Xəbər

İlham Həbibullayev: “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər”

ABB-də transformasiya prosesləri davam edir. Ardıcıl layihələrlə Bank özünü müasir dövrün çağırışlarına uyğunlaşdırır. Yenilənmə prosesi filial şəbəkəsinə də aiddir. Bankın İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayevlə söhbətimizə də elə bu məqamdan başlayırıq. -İlham müəllim, Bankın xidmət şəbəkəsinin inkişafı məqsədilə hazırda hansı tədbirlər həyata keçirilir? -Hazırda filiallarımızın transformasiyası layihəsini reallaşdırırıq. Bu, bütün xidmət şəbəkəsini əhatə edən geniş bir prosesdir. Layihə üzrə işlər mərhələli şəkildə aparılır və növbəti illərdə də davam etdiriləcək. Artıq bu ilin sonlarına doğru müştərilərimiz filiallarımızda bir sıra mühüm dəyişikliklər görəcəklər. Müxtəlif texnoloji həll və vasitələrdən istifadə edərək ilk növbədə xidmət prosesinin daha qısamüddətli və sürətli olmasını təmin edəcəyik. Bir sıra hallarda xidmət vaxtı hətta 2 dəfədən çox azaldılacaq. Müasir texnologiyalar, biznes proseslərinin optimallaşdırılması indi buna imkan verir. Xidmət şəbəkəsinin inkişafında rəqəmsal transformasiya layihələrinin rolunu xüsusi vurğulamaq istəyirəm. Bankımızın yeni mobil tətbiqinin yaradılması, internet bankçılıq həllərinin inkişafı və tətbiqi müştəri sifarişlərinin, bank əməliyyatlarının məsafədən daha sürətli, rahat həyata keçirilməsi üçün gözəl şərait yaradır və bu istiqamətdə apardığımız işlərə çox kömək edir. -Bu prosesdə həyata keçirilən uğurlu tədbirlərdən biri kimi, nəyi nümunə göstərə bilərsiniz? -Məsələn, universal işçi layihəsinin tətbiqi. Bu, fiziki şəxs müştərilərin ehtiyacına uyğun olaraq onlara bir masadan xidmət göstərməyə imkan verir. Onlar yalnız bir mütəxəssisimizə yaxınlaşmaqla maraqlandıqları bütün məsələlər üzrə ətraflı məlumat əldə edəcək və Bankın xidmətlərindən yararlana biləcəklər. Hazırda bildiyiniz kimi, müştərilərimiz müxtəlif bank məhsulları üzrə ayrı-ayrı işçilərə müraciət etməli olurlar. Bu isə çox vaxt növbələrdə ciddi vaxt itkisinə gətirib çıxarır. Universal işçi layihəsi bu problemi aradan qaldıracaq və müştərilərin vaxtına qənaət edəcək. Bundan başqa, filiallarımızın xarici görünüşü və daxilindəki xidmət şəraiti də dəyişir. Müştərilərimizin rahatlığı, yüksək məmnunluğu üçün əlavə imkanlar yaradılır. İlin sonuna doğru müştərilərimiz bir neçə filialımızı yeni simada, yeni korporativ üslubda görəcəklər. -Universallığı təmin etməkdən ötrü filiallarınız necə çalışır? -ABB universal xidmətlər göstərən bankdır. Filiallarımızda bütün müştəri seqmentləri üçün xidmət və məhsullar təklif edilir. Yəni, bu gün müştərilərimizin yerli bazarda əldə etmək istədikləri elə bir bank məhsul və xidməti yoxdur ki, ABB-nin filiallarında onu təmin etmək mümkün olmasın. Eyni zamanda, Bank sektordakı aparıcı mövqeyindən irəli gələrək müasir trendləri həssaslıqla izləyir, onları ölkəmizə gətirərək müştərilərə təqdim etməyə çalışır. -Son aylar Bankın şöbələrinin filiallara çevrilməsi nə ilə bağlıdır? -Bu ildən etibarən 16 şöbəmiz filiala çevrildi. Hazırda Bankımızın 53 filialı və 23 şöbəsi var. Şöbələrin bazasında yeni filialların yaradılması prosesi isə davam edir. Bu, bir tərəfdən mövcud resurslardan daha səmərəli istifadə niyyətindən irəli gəlir, digər tərəfdən də təmsil olunduğumuz yerlərdə müştərilərin istək və ehtiyaclarına uyğun bütün xidmətləri təqdim etməyə çalışırıq. İstəyirik