Xəbər

ABB ilə bp və tərəfdaşlarının birgə təqaüd proqramını qazanmış tələbələrlə görüş oldu

ABB və bp və onun tərəfdaşlarının - SOCAR, TPAO, PETRONAS, MOL, LUKOİL, NİCO, Equinor, İNPEX, ExxonMobil, SGC, İTOCHU, ONGC, TOTAL, Eni - birgə təqaüd proqramına qəbul başa çatıb. Artıq təlimlərə start verilib. ABB Tech Akademiyasında ödənişsiz təhsili nəzərdə tutan təqaüdü qazanmış tələbələrlə, eləcə də proqrama maraq göstərən digər ictimaiyyət nümayəndələri, media mənsubları ilə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun və tərəfdaş şirkətlər adından bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin görüşü olub. Karantinlə əlaqədar onlayn keçirilən görüşdə Abbas İbrahimov əvvəlcə ABB Tech Akademiyasının fəaliyyəti, məqsədləri barədə məlumat verib. İnformasiya texnologiyaları mütəxəssislərinə hazırda bütün dünyada ciddi tələbat olduğunu xatırladan A.İbrahimovun sözlərinə görə, ABB Tech Akademiyasının da əsas məqsədi ölkəmizin əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacın təmin edilməsidir. İdarə Heyətinin sədri hazırda Bankda həyata keçirilən transformasiya layihələri barədə söhbət açıb. Bildirib ki, bu layihələrin mühüm bir qismi də rəqəmsallaşma məsələləri ilə bağlıdır: “Ən yaxşı rəqəmsal təcrübə ilə tanınmaq və bununla ölkəmizin innovativ inkişafına töhfə vermək ABB-nin əsas strateji hədəflərindəndir. İstedadlara dəstək olan ABB Tech Akademiyası yetişdirdiyi kadrlarla bizə bu hədəfə çatmaqda kömək göstərir”. O, qeyd edib ki, Akademiyanın təlim proqramları özünü informasiya texnologiyaları sahəsində inkişaf etdirmək istəyən hər bir gənc üçün yaxşı fürsətdir. A.İbrahimov pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq ABB Tech Akademiyasının distant təlim imkanlarından faydalanmaqla öz proqramlarına davam etdiyini bildirib. Onun sözlərinə görə, bu təhsil mərkəzinin əsas prinsiplərindən biri, əmək bazarındakı ehtiyaclara uyğun yeni istiqamətləri öz təlim proqramlarına daxil etməsidir. “Sizin təhsil alacağınız QA Avtomatlaşdırma, Machine Learning və DevOps ixtisaslarına da indi tələbat çox böyükdür”, deyə o, tələbələrlə söhbətində bildirib: “Ümid edirik ki, gələcək uğurlu karyeranız üçün bp və tərəfdaşları ilə birgə bu təqaüd proqramımızın yaratdığı imkanlardan maksimum faydalana biləcəksiniz”. bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsinə xidmət edən bu cür layihələrin dəstəklənməsinin bp və tərəfdaşları üçün mühüm əhəmiyyət daşıdığını bildirib. “İndi bütün dünyada çox güclü rəqəmsallaşma prosesləri gedir. İnformasiya texnologiyalarından illər əvvəl sadəcə əlavə vasitə kimi istifadə olunurdusa, indi bu texnologiyalar iş proseslərinin əsasını təşkil edir. Ona görə bu sahədə peşəkar qabuiliyyətlərə malik kadrların yetişməsi çox mühümdür. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, cəmiyyətin yenilik, sosial həmrəylik, inteqrasiya içində olması üçün təhsilli, müasir bilik və bacarıqlara malik gənclərə ehtiyac var. Arzu edirik ki, təqaüd proqramında iştirak edən gənclər bu imkandan tam faydalansınlar. Lazımi bilik və bacarıqlara yiyələnərək ölkənin gələcəyinə töhfələr versinlər”. B.Aslanbəyli belə layihələrin gənclərin peşəkar inkişafına, əmək bazarında özlərinə layiqli yer tutmalarına böyük kömək göstərdiyini bildirib. Eyni zamanda, əmək bazarının özündə də keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratdığını vurğulayıb. B.Aslanbəyli əlavə edib ki, bank-maliyyə və neft-qaz sektorunda fəaliyyət göstərən iri şirkətlərin birgə layihə reallaşdırmasının özü özlüyündə çox təqdirəlayiqdir. Çünki imkanlar, təşəbbüslər, istəklər bir araya gəldikdə nəticələr də daha gözəl olur. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Xatırladaq ki, proqrama ümumilikdə 1337 namizəd müraciət edib. Onların arasından “DevOps mühəndisliyi”, “Machine Learning” və “QA Automation” sahəsində Akademiyaya qəbul prosesində ən yüksək nəticələr göstərmiş namizədlər seçilib. Beləliklə, hər istiqamət üzrə 10 namizədə (cəmi 30 namizəd) ABB-nin, 10 namizədə (cəmi 30 namizəd) bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüdü ilə ABB Tech Akademiyasında ödənişsiz təhsil almaq imkanı yaradılıb.

