Xəbər

ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək

Bu ilin 7 mayında ABB Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. Artıq bununla bağlı bildiriş yayılıb. Yığıncağın gündəliyindəki aktual məsələlərdən biri də səhmdarlara 2024-cü ilin mənfəətindən dividend ödənişi ilə bağlıdır. Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək. Bununla bağlı və digər suallarımızı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova ünvanladıq… -Abbas müəllim, ABB 2024-cü ilin mənfəətindən səhmdarlarına nə qədər dividend ödəyəcək? -Bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditor rəyi verildi. ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaradır. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. Yeddi ildir, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividendlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir. 7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək. -ABB səhmdarları dividend qazanclarını nə zaman əldə edəcəklər? -Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarından sonra qanunvericiliyə uyğun şəkildə ödəniş prosedurlarına başlayacağıq. Dividend gəlirləri səhmdarlarımızın hesablarına köçürüləcək. Düşünürəm ki, Səhmdarların Ümumi Yığıncağından sonra növbəti bir ay ərzində, yəni təxminən bu ilin iyununa qədər hər bir səhmdarımız dividend qazancını əldə edə biləcək. -Son günlər ABB səhmlərinin alqı-satqısında müəyyən canlanma var, səhm qiymətləri də bahalaşır. Bu, nə ilə bağlıdır? -Bəli, son aylar ABB səhmlərinə tələb artmaqdadır. Səhmlərin qiymətində də yüksəlmə var. Bankımızın səhmlərinə marağın artması, çox güman, ABB-nin uğurlu maliyyə göstəriciləri, Banka inamın daha da artması, habelə investorların dividend gözləntisi ilə bağlıdır. Məlumat üçün bildirim ki, 7 may tarixinə qədər ABB səhmi əldə etmiş və aldığı səhmlər həmin tarixədək Milli Depozit Mərkəzinin reyestrinə düşmüş hər bir səhmdarımıza 2024-cü ilin mənfəətindən malik olduğu səhm sayına uyğun dividend ödəniləcək. -Hazırda əhalinin manatla investisiya alətlərinə və depozitlərə marağı necədir? -2024-cü ilin əvvəlindən ABB-də fiziki şəxslərin depozitlərinin həcmi 34% və ya 665 mln. manatdan çox artıb ki, bu artımın da 75%-ni və ya 495 milyon manatdan çox hissəsini milli valyutada olan depozitlər təşkil edir. Dövr ərzində fiziki şəxslərin manatda olan müddətli əmanətlərinin həcmi 89% artaraq 900 mln manatı ötüb. Ölkəmizin bank sektorunda isə son 3 ildə manatla depozitlərin həcmində 67% artım var, manatla əmanətlərimizin həcmi artıq 10 mlrd. manata yaxınlaşır. Bu dövrdə xarici valyutada fiziki şəxslərin əmanətlərinin ümumi portfeldə payı 39.8%-dən 34%-ə qədər azalıb. Bu da onu göstərir ki, əhalinin milli valyutaya inamı getdikcə güclənməkdədir. -Bu inam əsaslıdırmı? Çünki ara-sıra xarici valyutaya tələbin artması da müşahidə edilir. -Ümumən deyərdim ki, son illərdə ölkəmizdə valyuta bazarındakı situasiya sabitdir. Düzgün qeyd edirsiniz ki, bəzi dövrlərdə tələbin artımı müşahidə edilir, amma tələb artımı iqtisadi amillərdən kənar səbəblərə görə olduğundan müvəqqəti xarakter daşıyır. Bəzən iri layihələrin maliyyələşdirilməsi, bəzən də əsassız şayiələr tələbata qısamüddətli təsir göstərir. Bütövlükdə isə xarici valyutaya tələbin artması fundamental amillərlə bağlı olmadığı üçün dayanıqlı deyil. Ölkəmizin valyuta ehtiyatları dayanıqlı şəkildə artır. 2024-cü ilin sonuna strateji valyuta ehtiyatlarımızın həcmi təqribən illik ÜDM-ə bərabər olub. Yalnız son 3 il ərzində Azərbaycanın valyuta ehtiyatları 33.4% və ya 17.8 mlrd. ABŞ dolları artıb. Mövcud ehtiyatlar ölkəmizi gözlənilməz xarici və daxili şoklardan qoruyan təhlükəsizlik yastığı rolunu oynayır. Düşünürəm ki, vətəndaşlarımız manatda həm səhm, istiqraz kimi alətlərə investisiya edə bilərlər, həm də banklarda manatla depozit yerləşdirib yüksək qazanc imkanından faydalana bilərlər. -ABB gələcəkdə dividend siyasətini necə davam etdirməyi planlaşdırır? Səhmdarları nə gözləyir? -ABB olaraq hədəfimiz uzunmüddətli perspektivdə səhmdarlarımızla qazancımızı bölüşməyə davam etməkdir. Bu baxımdan, mənfəətimizin bir hissəsi hər il dividend ödənişlərinə yönələcək. Əlbəttə, Bankın hər zaman sağlam və dayanıqlı maliyyə durumunda olması, strateji inkişaf planlarını həyata keçirə bilməsi üçün adekvat kapitallaşma səviyyəsinin qorunması çox önəmlidir. Biz innovativ və rəqabətqabiliyyətli biznes modelimizlə, səmərəli fəaliyyətimizlə, riskləri optimallaşdıraraq, mənfəətliliyi daim artırmaqla səhmdarlarımızın stabil gəlir əldə etməsini təmin etməyi hədəfləyirik.