ki, ABB-nin bütün xidmət və məhsulları müştərilərimiz üçün rahat və əlçatan olsun. Onlar təmsil olunduğumuz hər yerdə bu xidmət və məhsullardan asanlıqla faydalana bilsinlər. Ayrıca elə regionlar, ucqar rayonlar var ki, orada əhaliyə və regiondakı mövcud müəssisələrə xidmət göstərən maksimum iki-üç bankdan biriyik. Belə ərazilərdə xidmətlərimizin tamlığı çox əhəmiyyətlidir. Ona görə bu ərazilərdəki şöbələrimizin filiala çevrilməsi xüsusi diqqət mərkəzindədir. -Yeni filialların açılması, eləcə də mövcud filialların müəyyən yerdəyişmələri planlaşdırılırmı? -Biz xidmət ofislərimizin müştərilər üçün daha uyğun və rahat lokasiyalarda yerləşməsində maraqlıyıq. İstənilən yerdəyişmə, yaxud yeni filialın açılması qərarını da bu prizmadan dəyərləndiririk. Önümüzdəki dövr üçün Bakı və bəzi regionlar üzrə belə planlarımız var. İşğaldan azad edilmiş ərazilərimizdə də əhalinin qayıdışı baş verdikcə, bank xidmət və məhsullarına ehtiyac artdıqca yeni filial və şöbələrimiz fəaliyyətə başlayacaq. Vətən müharibəsindəki tarixi Qələbəmiz bütün vətəndaşlarımız kimi bizi də qürurlandırır. Düşməndən təmizlənmiş ərazilərimizin dirçəlişi və inkişafında bir dövlət bankı olaraq aktiv şəkildə iştirak etməyə hazırıq. Bu ərazilərdə açılacaq yeni filiallarımızda müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərəcəyimiz günləri səbrsizliklə gözləyirik. -Müasir dövrün müştərisi bank filiallarını və şöbələrini necə görmək istəyir? -Müasir dövrümüzdə vaxt məfhumunun dəyəri artıb. Əlbəttə, vaxt həmişə qiymətli olub, indiki dönəmdə isə insanlar bunu daha aydın dərk edir. Ona görə də müştərilər bu gün bank xidmətlərinin daha sürətli, vaxt itirmədən və həm də rahat əldə olunmasını istəyirlər. Bank filial və şöbələrindən də əsas gözləntiləri, düşünürəm ki, budur. -Yəqin ki, müştərilər arasında nəsil dəyişikliyi də hiss olunar... -Təbii ki, bu da getdikcə daha çox özünü hiss etdirir. Müştəri seqmentləri fərqlidir. Yaş qrupuna, istək və ehtiyaclarına görə dəyişirlər. Ənənəvi xidmətə üstünlük verən müştərilər var ki, onlara canlı ünsiyyət daha rahat gəlir və daha böyük etimad yaradır. Gənc nəsil üçün rəqəmsal həllər və məsafədən xidmət daha cəlbedicidir. Amma bütün müştəriləri birləşdirən ümumi bir cəhət də var. Onlar Bankdan rahat, sürətli və keyfiyyətli, ehtiyaclarını tam istədikləri şəkildə qarşılaya biləcək, problemlərini çözə biləcək həllər gözləyirlər. Filiala daxil olandan, oranı tərk edənə qədər müşahidə etdikləri hər an onlarda müəyyən fikir və təəssürat formalaşdırır. Məsələn, kim qarşıladı, necə qarşıladı, məkanın rahatlığı, xidmətin səviyyəsi, proseslərin sürəti, texnoloji həllərin mövcudluğu və s. Bütün bunlar çox böyük rol oynayır və bankla müştəri arasında yeni təcrübələr formalaşdırır. Biz də çalışırıq ki, müştəri məmnuniyyəti üzrə ən yüksək göstəricilərə nail ola bilək. Yaxın illər üzrə əsas strateji hədəflərimizdən biri də elə budur. -Necə bilirsiniz, rəqəmsallaşma trendləri getdikcə bank filiallarının sayını azaldacaqmı? -Açığı, yaxın gələcək üçün belə bir gözləntimiz yoxdur. Bankın bazardakı mövqeyi, xidmət etdiyi müştəri qrupları, onların ehtiyacları, bankın əhatəlilik baxımından yerinə yetirdiyi missiya yaxın gələcəkdə filialların sayının azaldılmasını nəzərdə tutmur. Əlbəttə, rəqəmsallaşma çox ciddi təsirləri olan prosesdir. Formatı dəyişdirir, müştərilər üçün yeni imkanlar, həllər yaradır. Biz daha