Xəbər

Elektrik qatarlarında ilk dəfə gediş haqqını təmassız bank kartları ilə ödəmək imkanı

Bakı, 16 sentyabr 2020 – “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABB Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır. Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız ABB-nin Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər. Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABB arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur. «Visa şirkəti və bizim strateji tərəfdaşlarımız kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. VISA-nın vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doroş qeyd edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov məsələni şərh edərək bildirib: “Biz dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstəririk. Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov həmçinin bildirib: “Ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır. Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq". ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib: “ABB bir çox meyarlara görə Cənubi Qafqaz regionunun ən böyük maliyyə təşkilatlarından biridir. Bank Azərbaycanda və regionda nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Ölkəmizdə əksər innovativ bankçılıq texnologiyalarının tətbiqi məhz ABB-nin adı ilə bağlıdır. Bank bu gün də müasir dünyanın yeni çağırışlarına cavab verən müştəri təcrübəsinin formalaşması məqsədi ilə innovasiyalara ciddi yatırımların qoyulmasına davam edir. Dəmir yolu nəqliyyatında təmassız bank kartlarından istifadə də tərəfdaşlarımızla birgə yaratdığımız uğurlu təcrübələrdən biri olacaq və müştərilərimizin rahatlığı və məmnuniyyətinə xidmət edəcək”.

Xəbər

ABB-də gələcəyin bankçılığını qarşılayın – səsli süni intellekt köməkçisi ilə bank əməliyyatları!

Bir çox yeni təcrübələri ölkəmizə gətirən ABB bu dəfə müştərilərinə tamamilə fərqli bir xidmət təqdim edib. Artıq ABB müştəriləri süni intellekt əsaslı səsli icra təcrübəsindən də faydalana bilərlər. AI-khan və AI-nur adlı virtual köməkçilər onlara ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərəcək, əməliyyatlarını səsli komandalarla yerinə yetirəcək, suallarını cavablandıracaqlar. Bu yenilik hazırda Beta test mərhələsindədir. ABB mobile tətbiqinin əvvəlcədən qeydiyyatdan keçmiş 10 000 istifadəçisi artıq AI-khan və AI-nurla danışıb ilk funksiya kimi telefon nömrəsi ilə pul köçürməsini test edə bilərlər. Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, virtual köməkçi dərhal əməliyyatı yerinə yetirir. Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur. İlkin mərhələdə hələlik bu imkan pul köçürmələrinə və bankla bağlı sualların cavablandırılmasına aid olsa da, tezliklə yeni süni intellekt təcrübəsi başqa bank əməliyyatlarını da əhatə edəcək və müştəri rəylərini nəzərə alaraq daha da təkmilləşdiriləcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

Müştərilərin işini asanlaşdıran ABB bu istiqamətdə hər yeni imkanı dəyərləndirməyə çalışır. Artıq ABB filiallarında müştərilərin şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmələrinə gərək yoxdur. Müştərilər ABB filiallarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edib lazımi xidmətlərdən faydalana bilərlər. Şəxsiyyəti təsdiqləyən bütün məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilir. Beləliklə, şəxsiyyət vəsiqəsinin fiziki olaraq saxlanılması kimi xüsusi istisna hallar nəzərə alınmazsa, müştəridən fiziki olaraq şəxsiyyət vəsiqəsi tələb etməyə daha ehtiyac qalmır. Bunun üçün, “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir. ABB bu imkanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq əsasında yaradıb. Xatırladaq ki, 16 iyul 2024-cü il tarixində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim oluna (əldə edilə) bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən ödənişsiz xidmətlər

