Xəbər

ABB daha 9 ailənin məşğulluğuna kömək göstərdi

ABB aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində həssas əhali qruplarına dəstəyini davam etdirməkdədir. Ötən ay 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqlar alan bank daha 9 ailəyə bu istiqamətdə kömək göstərir. Alınacaq avadanlıqların sənədləri artıq ailələrə təqdim olunub. Belə ki, Bakının Binəqədi rayonunda məskunlaşmış məcburi köçkün Kamalov Laçın Fariz oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar alınacaq. Buzovnada yaşayan Nağıyev Cavid Xalis oğluna parket və taxta döşəmə cilalanması üçün lazımi avadanlıqlar təqdim ediləcək. Daha üç vətəndaşımız, Xətai rayonunda məskunlaşmış məcburi köçkün Səfərova Ruhiyyə Tahir qızı, Hövsan qəsəbəsi sakini Baxışova Səadət Cəmil qızı və Şirvan şəhərində yaşayan Qədirov Ramil Tələt oğlu isə ABB-nin təqdim etdiyi avadanlıq hesabına tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar. Suraxanı rayon sakini Qəribova Mehriban Eldar qızı Bankın köməyi ilə əldə etdiyi avadanlıqlarla musiqi fəaliyyəti ilə məşğul olacaq. Abşeron rayonunda yaşayan Əliyev Uluyurd Nəbi oğlu, Gəncə şəhər sakinləri Həsənov Ramiz Faiq oğlu və Həbibov Anar Zaman oğlu ABB-nin təqdim etdiyi avadanlıqlarla yaşadıqları ərazidə “Playstation” salonu quraraq öz məşğulluqlarını təmin edə biləcəklər. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. ABB da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edir. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB 48 ailənin özünüməşğulluğunu təmin etdi.

ABB aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını genişləndirir. Apreldən başlayaraq indiyə qədər 48 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi avadanlıqlar alıb. Bankın özünüməşğulluğuna dəstək verdiyi ailələrin 23-ü Bakı və Bakıətrafı ərazilərdə, 9-u Gəncə, 3-ü Şirvan, 2-i Sumqayıt şəhərində, 2-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 2-i Füzuli, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır. ABB-nin köməyi ilə kiçik biznes qurub özünün və ailəsinin dolanışığını təmin edəcək vətəndaşlarımızın 9 nəfərinin məcburi köçkün, 13 nəfərinin fiziki məhdudiyyətli,1 nəfərinin şəhid ailəsinin üzvü, 1 nəfərinin isə cəzaçəkmə müəssisəsindən azad edilmiş və hazırda sosial adaptasiyaya ehtiyacı olan şəxs olması bu layihənin dəyərini daha da artırır. Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 16 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının inkişafına, qadınların məşğulluğunun təmin edilməsinə ABB-nin daha bir töhfəsidir. Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil,mebel,avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. ABB isə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı,həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğunadəstək verir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. ABB da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edir. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

2-ci Regional Hakatona qeydiyyat başlandı!

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı məqsədilə ardıcıl layihələr reallaşdıran ABB 2-ci Regional Hakatonunda iştirak üçün müraciət qəbulunun başlandığını elan edib. Hakaton 02-04 iyul tarixlərində keçiriləcək. Bank tədbiri özünün ABB İnnovasiya Mərkəzi ilə birgə təşkil edir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Hakatonun strateji tərəfdaşıdır. Bu Hakaton Bankın ötən ilin əvvəlində keçirdiyi analoji tədbirin davamıdır. 2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq. Pandemiya şəraitini nəzərə alaraq tədbir onlayn formatda keçiriləcək. Proqramçılar, data analitiklər, dizaynerlər, sahibkarlar, menecerlər, ümumən maliyyə sahəsində innovativ həllərə maraq göstərən hər kəs 2-ci Regional Hakatonuna qoşula bilər. İştirakçılar təşkilatçı tərəfin formalaşdırdığı komandalarda çalışacaqlar. Digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq layihələrini münsiflərə təqdim edəcəklər. Komandalara bir neçə mövzu təklifi olacaq. Bununla belə iştirakçılar özləri də əsas istiqamətləri nəzərə almaqla müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Mentorlar da, Regional Hakatona metodoloji dəstək verən təşkilati komanda da startap quruculuğu sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 48 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub. İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini ABB ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar. Obyektivlik prinsipinin tam qorunması üçün ABB-nin və bankın törəmə müəssisələri olan “Azericard” prosessinq mərkəzinin, “ABB-Moskva”nın, “ABB İnvest” şirkətinin əməkdaşları Regional Hakatonda iştirak etmir. Ətraflı məlumat və qeydiyyat üçün: https://abbhackathon.com Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB tarixi binasının açılışını etdi