yuxarı yaş qruplarından olan müştərilərimizin də rəqəmsal həllərdən geniş istifadə edə bilmələri üçün onlara dəstək oluruq. Məsafədən xidmət imkanlarından faydalanan yaşlı müştərilərimizin sayı getdikcə artır. Amma filial şəbəkəsi də hələ mövcudluğunu qoruyacaq. -Filiallara əməkdaşları necə cəlb edirsiniz? -Filiallara işçi qəbulu müxtəlif kanallar vasitəsilə aparılır. Bankın internet saytı və sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə işəqəbul üçün müraciətləri qəbul edib dəyərləndiririk. Bundan başqa, universitetlərlə müəyyən məzun proqramlarımız olur. Eyni zamanda bizə lazım olan peşəkar kadrları əmək bazarından da axtarıb tapırıq. Ötən il filiallarımıza ciddi seçim prosedurlarından keçərək qəbul edilmiş yeni əməkdaşların, təxminən, 34%-i universitetlərdən məzun olmuşdu. Bizə müraciət edərkən heç bir iş təcrübələri yox idi. Özümüz onları qısa müddətdə peşəkar kadrlar kimi yetişdiririk. Bu, ABB-nin ölkəmiz üçün yeni bankir nəslinin yetişdirilməsinə töhfəsidir. -ABB ötən il ABB İnvest şirkətini yaradıb. Bildiyimiz qədər, Siz bu şirkətin Müşahidə Şurasının sədrisiniz. ABB İnvestin yaradılması hansı zərurətdən irəli gəldi? -Biz öz biznes fəaliyyətimizi genişləndirmək üçün daim yeni imkanların axtarışındayıq. Araşdırmalarımız göstərirdi ki, müştərilərimizin ənənəvi bank xidmətlərindən əlavə müxtəlif investisiya alətlərinə də maraqları artır. Bunun özü sevindirici haldır. Çünki ölkəmizdə insanlar indiyə qədər ənənəvi olaraq əsasən banklarda müddətli əmanətlər yerləşdirməyə üstünlük veriblər. Qiymətli kağızlara investisiyaların payı isə çox az olub. Bu baxımdan Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üçün böyük potensial var. Məsələn, maraqlı bir müqayisəni diqqətə çatdırım: bir çox Avropa ölkələrində əhalinin pul yatırımlarında qiymətli kağızların payı, təxminən 30%-dir. Türkiyə və Rusiya kimi yaxın qonşularımızda 10%-dən çoxdur. Azərbaycandakı perspektiv bizi də yerli bazar üçün bu sahədə yeni, maraqlı fürsətlərin yaradılmasına sövq etdi. Beləliklə, ABB İnvest şirkətinin yaradılmasına qərar verildi. Ötən il ərzində bütün requlyativ tələblər yerinə yetirildikdən sonra şirkət formalaşdırıldı. Yerli və xarici ölkələrin təcrübəsi, bazar araşdırmaları əsasında şirkətin 3 illik strateji planı tərtib olundu. Azərbaycanın ən böyük bankının törəmə şirkəti olaraq ABB İnvest şirkətinin əsas məqsədi ölkənin kapital bazarının inkişafında əhəmiyyətli yer almaq və müştərilərə qeyri-ənənəvi maliyyə alətlərinə investisiya imkanları yaratmaqdır. -Hazırda şirkətin hansı xidmətlərindən faydalanmaq olar? -ABB İnvest şirkəti Mərkəzi Bankın verdiyi lisenziya əsasında investisiya xidmətlərini təmin edir. Hazırda həm pərakəndə, həm də korporativ müştərilərə yerli bazarda ticarət olunan səhm və istiqrazlar üzrə xidmətin göstərilməsi üçün bütün lazımlı addımlar atılıb, təşkilati işlər yekunlaşıb. Şirkətimiz korporativ müştərilərə səhm, yaxud istiqrazların buraxılması ilə cəlb edilmiş vəsait hesabına öz bizneslərini genişləndirmək imkanını təklif edir. Bu istiqamətdə geniş müştəri bazasından istifadə edərək, bazara yeni alətlər təklif etmək niyyətindəyik. Ümumən, şirkətin yaxın illər üzrə bir sıra hədəfləri var. Əsas məqsədimiz peşəkar komanda ilə dayanıqlı şirkət formalaşdırmaqdır. Səhmdarlarımızın gözləntilərini doğrultmaqdır. Həm pərakəndə, həm də korporativ müştərilərimizin güvənli tərəfdaşı olmaqdır.