Bank xidmətlərinin hər kəs üçün əlçatan olmasından ötrü ABB daha bir addım atıb. Bank ödənişsiz “Baza bank xidmətləri paketi”ni istifadəyə verib. Bu, aşağı gəlirli əhali qrupları üçün düşünülmüş universal xidmətlər paketidir. Belə bir tədbir “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda da nəzərdə tutulub. Burada əsas məqsəd ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi, bütün vətəndaşların bu imkanlardan faydalana bilməsidir. “Baza bank xidmətləri paketi” aşağı gəlirli əhali qrupuna ABB-nin əksər xidmətlərindən ödənişsiz, bir çox xidmətlərindən isə güzəştli şərtlərlə istifadə imkanı verir. Belə ki, müştərilər milli valyutada cari hesabı ödənişsiz açdıra, cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet kartını da ödənişsiz ala bilərlər. Müştərilərin bankın ABB Mobile və İnternet Bank xidmətinə qoşulması, ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsaitin mədaxil edilməsi, ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının aparılması da ödənişsizdir. Bundan başqa, SMS məlumatlandırma sisteminə qoşulma, cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi, ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkədaxili köçürmə əməliyyatının aparılması üçün də müştəridən heç bir ödəniş tələb olunmur. Qeyd edək ki, maliyyə xidmətlərinə çıxış imkanı olmayan və ya aşağı səviyyədə olan, habelə belə bir imkanı olsa da, xidmətlərin cəlbedici olmaması səbəbindən onlardan istifadə etməyən əhali qrupu üçün bu cür “Baza bank xidmətləri paketi”nin tətbiqi beynəlxalq təcrübədə də geniş yayılıb. ABB-nin atdığı bu addım ölkəmizdə maliyyə inklüzivliyinin gücləndirilməsinə daha bir dəstək olacaq. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“Ani Pay” ilə ödə və qazan!

Ötən il bank müştərilərinin istifadəsinə verilmiş Ani Ödəniş Sisteminə marağın artırılması, eləcə də ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Mərkəzi Bank yeni lotereyaya start verib. "AniPay ilə ödə və qazan" devizi ilə keçirilən lotereyada bu ödəniş sisteminin hər bir istifadəçisi, o cümlədən ABB-nin müştəriləri iştirak edə bilər. Belə ki, noyabr ayı ərzində Ani Ödəniş Sistemi vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparmış hər bir şəxs avtomatik şəkildə lotereyada iştirak hüququ qazanır. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatlara aiddir. Ölkə üzrə lotereyanın 400 nəfər qalibi olacaq. Onların hər birinin bank hesabına 100 manat məbləğində vəsait köçürüləcək. Lotereya Ani Ödəniş Sisteminin "AniPay" tətbiqində, bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” bölməsində, eyni zamanda filiallarda Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlara şamil olunur. Qeyd edək ki, “Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. ABB bu sistemə qoşulan ilk banklardan olub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB işəqəbul portalını təqdim etdi

ABB ölkəmizdə bank sektorunun ən yaxşı işəgötürəni brendini formalaşdırmaq üçün daha bir əhəmiyyətli addım atıb. Bank işəqəbul prosesini asanlaşdıran https://careers.abb-bank.az platformasını istifadəyə verib. ABB-dəki vakansiyalara müraciət etmək istəyən namizədlərin artıq Banka mütəmadi CV göndərmələrinə ehtiyac yoxdur. Namizədlər portalda özlərinə şəxsi kabinet yaratmaqla mövcud vakansiyalar barədə ətraflı məlumat əldə edə və müraciətlərini yükləyə bilərlər. Portal namizədlərə təkrar müraciət göndərmədən şəxsi kabinetdən məlumatlarını yeniləmək imkanı yaradır. Namizədlər ABB-də işəqəbul üçün müraciətlərinə baxılma prosesinin mərhələlərini də portalda izləyə bilərlər. Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “ABB rəqəmsallaşma proseslərini genişləndirir və bu sahədə ən qabaqcıl təcrübələri tətbiq edir. İndiyə kimi bir çox proseslərimizi avtomatlaşdırmışıq. Təlimlərimiz xüsusi platformada həyata keçirilir. İndi isə belə bir portalı istifadəyə verməklə komandamıza qoşulmaq istəyən istedadların inkişafı üçün real imkan yaratdıq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Endirimli ABB Miles kartları ilə pulsuz səyahət et!

Müştərilərin bank xidmət və məhsullarından onlayn şəkildə istifadə təcrübəsini inkişaf etdirmək üçün müxtəlif həllər düşünən ABB bu məqsədlə yeni kampaniya elan edib. Bankın bazara yenicə təqdim olunmuş ABB Miles kartlarını kampaniya müddətində onlayn sifariş verən müştərilər bu kartları 30% endirimlə alacaqlar. Kampaniya sentyabrın 14-dək davam edəcək. ABB Miles kartlarını buradan onlayn sifariş vermək olar. ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB Miles kartlarının şərtləri digər bankların eyni məhsullarından daha sərfəlidir. Kartdan istifadə müddəti 3 ildir. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində mil balansını yoxlamaq olur. “QayğıCash proqramı” çərçivəsində ABB ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş keşbek faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. Müasir dövlət bankı olan ABB-nin məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!