ABB-nin “Mərkəzi” filialı yenidən öz tarixi ofisində müştərilərə xidmətə başlayıb. “Mərkəzi” filial Hacı Zeynalabdin Tağıyev küçəsi – 3 ünvanında, XX əsrin əvvəllərində məhz bank binası kimi inşa olunmuş məşhur tikilidə fəaliyyət göstərir. 30 yanvar 2023-cü ildə binanın açılışı olub. Tədbirdə binanın tarixi haqqında məlumat verilib, bu barədə qısa film nümayiş etdirilib. İştirakçılar binada təşkil edilmiş və bankçılıq fəaliyyətinin müxtəlif dövrlərinə dair maraqlı eksponatlar yerləşdirilmiş tarixi guşə ilə də tanış olublar. Həmçinin müştərilərə ən yüksək səviyyədə xidmət üçün filial binasında yaradılmış imkanlar təqdim edilib. ABB-nin “Mərkəzi” filialının ofisi yerləşən tikilinin təməli 1903-cü ildə qoyulub. Bank üçün nəzərdə tutulduğundan fasadında “Банкъ” sözü və qədim Roma mifologiyasına görə Ticarət tanrısı sayılan Merkurinin təsviri işlənib. 1905-ci ildən burada “Societe Generale” qrupunun törəmə bankı olan Şimal Bankının Bakı şöbəsi fəaliyyətə başlayıb. 1910-1920-ci illərdə isə o dövrdə ölkənin ən böyük bankı sayılan “Rusiya-Asiya Bankı”nın Bakı şöbəsi yerləşib. 1924-cü ildən sonra binada keçmiş SSRİ Dövlət Bankının Bakıdakı kassalarından biri xidmət göstərib. Ötən əsrin 50-ci illərindən binada Kommunal Təsərrüfat və Tikinti Bankı yerləşib. 60-cı illərdə tikilinin ayrı-ayrı hissələrindən bank fəaliyyətindən kənar müxtəlif təyinatlarla istifadə edilib. Daha sonra binada SSRİ banklarından birinin Bakı kontoru fəaliyyət göstərib. 1992-ci ilin 10 yanvarında ABB yarandıqdan sonra Bankın Baş ofisi burada fəaliyyətə başlayıb. 1995-ci ildən ABB-nin “Mərkəzi” filialı bu binada müştərilərə xidməti davam etdirməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə bina milli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb. ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində daxili və xaricinin tarixi görkəmi tam qorunmaqla binada əsaslı təmir-bərpa işləri aparılıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov binanın tarixi əhəmiyyətindən danışıb: “Bu bina keçmişlə gələcək arasında vəhdət yaradır. Onun tarixi görkəmi tam qorunmaqla təmiri və açılışı xidmət ofislərimizin yenilənən simasının göstəricisidir. ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin səhmlərinə abunə yazılışı başlandı!

11 iyun 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib. “ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən tədbir üçün simvolik məkan seçilib. Tədbir ötən əsrin əvvəllərində məhz bank binası kimi tikilmiş, fasadında “Банкъ” sözü olan, 90-cı illərin əvvəllərində ABB-nin baş ofisinin, hazırda isə Mərkəzi filialının fəaliyyət göstərdiyi tarixi məkanda təşkil olunub. Tədirdə ABB rəhbərliyi ilə birgə, Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi də iştirak edib. Abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 000 000 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər. Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki “İnvestisiya” bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq”. ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!