Xəbər

“ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir”

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur. - Abbas müəllim, bu günlərdə ABB-nin səhmlərinə abunə yazılışı başlandı. Bankın yeni səhmlərinin buraxılması və kütləvi şəkildə vətəndaşlara təklif edilməsi hansı zərurətdən irəli gəlir? - Kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin emissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 avqust tarixli müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, sözügedən Sərəncamda dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu dövlət qurumlarından biri də ABB-dir. Əsas məqsəd vətəndaşlarımızın ABB-nin idarə edilməsində iştirakının genişləndirilməsi, ən mühümü isə ölkəmizdə qiymətli kağızlar bazarının inkişafıdır. Ölkəmizdə ilk dəfədir ki, bu miqyasda və formatda səhmlərin kütləvi təklifi həyata keçirilir. Bu tarixi addımı atmaqdan qürur duyuruq. - Özəl investisiyaların cəlbi ABB-yə nə verəcək? - Biz Bankımızın fəaliyyəti haqqında mütəmadi hesabatlarımızı, məlumatlarımızı şəffaf qaydada tez-tez bütün maraqlı tərəflərlə bölüşürük. Bu hesabat və məlumatlarımızdan da görünür ki, ötən bir neçə il ərzində ABB necə böyük inkişaf yolu keçib. Bankımızın kapital mövqeyi güclənib, səmərəli fəaliyyəti təmin olunub. Bu gün ABB müasir korporativ standartlara uyğun idarə edilir. Çox geniş miqyasda rəqəmsallaşdırma layihələri həyata keçirmişik. Kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində də ciddi nailiyyətlərimiz var. Bankçılıq xidmətlərini tam rəqəmsallaşdırmışıq. Müştərilərimizin maliyyə ekosisteminə aid digər ehtiyaclarını da qarşılamaq üçün yeni uğurlu rəqəmsal investisiya və sığorta biznesi qurmuşuq. İnkişaf strategiyamıza uyğun olaraq həm mövcud bizneslərimiz üzrə böyümək, həm də yeni bizneslərə daxil olmaq hədəflərimiz var. İlin sonunadək ABB yeni müştəri seqmentinə, kiçik bizneslərə öz yeni rəqəmsal həlli ilə xidmət göstərməyə başlayacaq. Bankımıza özəl investisiyaların cəlbi bu inkişaf proseslərini daha da sürətləndirəcək və miqyasını genişləndirəcək. Əlavə kapitalın cəlbi ABB-nin daha da böyüməsinə şərait yaradacaq. Xüsusilə real sektorun maliyyələşdirilməsində yeni imkanlar açacaq. - ABB-nin uğurlu fəaliyyətini bir neçə rəqəmlə necə ifadə edə bilərsiniz? - ABB ötən ilin nəticələrinə əsasən, ölkənin ən mənfəətli bankı olub, Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında hazırlanmış hesabatlara görə, Bankımız səhmdarlarımıza 380 mln. AZN mənfəət qazandırıb. Aktiv müştərilərimizin sayı son 3 ildə 2 dəfə artıb. Bankın kapital adekvatlığı 21 faizdir, bu isə requlyativ tələbi 9 faiz bəndi üstələyir. Rəqəmsal həllərimiz nəticəsində bu gün Bankda satılan kreditlərin və kartların 60%-ə yaxını, korporativ müştərilərimizin əməliyyatlarının isə 95%-ə qədər hissəsi tam rəqəmsal formada, filiallardan kənar, yəni müştərilərlə təmassız həyata keçirilir. Bu gün bankımızda xərclərin gəlirlərə nisbəti əmsalı 39%-dir. Bu isə dünyada ən effektiv çalışan kommersiya banklarının orta göstəricisindən aşağıdır. Yəni, bütün