Hörmətli səhmdar!
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 30.09.2026-cı il tarixində Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir.
Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin Bankın Müşahidə Şurasında təmsil olunması;
“ABB” ASC-nin Nizamnaməsinə dəyişiklik edilməsi;
“ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi.
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 24.08.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).
Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 24.08.2026-cı il tarixindən 29.09.2026-cı il, saat 23:59-a kimi elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.
“ABB” ASC-nin İdarə Heyəti
