Xəbər

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıtdı

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 17 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə üçüncü dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası Gold liqasında yarımfinala yüksələrək Meksika komandası ilə 2:2 hesabı ilə oyunu bitirib. Komandamız penaltı zərbələrində məğlub olaraq növbəti oyunda Kanada komandasına 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, turnirdə 30 komanda arasında 3-cü yeri tutmaqla bürünc medal qazanıb. Baş məşqçi Rövşən Babayevin rəhbərliyi ilə turnirdə bu uşaq futbolçular iştirak ediblər: Bavver Ayaz Bakir, Aylin Hüseynova, Sara Məmmədova, Əli Kərimzadə, Naim Məmmədov, Cavad Əliyev, Camal Hüseynbəyli, Mikayıl Səmədov, İslam Xanbabazadə, Ərtoğrul Nadir, Rauf Rəhimov, Həsən Xəlilov, Cahangir İman, İsmayıl Sadiq.Turnir çərçivəsində Azərbaycan komandasının üzvləri məşhur futbol ulduzu Roberto Karlosla da görüşüblər. Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2025-ci ilin iyununda bu proqram ölkəmizdə də üçüncü dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb. “Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2026-ci ilin 22-26 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə tutulur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

EY Azərbaycan şirkəti ABB-nin dəstəyi ilə ölkəmizdə 7-ci dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. “EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 30 dekabr 2025-cü ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2026-cı ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, 2026-cı ilin mayında Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB 7-ci dəfədir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son illər ərzində müsabiqədə iştirak etmiş 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı qazanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB sahibkarlığa, innovasiyalara, liderlik ruhuna davamlı dəstək verir. “EY İlin İş Adamı” proqramında ardıcıl olaraq yeddinci dəfə baş sponsor kimi iştirakımız da buna nümunədir. Bu müsabiqə biznes liderlərini öz uğur hekayələri ilə cəmiyyətimizə tanıdır, yeni nəsil sahibkarları ilhamlandırır. Belə faydalı təşəbbüslərlə ölkəmizin biznes ekosisteminə töhfələr verməkdən məmnunuq”. Müsabiqəyə buradan müraciət etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!

2025-ci ilin dekabrında Azərbaycanın görkəmli musiqi xadimi Rəşid Behbudovun anadan olmasının 110 ili tamamlandı. Bu əlamətdar gün münasibətilə ABB-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Rəşid Behbudova həsr olunmuş “Səsin rəngi” sərgisi keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Milli Məclisin deputatları, ölkəmizin görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edib. Sərgidə dünyanın ayrı-ayrı ölkələrindən olan rəssamların Rəşid Behbudova həsr etdikləri sənət əsərləri nümayiş olunub. Sərginin ən maraqlı əsərlərindən biri Rəşid Behbudovun 1992-ci ildə Şuşada itmiş məşhur rəsmidir. Azərbaycanın xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə çəkdiyi “Rəşid Behbudov” tablosu Azərbaycan rəngkarlıq sənətinin incilərindən sayılırdı. Rəsm Rəşid Behbudovun 60 illik yubileyi münasibətilə çəkilmiş, 1982-ci ildə görkəmli sənətkarın ata yurdunda - Şuşada Rəsm Qalereyası açılanda əsər Qalereyaya hədiyyə edilmişdi. Tablo Şuşa Rəsm Qalereyasının daimi ekspozisiyasında təqdim olunurdu. Əfsuslar olsun ki, 1992-ci ildə Şuşanın işğalı zamanı Azərbaycanın bir çox mədəni dəyərləri kimi “Rəşid Behbudov” rəsmi də talan edildi və yoxa çıxdı. Əsərin tapılması üçün aparılan axtarışlar heç bir nəticə vermədi. Bu il unudulmaz sənətkarın 110 illik yubileyi münasibətilə ABB-nin təşəbbüsü əsasında Azərbaycanın əməkdar rəssam Natiq Səfərov “Rəşid Behbudov” əsərini eyni şəkildə yenidən yaradıb. ABB əsəri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Şuşa Rəsm Qalereyasına hədiyyə verəcək. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu, sadəcə yenidən çəkilmiş rəsm əsəri deyil. Yaddaşlardan, arxivlərdən, xatirələrdən toplanaraq yenidən həyata qaytarılmış dəyərdir. İndiki və gələcək nəsillər bu rəsmə tarixi yaddaşımızın canlı nümunəsi kimi baxacaqlar”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Everesti fəth etmiş ilk Azərbaycan alpinisti ABB-nin dəstəyi ilə tarixi səfərinə başladı!

Everesti (8848 metr) fəth etmiş ilk Azərbaycan alpinisti olan İsrafil Aşurlı bu dəfə də 8485 metr hündürlüyündə Makalu zirvəsini fəth etmək üçün Nepala yola düşüb. O, qarşısına çox böyük hədəf qoyub. İsrafil Aşurlı dünyanın ən hündür 14 zirvəsində dövlət bayrağımızı ucaltmaq niyyətindədir. Layihə “Zəfər tacı” devizi ilə həyata keçirilir və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunub. Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB Azərbaycan alpinistinin bu təşəbbüsünə dəstək verir. Sözügedən 14 zirvə bütün dünyada alpinizmlə məşğul olan şəxslərin xəyalıdır. Həmin zirvələr Himalay və Qaraqorum dağ silsilələrində yerləşir və “Dünya tacı” adlanır. Hər birinin hündürlüyü 8 min metrdən yüksəkdir. Bunlar Everest (Nepal, Çin), Çoqori (K2, Pakistan, Çin), Kançencanqa (Nepal, Hindistan), Lxotsze (Nepal, Çin), Makalu (Nepal, Çin), Ço-Oyu (Nepal, Çin), Dxaulaqiri (Nepal), Manaslu (Nepal), Nanqaparbat (Pakistan), Annapurna (Nepal), Qaşerbrum I (Pakistan, Çin), Broud-Pik (Pakistan, Çin), Qaşerbrum II (Pakistan, Çin), Şişabanqma (Çin) zirvələridir. Həmin zirvələrin hamısını fəth etmiş alpinist karyerasının ən böyük nailiyyətini qazanmış sayılır. Onu da qeyd edək ki, tarix boyu bütün dünyada bu zirvələrin hamısına 20 ölkədən cəmi 44 alpinist qalxa bilib. İsrafil Aşurlı isə bu zirvələrdən 5-i artıq fəth edib. Makalu bu sırada 6-ci olacaq. 2025-ci ilə qədər o, bütün zirvələrin fəthini başa çatdırmağa qərarlıdır. Əgər 14 zirvənin hamısını fəth edə bilsə, İsrafil Aşurlı Cənubi Qafqaz regionunda belə bir nailiyyəti qazanmış ilk alpinist kimi adını tarixə yazacaq. Bankın səyahətsevərlər üçün nəzərdə tutulmuş ABB Miles kartı səfərboyu Azərbaycan alpinistinin ödənişlərini asanlaşdırır. Üstəlik, onun nağdsız ödənişlərindən topladığı millər növbəti səfərlərinin daha az xərclə başa gəlməsinəkömək göstərir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!