bunlar onu göstərir ki, son illər ABB komandasının gördüyü işlər Bankımızı daha sağlam, səmərəli, effektiv və rəqabətli edib. Bütün uğurlarımızın mərkəzində ABB komandasının hər bir üzvünün əməyi var. Digər bir maraqlı nəticəmizi də sizinlə bölüşüm. Bəzən müştəri sayı artdıqda, həmin müştərilərə xidmət keyfiyyəti tədricən azalır. ABB-də isə bu, belə deyil. Əksinə, bir neçə ildir Net Promoter Score, yəni Tövsiyyə Sorğusu göstəricimiz hər il daha da yaxşılaşır. Bu yaxınlarda, müstəqil marketinq araşdırmaları şirkətinin apardığı sorğu nəticəsində ABB ən yüksək göstərici ilə - 64.8%-lik nəticə ilə banklar arasında Tövsiyə Çempionu olub. Müştərilərimiz öz dostlarına, qohumlarına, tanışlarına bankımızı əminliklə tövsiyə edirlər. Sorğunun nəticələri barədə mətbuata əlavə açıqlamalarımız olacaq. - ABB-nin nə qədər səhmi satışa çıxarılır? - Hazırda dövriyyədə ABB-nin 4,5 mlrd. ədəddən artıq səhmi var. Bu səhmlərin 96,37%-i dövlətimizə, qalan hissəsi isə özəl investorlara məxsusdur. ABB səhmlərinin kütləvi təklifi çərçivəsində dövriyyəyə daha 322 000 000 ədəd səhmin buraxılması və investorlara satılması nəzərdə tutulur. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdən başlayaraq ABB-nin səhmlərini ala bilər. Bu, hər bir Azərbaycan vətəndaşının ABB-də səhm sahibi olmasına imkan verir. - Bəs nə qədər yeni investor cəlb etməyi hədəfləyirsiniz? - Hədəfimiz on minlərlə yeni investor cəlb etməkdir. Sərəncamın niyyətindən irəli gələrək, iri özəl investorların deyil, məhz kiçik pay sahiblərinin cəlbinə çalışırıq. Prosesə “ABB Bizik” şüarlı imic filmi ilə başlamağımız, abunə yazılışının startını “Mərkəzdən hər kəsə!” sloqanı ilə elan etməyimiz də məhz bu məqsəddən irəli gəlir. İstəyimiz Azərbaycan vətəndaşlarına tamamilə yeni, alternativ investisiya aləti təqdim etməkdir, eyni zamanda kapital bazarının canlanmasına öz töhfəmizi verməkdir. Təsəvvür edin ki, cəmi 27 manatdan başlayan kiçik bir investisiya ilə hər kəs indiyə qədər xidmət aldığı, inandığı, dəyər verdiyi Bankda, ölkənin ən böyük bankında pay sahibi olur. Bankın idarə olunmasında səhmdar kimi iştirak edir, mənfəətindən qazanır. - Emissiya prosesi başa çatdıqdan sonra nizamnamə kapitalının strukturunda səhmdarların pay bölgüsü necə olacaq? -Azərbaycan dövləti yenə ABB-nin əsas böyük səhmdarı kimi qalacaq. Özəl investisiyaların cəlb edilməsi prosesi tamamilə yekunlaşdıqdan sonra, dövlətin iştirak payı 90%-dək azalacaq. Özəl investorların payı isə 10%-dək artacaq. - Səhmləri necə almaq olar? -ABB-nin səhmlərini, ilk növbədə, ABB mobile tətbiqi ilə sifariş vermək mümkündür. Qeyd edim ki, ABB bu sahədə də mühüm bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə olaraq səhmlərə rəqəmsal platforma vasitəsilə abunə yazılışına şərait yaratdıq. Faydalı rəqəmsal təcrübənin vətəndaşlarımız arasında daha çox yayılması üçün əsas arzu və gözləntimiz səhm sifarişlərinin məhz ABB mobile tətbiqi vasitəsilə edilməsidir. İnvestorlar üçün ən rahatı və sadəsi budur. Vaxt itirib heç yerə getmədən cəmi bir neçə