Xəbər

ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı!

10 sentyabr 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb. “ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən və 3 ay davam edən abunə yazılışı dövründə ilkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir. Bütün kanallar (ABB mobile tətbiqi, bank filialları, investisiya şirkətləri) üzrə verilmiş sifarişlər tam toplandıqdan sonra yerləşdirmə həyata keçiriləcək. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq. Qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirmə aşağıdakı ardıcıllıqla aparılacaq: 1) Üstünlük hüququna malik səhmdarların üstünlük hüququ üzrə onların payına düşən səhmlərin alınması üzrə verilmiş sifarişləri icra ediləcək; 2) Yerdə qalan bütün sifarişlər, o cümlədən üstünlük hüququna malik səhmdarların üstünlük hüququndan artıq verilmiş sifarişləri də qiymətə uyğun sıralanaraq icra olunacaq. Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq. Abunə yazılışı dövründə investorlar tərəfindən sifarişlər ilk dəfə olaraq tam rəqəmsal formada ABB mobile tətbiqi vasitəsilə, eləcə də ABB-nin və ölkəmizdəki əksər bankların filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə təqdim edilib. ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB ağacəkmə aksiyasında iştirak etdi

ABB aprelin 11-də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində təşkil olunan “Yaşıl Marafon” ağacəkmə aksiyasına qoşulub. IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında ölkəmizdəki maliyyə assosiasiyaları iştirak edib. Ağaclar Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış 51 hektarlıq sahədə əkilib. Müvafiq assosiasiyaların maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi qurulub. Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirinin, ABA rəhbərliyinin, bank menecerlərinin iştirak etdiyi aksiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Visa, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABB şəhərətrafı dəmir yolu xətlərində təmassız ödənişləri genişləndirir

