideyalar təqdim etmiş komandalara öz ideyalarını hazır məhsula çevirmək üçün İnnovasiya Mərkəzində münbit şərait yaradılacaq. Startap layihələrinin həyata keçirilməsi üçün onlara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq, texniki dəstək göstəriləcək. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər və sahibkarlar dəvət ediləcək. Mərkəzin ilk rezidentləri sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci ABB Regional Hakatonunda iştirak edərək uğur qazanmış komandaların da olması nəzərdə tutulur. Proqrama 16 iyun tarixinə qədər buradan müraciət etmək olar: https://ibainnovation.az/az ABB-nin yaratdığı İnnovasiya Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi, bankın məlumat sisteminə inteqrasiya (OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB İnnovasiya Mərkəzinin xüsusilə kiçik və orta sahibkarlığa faydalı olacağını bildirib: “Azərbaycan Beynəlxalq Bankı olaraq biz kiçik və orta sahibkarlığın dəstəklənməsinə, o cümlədən bu sahədə FinTech həllərinin tətbiqinə mühüm önəm veririk. ABB İnnovasiya Mərkəzi sahibkarlıq həllərinin formalaşmasına kömək göstərəcək. Bu Mərkəz həm innovativ ideyaları, həm onları reallaşdıra bilən istedadları, həm də lazımi şəraiti bir araya gətirəcək. İnanırıq ki, belə bir mərkəzin yaradılması ölkəmizdə innovasiya ekosisteminin inkişafına təkan verəcək”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB və BP-dən tələbələr üçün yeni fürsət

ABB ilə BP şirkəti arasında ABB Tech Akademiyasının fəaliyyəti üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə ABB Tech Akademiyasına qəbul zamanı yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramının tətbiqini nəzərdə tutur. Belə ki, Akademiyaya yüksək balla qəbul olunmuş bir neçə tələbəyə onların proqramda iştirakının maliyyələşdirilməsi üçün Bank və BP şirkəti təqaüd verəcək. Bu isə ABB Tech-də öyrədilən proqramlaşdırma biliklərinin hər kəs üçün daha da əlçatan olmasına kömək göstərəcək. Qeyd edək ki, ABB-nin yaratdığı ABB Tech Akademiyasının məqsədi ölkəmizin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək olmaqdır. İndiyə qədər Akademiyada sosial layihə kimi təşkil edilmiş intensiv kurslarda 200-ə yaxın gənc informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə bilik və bacarıqlara yiyələnib. Akademiyanın məzunlarından bir qismi işə götürülərək ABB-də və Bankın törəmə müəssisələrində həyata keçirilən rəqəmsallaşdırma layihələrinə cəlb edilib. Ümumilikdə məzunların 70%-dən çoxu ölkəmizdəki 40-a yaxın şirkətdə öz ixtisas profillərinə uyğun işə düzəliblər. İş təklifi alan digər məzunlar isə hələlik karyera həyatına başlamadan müxtəlif universitetlərdə bakalavr və magistr təhsillərini davam etdirirlər. ABB Tech Akademiyası yaxın günlərdə yeni qəbul proqramlarını elan edəcək və növbəti qəbuldan etibarən təqaüd proqramı tətbiq olunacaq. BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Azərbaycanın üzünmüddətli etibarlı tərəfdaşı və iri neft-qaz layihələrinin əməliyyatçısı olaraq BP şirkəti ölkə həyatının bir sıra mühüm sahələrində korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Təhsil məsələləri də bizim üçün əsas prioritetlərdəndir. ABB ilə birgə reallaşdırdığımız təqaüd proqramı, güman edirik ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyən gənclərimizin imkanlarını genişləndirəcək”. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib: “Bankımızın ötən il yaratdığı ABB Tech Akademiyası öz məqsədlərinə çatır. Əmək bazarında peşəkar informasiya texnologiyaları mütəxəssislərinin sayını artırır. BP kimi tərəfdaşlarımızın bu layihəyə marağı və dəstəyi isə layihənin əhəmiyyətini göstərməklə yanaşı, Akademiyanın fəaliyyəti üçün də yeni perspektivlər yaradır. İki böyük biznes qurumunun təhsil sahəsində birgə əməkdaşlığından qazanan cəmiyyətimiz olacaq”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

2-ci Regional Hakatona qeydiyyat başlandı!

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı məqsədilə ardıcıl layihələr reallaşdıran ABB 2-ci Regional Hakatonunda iştirak üçün müraciət qəbulunun başlandığını elan edib. Hakaton 02-04 iyul tarixlərində keçiriləcək. Bank tədbiri özünün ABB İnnovasiya Mərkəzi ilə birgə təşkil edir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Hakatonun strateji tərəfdaşıdır. Bu Hakaton Bankın ötən ilin əvvəlində keçirdiyi analoji tədbirin davamıdır. 2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq. Pandemiya şəraitini nəzərə alaraq tədbir onlayn formatda keçiriləcək. Proqramçılar, data analitiklər, dizaynerlər, sahibkarlar, menecerlər, ümumən maliyyə sahəsində innovativ həllərə maraq göstərən hər kəs 2-ci Regional Hakatonuna qoşula bilər. İştirakçılar təşkilatçı tərəfin formalaşdırdığı komandalarda çalışacaqlar. Digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq layihələrini münsiflərə təqdim edəcəklər. Komandalara bir neçə mövzu təklifi olacaq. Bununla belə iştirakçılar özləri də əsas istiqamətləri nəzərə almaqla müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Mentorlar da, Regional Hakatona metodoloji dəstək verən təşkilati komanda da startap quruculuğu sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 48 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub. İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini ABB ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar. Obyektivlik prinsipinin tam qorunması üçün ABB-nin və bankın törəmə müəssisələri olan “Azericard” prosessinq mərkəzinin, “ABB-Moskva”nın, “ABB İnvest” şirkətinin əməkdaşları Regional Hakatonda iştirak etmir. Ətraflı məlumat və qeydiyyat üçün: https://abbhackathon.com Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!