Xəbər

Pandemiyadan zərər çəkmiş sahibkarlara ABB-dən güzəştli kredit

COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində ABB da yaxından iştirak edir. Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb. İş adamları indi biznes kreditlərini Azərbaycan Beynəlxalq Bankından daha aşağı faizlərlə əldə edə bilərlər. Belə ki, 36 ayadək verilən kreditlərin faizi 7.5%-ə endirilib. Bu kreditlər sahibkarlara subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilir. Biznesə dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara sürətli və ənənəvi olmaqla iki növ kredit təklif edilir. Sürətli kreditin məbləği 200 min manata, ənənəvi kreditin məbləği isə 3 milyon manata qədərdir. Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edərək müvəkkil bankı seçir. Biznes-planına uyğun şəkildə kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sürətli kredit üçün müraciət etmiş sahibkarın müraciətinə Bankda maksimum 7 iş günü, ənənəvi kredit üzrə müraciətlərə isə 10 iş günü ərzində baxılır. Subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilən kreditlərin məqsədinə uyğun olaraq bu kreditlərdən yalnız pandemiyadan ziyan çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər. Bu kreditlərdən istifadə qaydalarının sahibkarlara ətraflı izahı üçün avqustun 7-də, ABB-nin Sahibkarlar Klubunun üzvləri üçün vebinar keçirilib. Vebinarda Bankın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri bununla bağlı sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-də “Yaz fürsəti” yenidən başladı!

ABB Novruz bayramı ərəfəsində yeni fürsətlər yaradır. Bankın bu gündən elan etdiyi kampaniya çərçivəsində müştərilər nağd pul kreditini ABB-dən 14%-dən başlanan faiz dərəcəsi ilə əldə edə bilərlər. Kredit 30 000 manatadək məbləğdə, 60 ayadək verilir. Rəsmiləşdirmə komissiyası sıfırlanıb. Üstəlik, kredit alan müştəriyə minimum 500 manatlıq TamKart kredit kartı hədiyyə edilir. Bundan başqa, kampaniya çərçivəsində TamKartla 100 manat və daha çox ödəniş müştəriyə 10 manat keşbək qazandırır. Kampaniya dövründə müştəri 5 əməliyyata görə maksimum 50 manat keşbək qazana bilər. “Yaz fürsəti” səyahətsevərlərə də aiddir. Belə ki, kampaniya zamanı ABB Miles Premium kartını ilk dəfə alan müştərilərə 30 000 mil qazanmaq imkanı yaradılır. Sadə ABB Miles kartını ilk dəfə alan müştərilərinsə 15 000 mil qazanmaq imkanı olur. Bu imkandan faydalanmaq üçün kart sahibi ABB mobile tətbiqinin “Kampaniyalar” bölməsində bu kampaniyaya qoşulmalıdır. Yeni ABB Miles Premium kartı ilə 30 000 mil qazanmaqdan ötrü 3 ay boyunca aylıq minimum 1500 AZN - mil hesablanan dövriyyə etməlidir. Yeni ABB Miles kartı sahiblərindən isə 15 000 mil qazanmaq üçün 3 ay boyunca minimum 800 AZN mil hesablanan dövriyyə etmək tələb olunur. Onu da qeyd edək ki, 30 000 mil 480 AZN-ə, 15 000 mil 240 AZN-ə bərabərdir. Hər bir kampaniya təklifinin şərtləri və qüvvədə olma müddətləri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır

ABB və İsveçrənin Crossinvest Şirkətlər Qrupu arasında COP29 çərçivəsində müqavilə imzalanıb. Müqavilə İsveçrə birjasında (SIX Swiss Exchange) Yaşıl Aktiv İdarəolunan Sertifikatın (Green AMC) yerləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur. Crossinvest Şirkətlər Qrupu İsveçrənin aktivlərin idarə edilməsi sahəsində tanınmış investisiya qurumlarındandır. Şirkətin investisiya məsləhətçiliyi və təşkilatçılığı ilə ABB üçün İsveçrə Birjasında (SIX Swiss Exchange) 10 milyon ABŞ dolları məbləğində, ortalama AA- investisiya reytinqinə malik yaşıl sertifikatlardan ibarət Aktiv İdarəolunan Sertifikat (Green AMC) yerləşdiriləcək. İmzalanma tədbiri zamanı ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bu əməkdaşlıq sayəsində yerli maliyyə bazarlarına tamamilə yeni investisiya məhsulları təqdim ediləcək. Eyni zamanda, yerli investorlar üçün yaşıl investisiya sahəsində yeni imkanlar yaranacaq: “İsveçrə Birjasında belə bir sertifikat yerləşdirildikdən sonra, ABB-nin fiziki və korporativ müştərilərinin bu yaşıl sertifikata investisiya etmək imkanı olacaq”. Bu investisiya imkanı müştərilərə ABB İnvest şirkəti vasitəsilə təklif ediləcək. Crossinvest şirkətlər qrupunun rəhbər heyətinin üzvü və inkişaf etməkdə olan ölkələr üzrə rəhbəri Fəqan Nağıyev bildirib ki, Azərbaycan maliyyə bazarında bir ilk olacaq bu layihə ABB-nin dayanıqlı inkişafa və yaşıl investisiya prinsiplərinə sadiqliyini göstərir. Şirkətin Baş investisiya direktorunun müavini Daniel Wuest isə belə bir anlaşmanın İsveçrə və Azərbaycan maliyyə institutları arasında əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəldəcəyinə əmin olduğunu vurğulayıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı

Müştərilər üçün fərqli üstünlüklər yaradan ABB daha bir sərfəli məhsulu bazara təqdim edib. Ölkəmizdə bir ilk olan bu məhsul “Əmanətli ipoteka krediti” adlanır. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir. Müştəri ABB-də “Əmanətli ipoteka krediti” hesabı açaraq ora hər ay müəyyən məbləğdə vəsait yerləşdirir. Hesaba mədaxil edilən aylıq yığım məbləği minimum 300 manat olmalıdır. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik faizlər hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Müştəri bu müddətdə vəsaitlərini etibarlı bankda qoruyub eyni zamanda əmanət müddətinin sonunadək yığım məbləğini ödəmək imkanı ilə faiz gəlirləri əldə edir. Əmanət müddəti başa çatdıqdan sonra isə yığılmış əmanətlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır. Belə ki, bu məhsuldan faydalanan müştəri ipoteka kreditini 10%-dən başlayan ilkin ödənişlə və endirimli illik faiz dərəcəsi ilə (9%-dən başlayaraq) əldə edir. İpoteka kreditinin maksimum məbləği 300.000 manatdır. Kreditin rəsmiləşdirilməsi zamanı komissiya haqqı tutulmur. “Əmanətli ipoteka krediti”ndən əmək haqqı alan və aylıq yığım imkanına malik olan hər kəs faydalana bilər. Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək və kalkulyator vasitəsilə hesablama aparmaq olar. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB səhmlərinə abunə yazılanlar üçün keçirilən lotereyanın ilk qalibləri açıqlandı!