Azərbaycan Dəmir Yollarının sərnişinləri artıq Abşeron dairəvi dəmir yolu xəttinin 14 stansiyasında istənilən bank tərəfindən buraxılmış təmassız ödəniş kartları ilə gediş haqqını ödəyə bilərlər Bu gün Visa şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABB ilə tərəfdaşlıqda, şəhərətrafı dəmir yollarında təmassız ödəniş sisteminin tam şəkildə istifadəyə verilməsini elan edib. Artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər. Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb. Azərbaycan Dəmir Yollarında təmassız ödəniş sisteminin qurulması həm elektron ödənişlərin qəbulu, həm də ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Çünki bu addım sərnişinlərin ödəmə təcrübəsini yaxşılaşdırmaqla yanaşı, sərnişin daşımaları operatorlarına nəqliyyat sistemini daha səmərəli idarə etməyə imkan verəcək. Sözügedən layihənin bir hissəsi olaraq, dairəvi dəmir yolunun bütün stansiyalarında yerləşdirilmiş 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klassadək yüksəldə bilərlər. Sərnişin tərəfindən ödənilən tarif məsafədən asılıdır – gediş haqqı sərnişinin keçdiyi stansiyaların sayına əsasən avtomatik hesablanır. Beləliklə, sərnişinlər gediş haqlarını tez, rahat və təhlükəsiz qaydada ödəyirlər. Nəqliyyat operatoru isə təmassız ödənişlər sayəsində sərnişinlərin qeydiyyatı və daşınması proseslərini optimallaşdırır, eləcə də əlaqədar xərcləri azaldır. Bu mühüm infrastruktur layihəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Layihənin icrası üçün əsas xidmət təchizatçısı olan “Azərbaycan Dəmir Yolları” QSC, layihənin ekvayeri ABB, ödəniş xidmətlərinin təchizatçısı IBA Group, sistemlərin inteqratoru və proqram təminatı idarəedicisi qismində RBC Consulting, bank prosessoru olan AzeriCard və texnoloji tərəfdaş qismində Visa öz səylərini birləşdiriblər. “Azərbaycan Dəmir Yolları sərnişinlərə daha rahat və etibarlı gediş şəraiti yaratmaq üçün daim innovasiyalar tətbiq etməyə çalışır. Qatar artıq şəhərətrafı nəqliyyatın ən təhlükəsiz və ekoloji baxımdan ən təmiz növlərindən biridir. Bu layihə sərnişinlərə gediş haqlarını bank kartları vasitəsilə çox asan, sürətli və təhlükəsiz şəkildə ödəməyə imkan verəcək və sərnişinlərə xidmətin göstərilməsini xeyli asanlaşdıracaq”, –“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradovqeyd edib. “Sərnişin axınının artmağa başladığı, lakin hələ də pandemiyadan qabaqkı səviyyədən xeyli geridə qaldığı bir dövrdə, dünyanın hər bir yerində şəhərlər və nəqliyyat operatorları sakinlərə təhlükəsiz, etibarlı və səmərəli nəqliyyat xidmətləri göstərmək yollarını arayırlar. Nəqliyyatda təmassız ödəmələrdən istifadə dünya üzrə 187% artıb, və Visa hazırda dünyanın 500 şəhəri ilə əməkdaşlıqda təmassız ödəniş həllərini qurur və ya genişləndirir. Fəxr edirik ki, Azərbaycan da təmassız gediş haqqı sistemini genişləndirən ölkələr sırasındadır. Əminik ki, bu mühüm layihə ölkə üzrə təmassız ödənişləri yeni səviyyəyə qaldıracaq”, – deyərək Visa şirkətinin Qafqaz regional meneceri Kristina Doroş əlavə edib. Azərbaycan Respublikasının Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov bildirib: “Azərbaycanın Mərkəzi Bankı üçün ödəniş xidmətlərinin rəqəmsallaşdırılmasında əsas məqsəd daha sadə, sürətli, təmassız və istehlakçılar üçün rahat ödəmə həllərini təşviq etməklə ölkədə nağdsız iqtisadiyyatın artımında köklü dəyişikliyə nail olmaqdır. Həmin ödəmə xidmətlərinin bazara təqdim edilməsi həmçinin yeni gəlir axınlarının və əlavə dəyər imkanlarının inkişafı üçün yol açır. Bu gün hörmətli tərəfdaşlarımızla birgə biz “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində dəmir yollarında yeni pilot təşəbbüsünü uğurla istifadəyə veririk. Dövlət Proqramı daxilində biz ödənişlərin nəhəng dərəcədə artmasına nail olmuşuq. Ödəniş kartlarının sayı 44% yüksələrək 10,1 milyona, təmassız kartların sayı isə 5,5 dəfə artaraq 4,6 milyona çatıb. Tam əminliklə deyə bilərik ki, bazarda təmassız kart sayının dinamik artımı dəmir yollarında da təmassız ödənişlərin cəld və səmərəli tətbiqini sürətləndirəcək. Bu gün biz ölkənin nəqliyyat sisteminin inkişafında yeni bir mərhələyə qədəm basırıq və ümid edirik ki, bu tendensiya bütöv nəqliyyat ekosistemini əhatə edəcək”. ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Azərbaycan Dəmir Yollarının Abşeron yarımadasında yerləşən bütün sərnişin stansiyalarında bank kartları ilə təmassız ödənişlərin həyata keçirilməsi imkanı müasir texnologiyaların tətbiqi nəticəsində əldə olunan növbəti bir müvəffəqiyyətdir. Bu yenilik təmassız ödənişlərin müştərilər arasında daha da böyük rəğbət qazanmasına səbəb olacaq. Son bir il ərzində ABB-nin buraxdığı kartlar vasitəsilə edilmiş təmassız ödənişlərin sayı 10 dəfədən çox artıb. Belə layihələrin tətbiqi təmassız ödəniş tendensiyasını gücləndirir. Əminik ki, təmassız ödəniş üsulları müştərilərin rahatlığını təmin etməklə yanaşı, onların vaxtına da xeyli qənaət edəcək. İnnovativ həllərin tətbiqi və yeni müştəri təcrübələrinin yaradılması ABB üçün həmişə prioritet olaraq qalacaq”.

Xəbər

ABB Banklararası Şahmat Çempionatının qalibi oldu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilmiş banklararası şahmat çempionatı başa çatıb. Nəticələrə əsasən, çempionatda ABB komandası qalib gəlib. ABB təmsilçiləri Rəsul Mənsimli, Zöhr Babazadə və Rauf Hacılı şəxsi hesabda da 2-ci, 3-cü və 4-cü yerləri qazanıblar. Artıq 6-cı dəfədir ki, keçirilən çempionatda bu il 15 maliyyə qurumundan 60-a yaxın nümayəndə iştirak edib. Banklararası Şahmat Çempionatının məqsədi Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkilidir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB müştərilər üçün daha da əlçatan olmaq üçün xidmət şəbəkəsini genişləndirməkdədir. Bank paytaxtın Bakıxanov qəsəbəsində də yeni filial açıb. Filial Muxtar Fətəliyev küçəsi 70 ünvanında, ABB-nin yeni brend kimliyinə uyğun qurulmuş məkanda fəaliyyət göstərir. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər ABB-nin digər filialları kimi Bakıxanov filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB daha 9 ailənin məşğulluğuna kömək göstərdi

