Xəbər

ABB Cəbrayılda filial açmaq qərarını elan etdi

Azərbaycan ordusu dünən Cəbrayıl şəhərini işğaldan azad etdikdən sonra ABB Cəbrayıl filialını açma qərarını elan edib. Bununla bağlı Bankın İdarə Heyətinin bu gün keçirilən toplantısında qərar verilib və qərar korporativ idarəetmə prosedurlarına uyğun şəkildə təsdiq üçün Müşahidə Şurasına təqdim edilib. Ərazinin düşməndən təmizlənməsi üçün Ordumuzun davam etdirdiyi əməliyyatlara paralel olaraq Bank yeni filialların formalaşdırılması prosesini həyata keçirəcək. Rayonda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən Cəbrayıl sakinləri ilk günlərdən ABB-nin yerli filiallarının məhsul və xidmətlərindən istifadə edə biləcəklər. Dağlıq Qarabağ və ətrafdakı digər rayonlarımız Ermənistan silahlı birləşmələrindən təmizləndikcə Bank bu ərazilərdə də yeni filiallarını açmaqda qərarlıdır. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İdarə Heyətimizdə bu qərarı qəbul edərkən keçirdiyimiz hissləri izah etmək mümkün deyil. Belə bir günü uzun illər idi ki, gözləyirdik. Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuzu reallığa çevirdi. ABB-nin indiyə qədər 37 filialı, 39 şöbəsi mövcud idi. 38-ci filialımızın məhz Cəbrayıl filialı olması Bankımızın tarixində də möhtəşəm bir hadisədir. Arzu edirik ki, yaxın günlərdə Ordumuzun işğaldan azad etdiyi digər rayonlarımızda da yeni filiallar aça bilək. Qəhrəman hərbçilərimizin düşməndən təmizlədikləri ərazilərimizin inkişaf mərkəzinə çevrilməsində ABB olaraq biz də yaxından iştirak edəcəyik”. İşğaldan azad edilmiş rayonlarda açılan bank filialları əhalinin qayıdışı proqramının reallaşdırılmasında, regionda quruculuq işlərinin, sosial-iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsində, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasında çox mühüm funksiya yerinə yetirəcək.

Xəbər

ABB daha 4 xidmət ofisini yenilədi

ABB xidmət şəbəkəsinin yenilənməsini davam etdirməkdədir. Layihə çərçivəsində Bankın Şirvan filialı və Samux, Qəbələ, Göygöl şöbələri yenilənərək müştərilərin xidmətinə verilib. Bankın Şirvan filialı yeni ünvana köçürülüb. Filial bundan sonra Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi - 11 ünvanında fəaliyyət göstərəcək. Samux, Qəbələ və Göygöl şöbələrinin ünvanları isə dəyişilməz qalıb. Yenilənən filial və şöbələrin hər birində müştərilərə yüksək səviyyədə xidmət üçün lazımi şərait yaradılıb. Bu xidmət ofislərində müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər. Xidmət şəbəkəsinin yenilənməsində əsas məqsəd müştərilərin daim dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək, yeni keyfiyyət standartları yaratmaqdır. ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev yenilənmə prosesinin Bankın digər filial və şöbələrini də əhatə edəcəyini bildirib: “Məqsədimiz müştərilərimizi yeni simada və daha yüksək xidmət keyfiyyəti ilə qarşılamaqdır. Bu proses həm Bakıdakı, həm də regionlardakı xidmət ofislərimizi əhatə edir. Ənənəvi bank xidmətlərini inkişaf etdirməklə yanaşı, müştərilərin banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün rəqəmsal bankçılıq həllərimizi də inkişaf etdiririk. Ümid edirik ki, görülən bütün bu işlər müştəri məmnuniyyətinin artırılmasına və regionda bank xidmətlərinin müştərilərimiz üçün daha da əlçatanlığına xidmət edəcək”. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin ATM-lərində yenilik!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank xidmətlərini daha asan və çevik əldə etməyə imkan yaradır. Yeni proqram təminatının imkanları ilə müştərilər ATM-dən yalnız nağd vəsait çıxarmaq üçün istifadə etməyəcəklər. Filialların təqdim etdiyi bəzi xidmətlərdən də 24/7 rejimində yararlana biləcəklər. ABB öz ATM-lərinin proqram təminatının yenilənməsini Azerikard və CASPA şirkətləri ilə birgə həyata keçirir. ABB Azərbaycan Mərkəzi Bankının layihəsi olan AniPay-lə mədaxil xidmətini öz yeni ATM-lərinə əlavə edən ilk bank olub. AniPay ödəniş sistemində (AniPay tətbiqi) qeydiyyatdan keçmiş bütün müştərilər ABB-nin yeni nəsil ATM-lərində ölkədaxili istənilən bank hesabına komissiyasız mədaxil edə bilərlər. Heç bir komissiya və ya limit yoxdur. ATM-lər vasitəsilə belə imkanlardan istifadə müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır. Qeyd edək ki, Azərbaycanın ilk ATM-i məhz ABB-yə məxsus olub. Həmin ATM hazırda Bankın Mərkəzi filialında yaradılmış muzeydə eksponat kimi qorunur. Ölkəmizdə ATM-lərlə təmassız NFC əməliyyatlarının həyata keçirilməsini də ilk dəfə ABB tətbiq etməyə başlayıb. Hazırda ABB-nin ölkə üzrə 961 ATM-i var. Onlardan 498-i Bakıda, 463-ü regionlardadır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üzrə “İlin ən yaxşı bankı” seçilib. ABB bu mükafata mənfəətliliyinə, əhatə dairəsinə, qurduğu strateji tərəfdaşlıqlara, son illərdə əldə etdiyi inkişaf nailiyyətlərinə, məhsul və xidmətlərində tətbiq etdiyi innovasiyalara, o cümlədən süni intellekt həllərinə görə layiq görülüb. Qiymətləndirmə zamanı ABB-nin fəaliyyəti haqqında səhm, kredit reytinqi analitiklərinin, digər bank ekspertlərinin rəyləri də nəzərə alınıb. “Global Finance”in müxtəlif regionlar üzrə “İlin ən yaxşı bankı” elan etdiyi maliyyə qurumları arasında Akbank, HSBC, Commerzbank, Citibank, Raiffeisen Bank, OTP Bank və s. bu kimi tanınmış banklar da var. “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 193 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. Qaliblərin adları ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Azərbaycan Beynəlxalq Bankı brend kimliyini yenilədi!