ABB-nin 1 avqustdan elan etdiyi "ABB səhmdarı ol, şanslarını artır!" lotereya kampaniyasının birinci tirajı oynanılıb. İlk tirajda 50 qalib seçilib. Kampaniyanın şərtlərinə əsasən, 1 nəfər – 5000 AZN, 1 nəfər – 3000 AZN, 1 nəfər – 2000 AZN, 47 nəfər – 100 AZN mükafat qazanıb. Lotereyanın müddəti 10 sentyabr 2024-cü ilə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər. Növbəti tirajların tarixləri: 2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq); 3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq); 4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq). Şərtlərə əsasən, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənir və lotereyada həmin say qədər iştirak şansı olur. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər. Növbəti tirajlar da ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək. Hədiyyələr hər tiraj üçün eynidir: 1 nəfər – 5000 AZN 1 nəfər – 3000 AZN 1 nəfər – 2000 AZN 47 nəfər – 100 AZN Birinci tirajın qalibləri ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu beynəlxalq mükafat qazandı!

Ölkəmizdə sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının 2 Mükəmməllik Mükafatına layiq görülüb. Mükafatlardan biri Bankda istedadların idarə olunması ilə bağlıdır. Digəri isə öyrənmə və inkişaf istiqamətindədir. ABB hər iki mükafata əməkdaşlar üçün təşkil etdiyi “Gələcəyin Liderləri” proqramına görə layiq görülüb. Bank 6 aylıq proqramı bu sahədə ixtisaslaşmış beynəlxalq BTS konsaltinq şirkəti ilə birgə həyata keçirib. Proqramda seçim prosedurlarından keçmiş 30 əməkdaş iştirak edib. Onlar üçün müxtəlif liderlik mövzularını öyrədən fərdi seminarlar təşkil olunub və iştirakçıların fərdi inkişaf planları hazırlanıb. Belə proqramlarda məqsəd yüksək potensiallı əməkdaşların inkişafına dəstək vermək, ABB-nin cari və gələcək layihələri üçün peşəkar bacarıqlara malik biznes liderləri hazırlamaqdır. “The Brandon Hall Group”un nüfuzlu mükəmməllik mükafatları qlobal biznes və HR icmasında kifayət qədər populyardır. Bu mükafatlar ayrı-ayrı şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi, əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir. İnsan kapitalının idarə edilməsində mükəmməlliyi vurğulayır. Sözügedən mükafatların təqdim olunması üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə bu mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı sayılır. 1993-cü ildən fəaliyyət göstərən “The Brandon Hall Group” peşəkar inkişaf şirkəti kimi təşkilatlara data, araşdırma, sertifikatlaşdırma və s. sahələrində dəstək verir. Qurum indiyə qədər dünyanın müxtəlif ölkələrində 10 000 000-dan çox işçinin fərdi inkişafına təsir göstərən layihələr həyata keçirib, təşkilatlarda müvafiq istiqamətlərdə mükəmməlliyi gücləndirib və sertifikatlaşdırma aparıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazlarına böyük tələb formalaşıb. Sifarişlər satışa çıxarılmış həcmdən təxminən 5 dəfə çox olub. Bu da ABB istiqrazlarına yüksək etimadı bir daha nümayiş etdirir. Vətəndaşlara yeni investisiya və qazanc imkanının yaradılması, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına dəstək məqsədilə fiziki şəxslərə üstünlük hüququ verilib, ilk növbədə onların müraciətləri təmin olunub. ABB istiqrazlarını ümumilikdə 503 fiziki şəxs əldə edib. İnvestorların 97%-i sifarişlərini ABB mobile tətbiqi vasitəsilə həyata keçirib. Hər biri 5 milyon AZN həcmində 2 emissiya çərçivəsində buraxılmış, nominal dəyəri 100 manat olan, hər buraxılış üzrə 50 min ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqrazlar 1 il müddətinə illik 10%, 2 il müddətinə illik 11% gəlirliliklə təqdim edilib. Faiz gəlirləri rüblük ödənilir və fiziki şəxslər üçün vergidən azaddır. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi 19 martda başa çatıb. İnvestorlar üçün təkrar bazarda alqı-satqı imkanı da yaradılacaq. İstiqrazlar Bakı Fond Birjasında tədavül ediləcək. ABB istiqrazları Bankın daimi məhsullarından olacaq. Bundan sonra da investorlara kiçik həcmlərlə davamlı şəkildə təklif ediləcək. Növbəti tranş 2026-cı ilin 2-ci rübü ərzində elan olunacaq. ABB istiqrazları investorlar üçün sabit gəlir imkanı təqdim etməklə yanaşı, ölkəmizdə kapital bazarlarının inkişafına da töhfə verir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!