ABB aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində həssas əhali qruplarına dəstəyini davam etdirməkdədir. Ötən ay 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqlar alan bank daha 9 ailəyə bu istiqamətdə kömək göstərir. Alınacaq avadanlıqların sənədləri artıq ailələrə təqdim olunub. Belə ki, Bakının Binəqədi rayonunda məskunlaşmış məcburi köçkün Kamalov Laçın Fariz oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar alınacaq. Buzovnada yaşayan Nağıyev Cavid Xalis oğluna parket və taxta döşəmə cilalanması üçün lazımi avadanlıqlar təqdim ediləcək. Daha üç vətəndaşımız, Xətai rayonunda məskunlaşmış məcburi köçkün Səfərova Ruhiyyə Tahir qızı, Hövsan qəsəbəsi sakini Baxışova Səadət Cəmil qızı və Şirvan şəhərində yaşayan Qədirov Ramil Tələt oğlu isə ABB-nin təqdim etdiyi avadanlıq hesabına tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar. Suraxanı rayon sakini Qəribova Mehriban Eldar qızı Bankın köməyi ilə əldə etdiyi avadanlıqlarla musiqi fəaliyyəti ilə məşğul olacaq. Abşeron rayonunda yaşayan Əliyev Uluyurd Nəbi oğlu, Gəncə şəhər sakinləri Həsənov Ramiz Faiq oğlu və Həbibov Anar Zaman oğlu ABB-nin təqdim etdiyi avadanlıqlarla yaşadıqları ərazidə “Playstation” salonu quraraq öz məşğulluqlarını təmin edə biləcəklər. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. ABB da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edir. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB 48 ailənin özünüməşğulluğunu təmin etdi.

ABB aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını genişləndirir. Apreldən başlayaraq indiyə qədər 48 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi avadanlıqlar alıb. Bankın özünüməşğulluğuna dəstək verdiyi ailələrin 23-ü Bakı və Bakıətrafı ərazilərdə, 9-u Gəncə, 3-ü Şirvan, 2-i Sumqayıt şəhərində, 2-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 2-i Füzuli, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır. ABB-nin köməyi ilə kiçik biznes qurub özünün və ailəsinin dolanışığını təmin edəcək vətəndaşlarımızın 9 nəfərinin məcburi köçkün, 13 nəfərinin fiziki məhdudiyyətli,1 nəfərinin şəhid ailəsinin üzvü, 1 nəfərinin isə cəzaçəkmə müəssisəsindən azad edilmiş və hazırda sosial adaptasiyaya ehtiyacı olan şəxs olması bu layihənin dəyərini daha da artırır. Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 16 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının inkişafına, qadınların məşğulluğunun təmin edilməsinə ABB-nin daha bir töhfəsidir. Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil,mebel,avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. ABB isə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı,həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğunadəstək verir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. ABB da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edir. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“The Banker” ABB-ni “İlin bankı” elan etdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı ABB-ni ölkə üzrə “İlin bankı” elan edib. Jurnalın bununla bağlı yaydığı açıqlamada ABB-nin belə yüksək mükafata layiq görülməsi Bankın pandemiya dövründə sürətlə dəyişən biznes mühitinə çevik uyğunlaşa bilməsi və sağlam maliyyə vəziyyəti ilə izah olunur. Qeyd edilir ki, COVİD-19 pandemiyası və aşağı neft qiymətləri Azərbaycan iqtisadiyyatına ziyanlı təsirlər yaratsa da, dövlətin iqtisadiyyata effektiv dəstək tədbirləri bu təsirləri minimallaşdırıb. Son iki ildə də ölkənin iqtisadi inkişafı təmin edilib. “İlin bankı” mükafatını qazanmış ABB isə iqtisadiyyatın bərpası prosesində adekvat mövqe tutub. Dəyişən vəziyyətdə düzgün davranaraq gəlirliliyini qoruya bilib və kapital mövqeyini gücləndirib. Bank eyni zamanda cəmiyyətin inkişafını dəstəkləyən maraqlı sosial layihələrini davam etdirib. “The Banker” jurnalının açıqlamasında ABB-nin 2019-cu ilin sonunda yaratdığı ABB Tech Akademiyasının fəaliyyətinə xüsusi diqqət yönəlib. Qeyd edilib ki, indiyə qədər informasiya texnologiyaları sahəsində 300-dən çox peşəkar mütəxəssisin yetişdiyi bu akademiyanın fəaliyyəti ölkənin əmək bazarına böyük töhfə verir. Jurnal ABB-nin Mərkəzi Bank, Azərbaycan Dəmir Yolları və Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ilk dəfə ölkəmizin dəmiryolu şəbəkəsində təmassız gediş haqqı imkanını təqdim etməsini də xatırladıb. Bunun Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsi, xüsusilə nəqliyyat sektorunda təmassız ödənişlərin inkişafı baxımından mühüm addım olduğu bildirilib. ABB-nin müştərilərə beynəlxalq standartlara uyğun yeni əməliyyat imkanları yaradan Swift gpi sistemini öz rəqəmsal kanallarında Azərbaycanda təqdim etmiş ilk maliyyə qurumu olması da “The Banker”in açıqlamasında xüsusi vurğulanıb. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İlin bankı” mükafatına layiq görülməyimiz ABB-nin 30 illiyi ərəfəsində müştərilərimizə, tərəfdaşlarımıza xoş bir xəbərdir. Bu, ABB-nin nailiyyətlərinə verilmiş obyektiv qiymətdir. Həyata keçirdiyimiz strateji inkişaf layihələrinə beynəlxalq maliyyə dairələrində də maraq göstərilir və nəticələrimiz yüksək dəyərləndirilir”. 2021-ci il üzrə “İlin bankı” adına layiq görülmüş banklarla buradan tanış olmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin səhmlərinə abunə yazılışı başlandı!