Azərbaycan Beynəlxalq Bankı özünün yenilənmiş brendini ictimaiyyətə təqdim edib. Bank bundan sonra fəaliyyətini qısaldılmış adı - “ABB” brend kimliyi altında davam etdirəcək. Brend kimliyinin yenilənməsi qərarı maliyyə qurumunun apardığı məqsədyönlü transformasiya prosesinin növbəti addımıdır. Son bir neçə ildə ABB-də genişmiqyaslı transformasiya layihələri reallaşdırılır. Bu layihələr sayəsində biznes-modelinin yenilənməsi, rəqəmsallaşma, müştəri xidmətinin mükəmməlləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edilməkdədir. İndi isə Bankın həm keçmiş nailiyyətlərini, həm də gələcəyə strateji baxışını vahid ad altında bir araya gətirmək zamanıdır. Brendin yeni atributları ABB-nin 30 illik təcrübəsinə, ənənələrinə, yaratdığı inama əsaslanır. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Brend kimliyimizi bazar trendlərinə, müştərilərimizin ehtiyaclarına, yaranmış yeni imkanlara uyğun gücləndiririk. Yeni loqotipimizin xarici kəskin künclərinin yumşaldılması və qapalı elementlərinin aradan qaldırılması dinamizmi və açıqlığı göstərir. Ənənəvi şəbəkə elementi isə brendimizin qloballığını və genişmiqyaslı fəaliyyətini ifadə edir”. Bankın sloqanı da yenilənib. Sloqandakı “Müasir, Faydalı, Universal” kəlmələri müştərilərə və tərəfdaşlara təqdim olunan dəyərləri vurğulayır. İctimaiyyət və KİV tərəfindən yeni brenddən istifadə normalarını təmin etməkdən ötrü Bankın veb səhifəsində Brend Mərkəzi yaradılıb. Brend Mərkəzinin müvafiq bölmələrində yeni brendin istifadə qaydaları təqdim olunub. Eyni zamanda yeni loqotipin fəlsəfəsi izah edilib. Brendin yenilənməsi ilə əlaqədar olaraq Bank geniş reklam kampaniyasına başlayıb. Bununla bağlı çöl reklamlarında və xidmət ofislərinin fasadlarında aparılan dəyişikliklər ilin sonuna qədər tam başa çatdırılacaq. Bu əlamətdar hadisəyə reklam çarxı da həsr olunub. Videoçarx Bankdakı transformasiya proseslərinin davamlılığını, Bankın çoxçeşidli məhsul və xidmətlərini və son 30 ildə loqotiplərindəki dəyişikliklərin retrospektivini nümayiş etdirir. Videoçarxı buradan izləyə bilərsiniz. ABB 10 yanvar 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın səhmlərinin 95.15%-i Azərbaycan dövlətinə məxsusdur. Ölkənin müxtəlif regionlarını əhatə edən 53 filialı və 24 şöbəsi ilə Bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri təqdim edir. 18 000-ə yaxın hüquqi, 1.3 milyondan çox fiziki şəxs müştəriyə xidmət göstərir. ABB istehsal, ticarət, kənd təsərrüfatı, nəqliyyat-kommunikasiya, energetika, neft-qaz və s. sahələrdə reallaşdırılan layihələrdə, müxtəlif sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.