Xəbər

ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!

ABB ƏDV faizlərini ABB Mobile tətbiqi və ya edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün yeni kampaniyaya başlayıb. Mayın 4-dən ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 3 min müştərinin ƏDV qazancı 5 AZN-ə çatan kimi əlavə 5 AZN də ABB-dən hədiyyə gələcək. Kampaniya 4 may tarixindən etibarən “ƏDV geri al” kartını ABB Mobile tətbiqində, yaxud edvgerial.ibar.az portalında ilk dəfə aktiv etmiş müştərilərin həmin tarixdən ilk 5 AZN-ə çatan ƏDV faizlərinə aiddir. Hər müştəri bu kampaniyadan yalnız bir dəfə yararlanır. Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə ABB Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər. Qeyd edək ki, TamKart sahibləri ƏDV faizlərinin geri qayıtmasını 30 gün gözləmir. Faizlər qəbz oxunduqdan dərhal sonra müştərinin hesabına daxil olur. Kampaniya barədə daha ətraflı məlumatları buradan öyrənə və sayğacı izləyə bilərsiniz. ABB-nin müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və ABB-nin sponsorluğu ilə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir. Proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, media nümayəndələri və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən blogerlər iştirak edə bilərlər. “Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin rəqəmsal həllər, elektron xidmətlər və rəqəmsal sahədə digər mövzular haqqında bilgilərini artırmaq, onların dəstəyi ilə cəmiyyətin, vətəndaşların maariflənməsinə töhfə verməkdir. #Yeniliklərikəşfet devizi altında keçirilən “Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarətdir: - Birinci mərhələdə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 24-28 oktyabr tarixində, həftəiçi 5 gün, saat 10.00 – 13.00 aralığında həyata keçiriləcək. Təlimlərdə jurnalistika və İKT sahəsində son trendlər, elektron dövlət layihələri və rəqəmsal həllər, informasiya təhlükəsizliyi, süni intellekt, blogerlik fəaliyyəti, sosial media, startaplar və digər mövzular yer alacaq. - Proqramın ikinci mərhələsində isə təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Bu hissədə iştirakçılar onlara təqdim olunan mövzular arasından seçim edərək araşdırma və maarifləndirici xarakterli məqalələr hazırlayacaqlar. Müsabiqə iştirakçılarının yazılarını Münsiflər Heyəti qiymətləndirəcək. İlk üç yerin qalibinə pul mükafatı veriləcək. Mükafat fondu 2200 AZN olan müsabiqədə I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 700 AZN, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı alacaq. Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla da təltif olunacaqlar. Proqrama son müraciət tarixi 15 oktyabr 2022-ci ildir. Müraciət linki: https://bit.ly/3fzzy0B Layihə ilə bağlı ətraflı məlumat əldə etmək üçün: https://www.digital.gov.az/digitalazerbaijan/webinars/6/reqemsal-jurnalistikaya-dogru-proqrami-4 Əlavə suallar üçün [email protected] İndiyədək sayca 3 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı keçirilib. Layihə çərçivəsində 100-dən çox media nümayəndəsinə təlimlər verilib, sertifikatlar təqdim edilib. Proqramın media tərəfdaşı “ASAN Radio”dur. Rəqəmsal sahədə bizimlə inkişaf edin!

Xəbər

ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı!

10 sentyabr 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb. “ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən və 3 ay davam edən abunə yazılışı dövründə ilkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir. Bütün kanallar (ABB mobile tətbiqi, bank filialları, investisiya şirkətləri) üzrə verilmiş sifarişlər tam toplandıqdan sonra yerləşdirmə həyata keçiriləcək. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq. Qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirmə aşağıdakı ardıcıllıqla aparılacaq: 1) Üstünlük hüququna malik səhmdarların üstünlük hüququ üzrə onların payına düşən səhmlərin alınması üzrə verilmiş sifarişləri icra ediləcək; 2) Yerdə qalan bütün sifarişlər, o cümlədən üstünlük hüququna malik səhmdarların üstünlük hüququndan artıq verilmiş sifarişləri də qiymətə uyğun sıralanaraq icra olunacaq. Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq. Abunə yazılışı dövründə investorlar tərəfindən sifarişlər ilk dəfə olaraq tam rəqəmsal formada ABB mobile tətbiqi vasitəsilə, eləcə də ABB-nin və ölkəmizdəki əksər bankların filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə təqdim edilib. ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!