11 iyun 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib. “ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən tədbir üçün simvolik məkan seçilib. Tədbir ötən əsrin əvvəllərində məhz bank binası kimi tikilmiş, fasadında “Банкъ” sözü olan, 90-cı illərin əvvəllərində ABB-nin baş ofisinin, hazırda isə Mərkəzi filialının fəaliyyət göstərdiyi tarixi məkanda təşkil olunub. Tədirdə ABB rəhbərliyi ilə birgə, Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi də iştirak edib. Abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 000 000 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər. Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki “İnvestisiya” bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq”. ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-eSİM xidməti istifadəyə verildi!

Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətlərinə dəstək, o cümlədən hesabdan çıxarış və arayışların alınmasını, səyahətlərdən millər qazandıran ABB AZAL Miles kartlarından istifadəni hər kəsə əlçatan edib. İndi isə ABB-dən səyahətsevərlər üçün daha bir mühüm xəbər var. Bank ABB-eSIM xidmətini mobile tətbiqində istifadəyə verib. Bununla xaricə səfərlər zamanı internetə çıxış problemi daha keçmişdə qalır. ABB mobile tətbiqinin hər bir istifadəçisi ölkə xaricində olarkən tətbiqdə özünə uyğun ABB-eSIM paketini seçib, rahatlıqla internet şəbəkəsinə qoşulur. ABB-eSIM istifadəçilərə fiziki SIM karta ehtiyac olmadan xidmətlərdən yararlanmaq, müxtəlif ölkələrdə etibarlı internet bağlantısına qoşulmaq, alış və ödənişləri birbaşa tətbiq üzərindən həyata keçirmək, eləcə də seçilmiş paketləri rahatlıqla idarə etmək və izləmək imkanı verir. Qeyd edək ki, eSIM (embedded SIM) - fiziki SIM kartı əvəz edən virtual SIM kartdır. O, mobil cihazın daxili yaddaşına yüklənir və aktivləşdirildikdən sonra mobil operatorun şəbəkəsindən istifadə etmək olur. eSIM-in səyahətçilər üçün bir çox üstünlükləri var. İlk növbədə, fiziki SIM kartı dəyişdirməyə ehtiyac qalmır. eSIM-lə müxtəlif ölkələrdə fərqli mobil operatorların şəbəkələrinə qoşulmaq olur. Roaminq xidmətlərindən fərqli olaraq eSIM paketlərində daha sərfəli tariflər seçmək mümkündür. ABB mobile tətbiqi vasitəsilə istifadəçilər ABB-eSIM xidmətini də fiziki kartı dəyişmədən birbaşa tətbiq üzərindən əldə edərək dərhal aktivləşdirə və xaricdə fasiləsiz internet bağlantısından yararlana bilərlər. eSIM-i aktivləşdirmək çox sadə və rahatdır. QR kodu skan etməklə eSIM-i sürətli şəkildə aktivləşdirmək olur. ABB-eSİM xidmətinin üstünlüklərindən biri də odur ki, ABB mobile vasitəsilə eSIM əldə edilərkən 18% əlavə dəyər vergisi tətbiq olunmur. Bu da istifadəçilər üçün xərclərə əlavə qənaət imkanı deməkdir. Səyahətlər üçün xidmətlərin bir platformada toplanmasını ABB yeni layihələrlə davam etdirəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!