Xəbər

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

Noyabrın 25-də “Agile Azərbaycan” Beynəlxalq Sammiti başlanır. “Sabahı formalaşdırmaq: təsir üçün çeviklik, süni intellekt və data!” devizi altında keçiriləcək tədbirdə Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a, süni intellektə və data texnologiyalarına maraq göstərən hər kəs bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, uğurla tətbiq edən, eyni zamanda süni intellekt və data texnologiyalarından da geniş şəkildə faydalanan ABB sammitin əsas tərəfdaşıdır. Tədbirin məqsədi Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaq, həmçinin süni intellekt və data texnologiyaları ilə bağlı təcrübələri paylaşmaqdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər Agile, süni intellekt və data sahəsində ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni bölüşəcəklər. Tədbirdə ABB-nin son illər müvafiq sahələrdə əldə etdiyi təcrübə barədə də ətraflı məlumatlar təqdim olunacaq. Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 800-dən çox əməkdaşın çalışdığı 23 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir. Son illərdə Bank bu metodologiya əsasında 100-dən çox rəqəmsal məhsul təqdim edib, 80-dən çox süni intellekt modelini işə salıb, bununla həm əməliyyat səmərəliliyinə, həm müştəri təcrübəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Bankın yeni müştərilərinin 65%-dən çoxu məhz rəqəmsal kanallar vasitəsilə cəlb edilir, bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir. Agile iş tərzinə keçiddən sonra Bank son 3 ildə məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə endirib. ABB-də müştəri məmnuniyyəti göstəricisi (NPS) 76.9-a, işçi məmnunluğu səviyyəsi 84.2-ə yüksəlib. Son 3 ildə ABB süni intellekt və data texnologiyaları istiqamətində də ciddi irəliləyişlərə nail olaraq 160-dan çox generativ və prediktiv modeli tətbiq edib, bu modellər Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən ətraf mühit və yaşıl artıma dəstək

Vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalan ABB ölkəmizin gələcəyinə töhfə vermək üçün sosial proqramlarını davam etdirir. Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında ödəniş kartları sahəsində yeniliyə imza atıb. ABB-nin TamEco kartı müştərilərə təqdim edilib. Müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkiləcək. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq. Kampaniya çərçivəsində onlayn sifariş zamanı kart pulsuzdur. İanəni müştərinin adından Bank öz hesabına ödəyəcək. Kart dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır. 26 yanvar 2023-cü ildə Zirə EKO park-da kartın təqdimatı olub. ABB, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Visa nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, TamEco kartı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl gələcək” layihəsi çərçivəsində yaradılmış bank məhsuludur. Layihənin məqsədi ölkə ərazisində yaşıllıqların artırılması, cəmiyyətdə ekoloji mədəniyyətin inkişafı, ətraf mühitlə bağlı fərdi məsuliyyət hissinin gücləndirilməsidir. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib: “Yaşıl gələcək” layihəsinin bu gün geniş ictimaiyyətə çatdırılması ekoloji maariflənmə işinə bir töhfədir. Layihə vasitəsilə hər kəs ölkəmizin yaşıllaşdırılmasında iştirak edib dəstək göstərə biləcək”. ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib ki, TamEco məhsulu ilə ABB sektorda daha bir maraqlı nümunə yaradır: “TamEco kartı ABB-nin sosial məsuliyyətinə əsaslanır. ABB olaraq biz müxtəlif innovativ həllərimizlə təmassız ödəniş imkanlarını genişləndiririk. Bank əməliyyatlarını kartlardan istifadə etmədən mobil cihazlarla aparan müştərilərimizin sayı sürətlə artır. Bununla belə, gözləntilərə görə, yaxın illər ərzində bütün dünyada plastik ödəniş kartlarından istifadə vərdişləri də müəyyən səviyyədə hələ qalacaq. TamEco kartının məqsədi, bank kartlarından istifadəni ətraf mühit üçün daha faydalı etməkdir. Bu kartın təqdim olunmasında ABB-nin biznes maraqları ilə yanaşı, sosial maraqları da böyükdür”. Visanın Azərbaycan və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, regional menecer Kristina Doroş bildirib: “Visa bütün dünyada bu istiqamətdə layihələri dəstəkləyərək davamlı inkişafa böyük diqqət yetirir. TamEco kartının Azərbaycanda təqdim olunmasından məmnunuq. Bu, təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropada, Yaxın Şərq və Afrika regionunda təqdim olunmuş ilk eko kartdır. TamEco kart məhsulunun unikallığı ondan ibarətdir ki, o, dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Belə plastik materialı bir neçə dəfə təkrar emal etmək olur. Bu, ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməklə təbiəti təmizləməyə imkan verir. ABB ilə tərəfdaşlıq əsasında Azərbaycanda belə bir layihə reallaşdırmaqdan qürur duyuruq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB maliyyə dayanıqlığını qoruyur

ABB 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2020-ci il tarixinə Bankın aktivləri 8,9 milyard manat, müştərilərə verdiyi kreditlər 2,4 milyard manat, depozit portfeli 5,6 milyard manat olub. Rüb ərzində Bank tərəfindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 120 milyon manatadək kredit və qarantiyalar verilib. Bank ilin birinci rübünü 76 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 33.33%, məcmu kapitalının adekvatlıq əmsalı 32.88% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb. ABB “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib. Bundan başqa, Bank “Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvi maliyyə institutu” adını da qazanıb. Mükafatlar 5 mart 2026-cı ildə keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumu zamanı ABB-yə təqdim olunub. Qeyd edək ki, ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433 milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi olub. Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!