toxunuşla ABB mobile tətbiqi üzərindən Bankın səhmlərinə abunə yazılışı üçün sifariş yerləşdirmək olar. Təbii ki, alternativ satış kanallarından istifadə etmək istəyən vətəndaşlarımız yenə var və biz onları da nəzərə almışıq. ABB-nin səhmlərinə Bankımızın filiallarında, həmçinin “ABB İnvest” şirkəti və ölkəmizdəki bütün digər investisiya şirkətləri vasitəsilə də abunə yazılmaq mümkündür. Kanalları genişləndirmək üçün tərəfdaşlarla müzakirələrimiz yenə davam edir. Bu barədə yeniliklərimiz olduqca məlumat veriləcək. Onu da qeyd edim ki, ABB səhmlərinə investisiya imkanlarını daha əlçatan etmək məqsədilə Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətləri investorlar üçün bütün komissiyaları ləğv edib. Fürsətdən istifadə edib, proses zamanı bizə dəstək göstərən Azərbaycan Mərkəzi Bankına, Azərbaycan İnvestisiya Holdinqinə və bütün tərəfdaşlarımıza təşəkkür edirik. - İyunun 11-dən indiyə qədər artıq nə qədər investor sifariş yerləşdirib? - Hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var. Təsəvvür edin ki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dən çox investor öz sifarişlərini yerləşdirib. Bu, Bankımızın səhmlərinə olan böyük marağı göstərir. Qeyd etdiyim kimi, hədəfimiz odur ki, Bankımıza on minlərlə yeni investor cəlb edək. - ABB-də səhm sahibi olmaq vətəndaşlara maddi olaraq nə qazandıracaq? Bunu rəqəmlərlə ifadə edə bilərsiniz? - Son 6 ildə ardıcıl olaraq səhmdarlarımıza yüksək dividend ödəyirik. 2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividend ödədik. Bu, hər səhm üzrə 4.1 qəpik deməkdir. Beləliklə, nominal qiymətlə hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi. Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46% artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib. Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha çox dividend ödəyəcək. Bu baxımdan, ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir. Səhmdarlarımız bir tərəfdən hər il yüksək dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları səhmlərin dəyərinin ildən-ilə artma potensialı var. Əlavə olaraq, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı Fond Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmayacaq. - Son sualımız: tam yerləşdirmədən sonra ABB-nin yeni səhmdarlarının öz səhmlərini satmaq imkanları da olacaq? - Bəli, bu gün də mövcud səhmdarlarımız təkrar bazarda investisiya şirkətləri vasitəsilə səhmlərini sata və ya yeni səhmlər ala bilərlər. Qeyd edim ki, hazırda təkrar bazarın da rəqəmsallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə işlər aparılır. Hədəfimiz odur ki, ilin sonunadək ABB mobile üzərindən həm ABB-nin səhmlərinin, həm də digər səhmlərin təkrar bazarda alqı-satqısı platformasını yaradaq, beləliklə səhmlərin likvidliyini tam təmin edək. Bu bazar ABB-nin son dövrlər fəal şəkildə daxil olduğu yeni biznes istiqamətidir. Ona görə qiymətli kağızlar bazarının inkişafı Bankımızın kommersiya fəaliyyətinə də çox müsbət təsir göstərəcək.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!